Balakənin söz sənəti

 

Folklor paytaxtı” ilində bölgənin xalq yaradıcılığının, söz sənəti irsinin öyrənilməsinə və təbliğinə xidmət edən bir sıra tədbirlər təşkil olunub. May ayında Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin və rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə “Folklorumuz və milli-mədəni dəyərlərimiz” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada Balakən rayonunun zəngin folklor ənənələrindən söz açılıb.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə AMEA-nın Folklor İnstitutunun direktoru Muxtar İmanov və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Vilayət İsmayılov çıxış edərək ölkəmizdə milli-mədəni dəyərlərin qorunub saxlanılması istiqamətində görülən işlər barədə danışıblar. “Ənənəvi mədəniyyətimizin çağdaş paytaxtları: Balakən folklorunun təbii-sosial və tarixi qaynaqları”, “Mədəni irsin qorunması və təbliğində muzeylərin rolu”, “Balakənin söz sənəti” mövzularında məruzələr dinlənilib və mövzu ətrafında çıxışlar olub.

Balakən folklorunun araşdırılması və təbliğində fəal iştirakına görə bir qrup rayon ziyalısı və mədəniyyət işçisinə Elmi-Metodiki Mərkəzin fəxri fərmanları təqdim olunub. Tədbir rayonun folklor kollektivlərinin konsert proqramı ilə başa çatıb.

 

Mədəniyyət.- 2014.- 26 dekabr.- S. 10.