Teatr sənətimizdə iz qoyanlar: Heydər Şəmsizadə
O, Ağdamda ilk teatr truppası yaradanlardan olub
Ötən əsrin birinci yarısında bölgələrdə xalq
teatrlarının yaradılmasında
bir çox sənətkarlarımız böyük
zəhmətlər çəkib. Ağdamda xalq teatrının
yaradılmasında böyük
xidmətlər göstərmiş
sənətkarlarımızdan biri də Əməkdar
artist Heydər Şəmsizadə
olub.
Heydər
Aslan oğlu Şəmsizadə 1905-ci ildə
Şuşa şəhərində anadan
olub. Orta təhsilini Şuşa
realnı məktəbində
alıb. 15 yaşında
ikən teatra maraq göstərir, Zülfüqar Hacıbəyovun
“Əlli yaşında
cavan” tamaşasında
oynayır. Bununla
da teatra qırılmaz tellərlə
bağlanır...
1923-cü
ildə Ağdamda Əməkdar incəsənət
xadimi Əhməd Ağdamski, Əməkdar
artist Qaflan Muradov və səhnədə
ilk addımlarını atan
Heydər Şəmsizadənin
təşəbbüsü ilə Əbülhəsən
Anaplı adına
teatr truppası yaradılır. Bəzi çətinliklərə baxmayaraq, truppa fəaliyyətə başlayır.
Əbdürrəhim bəy
Haqverdiyevin “Dağılan
tifaq”, Süleyman Sani Axundovun “Laçın yuvası”, Nəriman Nərimanovun
“Nadir şah”, Üzeyir
Hacıbəylinin “Arşın
mal alan”, Hüseyn Cavidin “Şeyda” və Cəfər Cabbarlının
“Aydın” əsərlərini
uğurla tamaşaya qoyurlar. Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin
direktoru Maarif Teymur tədqiqatlarında qeyd edir ki,
bu tamaşaların hazırlanmasında Heydər
Şəmsizadə həm
aktyor, həm də rejissor kimi çox böyük fəaliyyət
göstərib...
Görkəmli səhnə ustaları
Abbas Mirzə Şərifzadə, Ülvi
Rəcəb, Mərziyə
Davudova, Hüseynqulu Sarabski və Sidqi Ruhulla tez-tez
Qarabağda qastrolda olurlar. Həmin vaxtlar Heydər
Şəmsizadə bu
sənətkarlarla yaxın
münasibətlər qurur,
tamaşalarda onlarla tərəf-müqabil olur.
“Od gəlini”ndə Altunbay, “Oqtay Eloğlu”da Şəkinski
və s. obrazları yaradır. O, unudulmaz sənətkar Bülbüllə
“Arşın mal alan” tamaşasında
səhnəyə çıxıb.
Həmin
günləri ömrünün
ən xoş günləri hesab edib. Sonralar xatirələr kitabında
bu haqda belə yazıb: “Bu hadisə 1923-cü ildə
olub. O zaman Bülbül Əsgər,
mən isə Süleyman bəy rolunda oynadıq. Bərk həyəcan keçirirdim... Ancaq tamaşadan sonra
Bülbül əlimi
sıxdı. Məni
təbrik etdi və ən xoş arzularını bildirdi...”
1930-cu illərdə M.Kazımovskinin
hazırladığı kiçik
səhnəciklər çox
məşhur idi. Heydər
Şəmsizadə də
bu görkəmli sənətkarın “Molla Cəbi”, Ə.Haqverdiyevin
“Ağac kölgəsində”
və s. tamaşalarda
aktyor kimi çıxış edir,
həm də ilk rejissorluq addımlarını
atır. 1937-ci ildə Ağdam xalq teatrı dövlət teatrı statusu alır. Heydər Şəmsizadə teatrın
bədii rəhbəri
təyin edilir.
O, teatrın repertuarına
xüsusi diqqət ayırır, aktyorlara qayğı ilə yanaşır. “Vaqif”, “Fərhad və Şirin”, “Həyat”, “Od gəlini”, “Qaçaq Nəbi”, “Qatır Məmməd” və s. romantik-qəhrəmanlıq
pafoslu tamaşalar hazırlayır.
Beləliklə, Heydər Şəmsizadə
teatr sənətinin inkişafında göstərdiyi
xidmətlərə görə
1943-cü ildə Əməkdar
artist adına layiq görülür. Tədqiqatçı Maarif
Teymur yazır ki, Ağdam teatrında onlarca tamaşaya rejissorluq edən H.Şəmsizadə
həm də öz fərdi keyfiyyətləri ilə daima ön sıralarda
olur, ümumittifaq festivallarında iştirak
edir...
Heydər
Şəmsizadə 1948-49-cu illərdə Moskvada Lunaçarski adına
Dövlət Teatr İnstitutunda rejissorluq üzrə təkmilləşdirmə
kursu keçir. Sonra Aşqabadda işləmək
üçün dəvət
alır. Bir müddət
orada rejissor kimi çalışır,
yerli teatr kollektivinin və tamaşaçıların rəğbətini
qazanır. 1960-cı ildə Azərbaycana qayıdaraq fəaliyyətini
Ağdan Dövlət
Dram Teatrında davam etdirir. Yaddaqalan tamaşalar yaradır.
Bəxtiyar Vahabzadənin
“Vicdan”, Səməd Vurğunun “Vaqif”, Əbdürrəhim bəy
Haqverdiyevin “Dağılan
tifaq” əsərlərinə
səhnə həyatı
verir. Sonrakı illərdə Anarın “Şəhərin yay günləri”, Altay Məmmədovun
“Həmyerlilər” və
s. əsərlərə quruluş
verir, maraqlı tamaşalar hazırlayır.
Araşdırmalarda o da göstərilir ki, o, çox səliqəli və diqqətcil bir sənətkar olub. Tamaşa hazırlanarkən
ən xırda təfərrüata belə
diqqət yetirib.
O, deyərmiş: “Səhnə
həm də aktyorun evidir. Səhnəsiz həyatımı təsəvvür edə bilmirəm. Aktyor həyatda, həm də səhnədə zövqlü olmalıdır...”
Görkəmli sənətkar 1978-ci ildə
73 yaşında dünyasını
dəyişib.
Savalan Fərəcov
Mədəniyyət.- 2015.- 7
yanvar.- S. 12.