Folklor xəzinəsində hər
xalqın öz payı var
Balakənin folklor kollektivləri
festivallarda uğurla iştirak ediblər
Balakən Azərbaycanın etnik baxımdan ən zəngin bölgələrindən
biridir. Rayonda 27 xalqın nümayəndəsi
yaşayır. Milli irsin
qorunub saxlanmasında və inkişaf etdirilməsində hər
bir millətin adət-ənənələrinə önəm verilir, keçirilən mədəniyyət
tədbirlərində milli
azlıqların kollektivləri
fəal iştirak edirlər. Avarların
Qaysa kənd mədəniyyət evində
“Cahan” folklor ansamblı, Şambul kənd mədəniyyət
evində “Qızlar” rəqs qrupu, Mahamalar kənd mədəniyyət evində
“Təbəssüm” rəqs
qrupu, ingiloylar yaşayan İtitala kənd mədəniyyət
evində “Şəlalə”
rəqs studiyası fəaliyyət göstərir.
Bölgənin folklor və sənət irsində ikisimli tambur alətinin öz yeri var. Qədim zamanlardan tambur el şənliklərinin, toy məclislərinin,
məhsul bayramlarının
bəzəyi olub. Tamburu həm
kişilər, həm
də qadınlar ifa edərək haylalar (bayatılar) söyləyib, rəqslər
ifa ediblər. Bu adət rayonun
Mahamalar, Tülü, Talalar, Qabaqçöl kəndində xüsusilə
geniş yayılıb.
Keçən əsrin 30-cu illərindən
balakənli söz ustası, Azərbaycan aşıqlarının I qurultayının
iştirakçısı aşıq
Sənəmin haylaları
hələ də dillərdə əzbərdir,
onun şərəfinə
“Sənəm” hayla qrupu yaradılıb.
Rayonun folklor kollektivləri respublika və beynəlxalq festivallarda uğurla iştirak edirlər. 2014-cü il
23-25 iyun tarixində Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Doğma diyar” Milli Azlıqların IV Respublika Festivalında Balakən təmsilçiləri
də rəngarəng
çıxışları ilə yadda qaldılar. Festivalın Azərbaycan Dövlət
Musiqili Teatrında keçirilən bağlanış
mərasimində çıxış
edən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, ölkəmizdəki etnik müxtəliflik Azərbaycanın milli-mənəvi
zənginliyidir. Folklor xəzinəmizdə
də hər xalqın öz payı var. Xalqımızın
ümummilli lideri Heydər Əliyevin qeyd etdiyi kimi,
çoxmillətlilik bizim
sərvətimizdir. Bu cür festivallar da həmin zənginliyin
göstəricisidir.
İyunun 13-dən 15-dək
Masallıda rayon İcra
Hakimiyyətinin təşkilatçılığı,
Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə keçirilən ənənəvi
beynəlxalq folklor festivalının iştirakçıları
arasında da Balakən təmsilçiləri
vardı. Onlar Astara, Ağcabədi və Masallı rayonlarının folklor kollektivləri ilə birlikdə Azərbaycanın
zəngin folklor irsini nümayiş etdirdilər.
Mayın 2-dən 8-dək
Moldova Respublikasının Qaqauz
Yeri muxtar bölgəsinin Komrat şəhərində “Xədərləz”
beynəlxalq folklor festivalında da Azərbaycanı Balakən
rayonunun folklor kollektivi təmsil edib. Beynəlxalq folklor bayramında
kollektivin təqdim etdiyi musiqi və
rəqs nümunələri
maraqla qarşılanıb.
Balakən təmsilçilərinin çıxışları bölgənin
folklor özəllikləri
ilə yanaşı, ümumilikdə Azərbaycanın
zəngin xalq yaradıcılığı irsinin
təbliği və tanıdılmasına töhfə
olub.
Mədəniyyət.- 2014.- 26 dekabr.- S. 10.