Britaniya Şurası Azərbaycan Tərcümə
Mərkəzinə kömək edəcək
“Ümid edirəm ki, ölkələrimiz arasında mədəni, ədəbi sahədə əməkdaşlıq davamlı olacaq”
Yanvarın 7-də Böyük Britaniyanın ölkəmizdəki səfiri İrfan Siddiq Azərbaycan Tərcümə Mərkəzində olub. Mərkəzin direktoru Afaq Məsud qonağı salamlayaraq, qurumun tarixi, fəaliyyət istiqamətləri, perspektivləri barədə danışıb, dünya ədəbiyyatından yüzlərlə əsərin tərcümə və nəşrinin həyata keçirildiyini diqqətə çatdırıb.
Mərkəzin direktoru 2015-ci ildə Britaniya ədəbiyyatından tərcümə və nəşr planları barədə, eləcə də Azərbaycan dilinin xarici ölkələrdə tədrisinin vacibliyindən söz açıb: “Biz dünya ədəbi fikrini Azərbaycan oxucusuna çatdırmaqla yanaşı, Azərbaycan ədəbiyyatının, onun tarixinin, elmi-fəlsəfi fikrinin dünyada təbliğinə çalışırıq. Bu istiqamətdə nəzərdə tutulan mühüm əhəmiyyətli işlərdən biri də Azərbaycan dilinin xarici ölkələrin təhsil ocaqlarında tədrisinin təşkilidir”.
Mərkəzin ingilis ədəbiyyatından tərcümə və nəşr etdiyi kitabların kataloqu ilə tanış olduğunu deyən səfir İ.Siddiq bu qədər əsərin Azərbaycan dilinə çevrilməsinin təqdirəlayiq hadisə olduğunu vurğulayıb: “Xüsusən, tərcümə olunan ədəbiyyatların və müəlliflərin seçimi diqqətimi cəlb etdi. Olduqca görkəmli müəlliflərin əsərlərini dilinizə çevirmisiniz”.
Diplomat Böyük
Britaniya səfirliyinin Mərkəzlə əməkdaşlığı
məsələsinə də toxunub:
“Hazırda Kembric və Oksford
universitetlərində Azərbaycan dilinin
tədrisi ilə bağlı müəyyən hazırlıq
işləri gedir və biz
Tərcümə Mərkəzinin də bu
sahədə öz töhfəsini verəcəyinə
ümid edirik. Britaniya
Şurasının (British Council)
Bakıdakı nümayəndəliyi də Böyük
Britaniya nəşriyyatları və
müəllifləri ilə əlaqə qurmaqda,
həmçinin təhsillə bağlı layihələrinizdə
Mərkəzə yaxından kömək edəcək. Ümid edirəm ki,
ölkələrimiz arasında mədəni, ədəbi
mübadilə, təhsil sahəsində əməkdaşlığımız
davamlı olacaq”.
Mədəniyyət.- 2015.- 9
yanvar.- S. 11.