Daşlardakı izlər tariximizin nişanələridir

 

Arxeoloji qazıntılar zamanı Azərbaycanın bölgələrindən tapılan qədim tarix yadigarları xalqımızın keçmişdəki həyat tərzinin, mədəniyyətinin əyani sübutlarıdır. Astara rayonu ərazisində də müxtəlif tarixi dövrləri əhatə edən arxeoloji, memarlıq və epiqrafik abidələr var.

 

Rayonda epiqrafik abidələrin tədqiqinə 1926-cı ildə İsa Əzimbəyov tərəfindən təşəbbüs göstərilmişdir. 1956-cı ildə bu tədqiqatı görkəmli alim Məşədixanım Nemətova davam etdirmişdir. O, rayonun Maşxan kəndində Soltan Əhmədin və Pensər kəndində Xudavənd Xatunun başdaşları üzərindəki ərəb dilində kitabələri oxumuş, həmin kitabələrin XV əsrə aid olduğu müəyyənləşdirilmişdir. Belə kitabələr rayonun Şüvi, Kolatan və digər kəndlərindəki qədim qəbiristanlıqlarda da müşahidə olunmuşdur.

1965-ci ildə rayon ərazisindəki kurqanların tədqiq olunması burada eradan əvvəl III minillikdə oturaq əkinçi-maldar tayfaların öz dövrünə görə yüksək mədəniyyətə malik olduğunu sübut edir. Həmin dövrə aid Şüvi toppuzu, Lovain dəfinəsi (e. ə. XIV-XIII əsrlər), eyni zamanda Deqədi tapıntıları, Ovala kəndi ərazisindən əldə edilən tunc baltalaribtidai əkinçilik alətləri də bölgənin qədim tarixindən soraq verir.

Sım kəndi ərazisində Rəfənoğ (rəfli mağara), Zəminənoğ (yer mağarası), Yolənoğ (böyük mağara), Dustaqxana, Toradi kəndinin şimalında üçmərtəbəli mağaralarda və onların ətrafında daşlar üzərində müxtəlif cizgilərlə həkk olunmuş rəsmlərə və işarələrə rast gəlinmişdir. Burada həmçinin bir sıra məişət əşyaları, daşdan hazırlanmış kasa formalı qablar tapılmışdır.

Hamoşam kəndindəki çayın sahilində daşdan yonulmuş insan təsviri olan fiqur da diqqəti cəlb edir. Abidənin üzərindəki üç ədəd keçi rəsmi varbu rəsmlər Gəmiqayadan tapılmış keçi təsvirləri ilə oxşardır. Abidənin hər iki qırağında ilan şəkli çəkilmişdir. Güman etmək olar ki, həmin rəsm totemizm dini təsəvvürü ilə bağlıdır.

Sipiyəpard, Pəlikəş və Sım kəndlərinin ərazisindəki dağ çayları üzərindəki qədim dövrlərə aid tağlı körpülər (1956-cı ildə daşqınlar zamanı həmin qədim körpülərin tağ hissəsi dağılmış, yalnız bünövrəsi qalmışdır) qədim karvan yolunun buradan keçdiyini təsdiq edir. Dilmədi kəndinin ətrafındakı qədim qəbiristanlıqlarda daşlara həkk olunmuş müxtəlif işarələr, nizə, ox, kaman, xəncər, əmud və s. rəsmlər xalqımızın qədim hərb sənətindən, təsərrüfat və məişətindən xəbər verən əlamətlərdir. Lələkəpeştə kəndi ərazisindəki Tanqi qaladan üzərində cüyür şəkli həkk olunmuş ornamentli daş, taxıl üyütmək üçün istifadə olunan əl daşı (kirkirə) eradan əvvəlki tariximizin ən qiymətli nümunələrindəndir.

Şindan, Qala-Kafu, Niduz qalaları Əspinə qalası ilə üzbəüz tikilmişdir. Qalaların hər birindən digərini görmək mümkündür. Şindan qalası 100-120 metr hündürlükdə daşdan hörülmüşdür. Qalaya şimal tərəfdən bir yol vardır. Gözətçi və sərkərdə üçün yerlər, qalanın belə bir hündürlükdə olması onun yadelli işğalçılara qarşı müdafiə məqsədilə inşa edildiyini göstərir.

1977-ci ildə Siyakü kəndindən tapılmış üç sikkədən birinin Sasani hökmdarları adından, ikinci sikkənin IX əsrdə Abbasilər sülaləsi dövründə, üçüncünün isə XIII əsrdə Hülakülər hakimiyyəti dövründə zərb olunması müəyyən olunmuşdur. Ləzi kəndində əldə olunan VIII əsrə aid gümüş sikkə, üstü uyğur əlifbası ilə yazılmış Hülakülər dövrünə aid sikkələr də bu qəbildəndir. Ümumiyyətlə, rayon ərazisində VII əsrdən başlanmış Azərbaycanın qədim şəhərləri Təbəristan, Təbriz, Şamaxı və başqa yerlərdə zərb olunan 150-yə yaxın sikkə nümunəsi əldə edilmişdir. Şübhəsiz ki, bunlar da ticarət əlaqələrinin mövcudluğunu göstərən faktlardandır.

Xatırladaq ki, yuxarıda adını çəkdiyimiz yaşayış məntəqələrindən əldə olunan maddi-mədəniyyət nümunələrinin bir çoxu Astara Rayon Tarix-Diyarşünaslıq Muzeyində nümayiş etdirilir. Vaxtilə 100-150 eksponatla fəaliyyətə başlayan muzeydə indi zəngin tariximizdən xəbər verən 7500-dən çox eksponat mühafizə olunur.

 

Kamil Kamilov,

kitabxanaçı-biblioqraf

 

Mədəniyyət.- 2015.- 7 yanvar.- S. 11.