Elektron vizanın tətbiqi turizmin inkişafı üçün
yeni imkanlar
açır
Ölkəmizə gələn xarici turistlərin sayının artırılması, gəlmə turizminin daha da inkişaf etdirilməsi və bu sahədə olan problemlərin həll olunması istiqamətində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mütəmadi olaraq tədbirlər görülür. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2013-cü ilin mart ayından xarici turistlərə elektron turist vizalarının verilməsinə başlanılıb.
Bu sistemin Azərbaycanda tətbiq olunması Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatı (UNWTO) tərəfindən də yüksək qiymətləndirilib. Təşkilatın baş katibi Taleb Rifai bildirib ki, yeni sistemin tətbiqi Azərbaycana beynəlxalq turist axınını artırmaqla, bütövlükdə ölkənin turizm sektorunun daha da inkişafına gətirib çıxaracaq.
Ölkəmizdə elektron turist vizasının tətbiqi Mədəniyyət və Turizm Nazirliyindən turizm fəaliyyətinə lisenziya almış şirkətlərin gəlmə turizm növünə marağını artırıb. Hazırda elektron turist vizasının verilməsi ilə bağlı nazirlik tərəfindən 55 turizm şirkəti akkreditasiyadan keçib.
2013-cü il ərzində
turizm şirkətləri tərəfindən
elektron turist vizası
vasitəsilə ölkəmizə gələn xarici qonaqların sayı 6147 nəfər təşkil
edib. 2014-cü ilin I
yarımillik məlumatlarına əsasən bu
rəqəm 11933 nəfər olub. Sistemin yeni olduğunu
nəzərə alaraq demək olar ki, elektron
turist vizası alan xarici turistlərin sayı getdikcə daha da artacaq.
Mədəniyyət.- 2015.- 7
yanvar.- S. 4.