“Gecə-gündüz
dərya kimi çağlaram...”
Türkmən aşıq-şairi Molla Nəfəs milli ruhlu şeirləri ilə məşhur olub
XIX əsr
türkmən aşıq ədəbiyyatının görkəmli
nümayəndələrindən biri Molla Nəfəs olub. Onun bir-birindən gözəl qoşma,
gəraylı və müxəmməsləri, ictimai-siyasi
məzmunlu şeirləri türkmən xalqının zövqünü oxşayıb, gənc nəslin
milli ruhda tərbiyə
olunmasında böyük rol
oynayıb.
Molla Nəfəs (Tanrıverdi) 1810-cu ildə Türkmənistanın Mərv şəhərində sərrac ailəsində dünyaya göz açıb. Buradakı molla məktəbində təhsil aldıqdan sonra dövrün məşhur təhsil ocaqlarının yerləşdiyi, mədəniyyət yadigarları ilə zəngin olan Buxara və Xivə şəhərlərində oxumağa gedir. Bu şəhərlərdəki mədrəsələrdə tanınmış alimlərdən dərs alır. Türk, ərəb və fars dillərini öyrənir. Eyni zamanda mədrəsələrdə tədris olunan dünyəvi elmləri mənimsəyir. Şərq poeziyasının Nizami Gəncəvi, Xoca Əhməd Yəsəvi, İmadəddin Nəsimi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Sədi Şirazi, Əbdürrəhman Cami kimi görkəmli nümayəndələrinin əsərlərinə dərindən bələd olur.
Folklorşünas alim Əli Şamil araşdırmasında yazır ki, Molla Nəfəs gəncliyində Durduxal adlı bir qıza aşiq olur. Lakin sevgisinə qovuşa bilmir. Bu nakam məhəbbət şair qəlbində kədərli duyğular oyadır. İllər keçsə də, o, ilk sevdasını unuda bilmir, ömrü boyu onu anır və həsrəti ilə şeirlər qələmə alır. Şair bir şeirində sevdiyi qızı xatırlayaraq belə deyir:
Tiği-peykanından bağrım dəlindi,
Razıyam, öldürüb canım
al indi.
Qara zülfün üzdə yüz-yüz bölündü,
Hər zülfün üzündə
yüz para könlüm!..
Nəfəs deyər, yara belim bağlaram,
Gecə-gündüz dərya kimi çağlaram,
Ta ölüncə Durduxal der ağlaram,
Gözlərimdən axar iki çay
indi.
Molla Nəfəs
aşıq və el şairi kimi Türküstanı və
Qafqazı gəzərək
şənliklərdə yaxından
iştirak edib, toylar, məclislər aparıb. Onun əsərlərində Herat, Həmədan,
İsfahan, Xorasan,
Tehran, Qəzvin, Şam,
Bağdad şəhərlərinin,
eləcə də Misir, Rum, Firəng və s. ölkələrin
adları çəkilir.
Azərbaycanda da olduğunu nişan
verən şair yazır:
Təvriz
diyarında olmuşam
səyyad,
Həzirbaycan şəhrin gəzdim adbaad.
Əli Şamil
qeyd edir ki, bu gün
də Türküstanın
bəzi bölgələrində
Azərbaycana “Həzirbaycan”
deyilir.
Molla Nəfəs
lirik şair olub. Şeirlərini sadə, anlaşıqlı
bir dildə yazan şairin məhəbbət dolu misraları dağ şəlaləsi kimi çağlayır. Yerli-yerində işlədilən epitet və bənzətmələr
lirik qəhrəmanın
daxili təlatümünün
ifadəsi baxımından
diqqətəlayiq örnəklərdir.
Xüsusilə müəllifin
gəraylı, qoşma
və müxəmməsləri
öz coşqunluğu
ilə insanı öz sehrində saxlayır:
Dilbər,
yazım vəsfini,
Yandım ki fərağından.
Mən təşnəni yandırma,
Busə ver dodağından.
Şairin məhəbbət şeirləri
məzmun və formaca bir-birindən fərqlənir. Bu baxımdan müəllifin “Bu məkana
gəlmişəm” adlı
poeması xarakterik örnəkdir:
Çəkdi sünbül saçların
nazlı dilbər üzündən,
Gün tutulub, bu aləm
şölə aldı
gözündən,
Mövlam
taqət gətirməz,
getdi şol dəm özündən,
Dedi yarım: “Həqq aşiq dönə bilməz sözündən”.
Molla Nəfəs
həm də millətə, vətənə
bağlı bir qələm əhli olub. Onun vətənpərvərlik ruhunda yazdığı şeirləri bu gün də dillər əzbəridir.
Şairin zəngin yaradıcılığında
“Zöhrə-Tahir” dastanı
xüsusi yer tutur. Əsər müəllif tərəfindən
tamamilə yeni bir üslubda qələmə alınıb.
Dastan türkmən həyatının,
milli ruhunun, mədəniyyətinin və
etnoqrafiyasının bütün
çalarlarını özündə
yaşadır.
XIX yüzilliyin ikinci
yarısında çarizmin
işğalçılıq siyasəti Türküstana
da gedib çatır. Dövrünə görə müasir
silahlarla təchiz olunan çar ordusu ilə döyüşlərdə pərakəndə
dəstələr şəklində
vuruşan türkmən
vətənpərvərləri məğlub olurlar. Molla Nəfəs şeirləri
ilə elin cəsur övladlarını
vətənin müdafiəsinə
qalxmağa ruhlandırmaqla
kifayətlənmir, özü
də döyüşlərdə
iştirak edir.
O, vətənin müdafiəsinə
qalxan türkmən igidlərinin cəsurluğunu,
rəşadətini ruh
çoşqunluğu ilə
tərənnüm edir.
Şairin Qaraoğlan,
Qacarbay, Mir Məmməd
xan və digər adlı-sanlı türkmən igidlərinin
qəhrəmanlığına həsr olunmuş 20-dən
artıq şeiri var. Onun milləti birliyə, həmrəyliyə
səsləyən qoşmaları
qadağa və təqiblərə baxmayaraq,
xalq arasında geniş yayılır. 52 yaşlı şair
qızğın döyüşlərin
birində ağır
yaralanır və aldığı yaradan bir müddət sonra dünyasını dəyişir.
Onu da deyək ki, Molla Nəfəsin əsərlərinin böyük
əksəriyyəti günümüzədək
gəlib çatmayıb. Xüsusilə ötən əsrin 30-cu illərində, bir çox türk respublikalarında olduğu
kimi, Türkmənistanda
da milli-mədəni irsə ağır zərbə vurulur. Molla Nəfəsin də əsərlərinin toplanması,
oxunması və nəşrinə qadağa
qoyulur. Ancaq şairin vətəni
müstəqillik əldə
etdikdən sonra onun da ədəbi
irsinə diqqət göstərilir. 2009-cu ildə Türkmənistanın
“Miras” Milli Mədəniyyət Mərkəzi
tərəfindən şairin
“Zöhrə-Tahir” dastanı
nəfis şəkildə
nəşr edilib.
2010-cu ildə isə Molla Nəfəsin 200 illiyi böyük təntənə
ilə qeyd olunub.
Savalan Fərəcov
Mədəniyyət.- 2015.- 9 yanvar.-
S. 15.