Məqsədimiz
turizmlə bağlı bütün xidmət
sahələrinin inkişafına nail
olmaqdır
“Avropa
Oyunları zamanı Azərbaycana 15-20 min turist
gələcək”
Mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev day.az saytına
müsahibə verib. Nazir müsahibədə
Azərbaycanın turizm
sektorunda mövcud olan problemlər və onların həlli yolları, kadr hazırlığı,
turizm statistikasının
qaydaları, elektron vizanın üstünlükləri
və s. barədə
ətraflı danışıb.
Bu il Azərbaycana
gələn turistlərin
sayı 3 milyonu ötəcək
Nazir bildirib ki, kadr çatışmazlığı
Azərbaycan turizminin əsas problemlərindən
biridir və bu istiqamətdə ardıcıl tədbirlər
görülür. Ötən
ilin sonunda Azərbaycanda turizm sahəsi üzrə kadr hazırlayan yeganə ali
məktəb olan Turizm İnstitutunun bazasında ölkə Prezidentinin sərəncamı
ilə Turizm və Menecment Universiteti yaradıldı:
«Universitet daha geniş təhsil verən ali təhsil müəssisəsidir.
Onun işi yalnız turizm sahəsi ilə bağlı kadr hazırlamaqdan ibarət olmayacaq. Turizm yeni universitetin
aparıcı qolu olacaq, eyni zamanda
idarəetmənin başqa
sahələrinə də
kadr hazırlığı
ilə bağlı bu ali təhsil ocağının
üzərinə vəzifələr
düşür. Turizmin inkişafı
və kadr hazırlığı təkcə
qonaqpərvərlik biznesi
və turizm xidmətləri ilə məhdudlaşmır. Turizm geniş
anlayışdır. Bu sahə xidmətin bütün sahələri
ilə əlaqədardır
və bizim də əsas məqsədimiz Azərbaycanda
turizmlə bağlı
bütün xidmət
sahələrinin inkişafına
nail olmaqdır».
Turizm statistikasının
hazırlanmasından danışan
Əbülfəs Qarayev
bildirib ki, Dünya Turizm Təşkilatı ekspertlərinin
qənaətinə görə,
sərhədi keçib
ölkəyə daxil
olan xarici ölkə vətəndaşlarının
hər biri turist hesab olunur. Çünki
o, qaldığı yer,
yemək və s. üçün pul xərcləyir. Nazirin sözlərinə görə,
son illər ərzində
Azərbaycana gələn
turistlərin sayı əhəmiyyətli dərəcədə
artıb: «2001-ci ildə
ölkəmizə gələn
turistlərin sayı cəmi 420 min nəfər
idi. 2005-2006-cı illərdə bu göstərici böyük
sürətlə artdı
və turistlərin sayında 40 faiz artım müşahidə
olundu. Azərbaycan
son illər böyük
miqyaslı beynəlxalq
tədbirlərə ev sahibliyi edir. Bu üzdən
ölkəmizə gələn
xarici ölkə vətəndaşlarının sayı da artır.
Ötən il Azərbaycana gələn turistlərin sayı 2,5 milyon nəfərə
yaxın olub. Əminəm
ki, bu il
bu say 3 milyonu ötəcək».
3 ulduzlu hotellərin və hostellərin sayının artırılmasına
ehtiyac var
Nazir qeyd edib ki,
əvvəlki illərlə
müqayisədə 2014-cü ildə Rusiya, Türkiyə, İran və Gürcüstandan ölkəmizə gələn
turistlərin sayında
azalma müşahidə
olunsa da, əvəzində Qərbi
Avropa, Asiya ölkələrindən və
Amerikadan daha çox gələnlər
olub. Rusiyada baş verən iqtisadi böhran səbəbindən, İranda
və digər ölkələrdə də
öz daxili problemlərinə görə
ümumilikdə xaricə
turist səfərləri
azalıb: “Yəni bizdən asılı olmayan səbəblərdən
bu ölkələrdən
gələnlərin sayında
azalma olub».
Azərbaycanda ildə 25-30 hotelin istifadəyə verildiyini deyən Əbülfəs
Qarayev yerləşdirmə
yeri problemi olmadığını bildirib. Bununla bərabər, nazirin fikrincə, ölkədə
3 ulduzlu hotellərin və hostellərin sayının artırılmasına
ehtiyac var: «Bəzi sahibkarlar belə düşünürlər
ki, hotel üçün
qoyduqları vəsaiti
tezliklə çıxara
bilərlər. O baxımdan
da 4 və 5 ulduzlu hotellər tikməyə üstünlük
verirlər. Amma gələn turistlərin imkanlarını heç kim bilə
bilməz. Hazırda Azərbaycanda cəmi
2 hostel var. Amma gələcəkdə
ölkəmizdə müxtəlif
sahələrlə bağlı
tədbirlərin sayını
artırdıqca hostellərin
də sayı artacaq. Bu gün
Azərbaycan dünyada
inkişaf edən, zəngin ölkə kimi tanınır. Buna görə də
xarici turistlər bizdə istirahətin baha başa gələcəyini düşünürlər.
Əslində isə az büdcəsi
olan turistlər üçün bizdə istirahət elə də baha deyil.
Onu da deyim ki,
biz artıq bu istiqamətdə təbliğatımızı
qurmuşuq, Azərbaycanın
turizm baxımından
bahalı olmadığını
təbliğ edirik».
Ərəb turistləri ölkəmizə
cəlb etmək üçün təbliğat
gücləndirilib
Nazir bu il keçiriləcək Avropa
Oyunları ilə bağlı ölkəmizə
15-20 min nəfər turistin
gələcəyini proqnozlaşdırdığını
da deyib. Qeyd edib ki, Rusiya
və MDB ölkələri
hər zaman turist cəlb etmək üçün mühüm bazar kimi Azərbaycan turizm sənayesi nümayəndələrinin diqqətində
olub. Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən
bu ölkələrdə
Azərbaycan turizminin təbliğatı həyata
keçirilir. Ötən
il hətta
Moskvada nazirliyin nümayəndəliyi fəaliyyətə
başlayıb.
Bununla yanaşı, nazir ərəb ölkələrindən
turistləri Azərbaycana
cəlb etməyin vacibliyindən bəhs edib: «Onlar turizm
məqsədilə böyük
pullar xərcləyirlər.
Ərəb turistlər Azərbaycan
haqqında, ölkəmizin
turizm imkanları barədə məlumatları
olmadığından Malayziya
kimi ölkələrə
üz tuturlar. Biz onların bu
düşüncələrini dəyişməyə başlamışıq.
Hazırda Dubayda bütün
ərəb ölkələrini
əhatə edən təmsilçiliyimiz var. Biz bütün
turizm sərgilərində
iştirak edirik.
Düşünürəm ki, bu istiqamətdə düzgün
fəaliyyət qurmuşuq.
Əsas odur ki, Azərbaycanın
turizm şirkətləri
artıq turistlərə
elektron viza verilməsində iştirak
edirlər. Azərbaycana gəlmək istəyən
xarici turist evindən internet vasitəsilə
müraciət edərək
viza ala bilir. Bu işlə 50-yə yaxın turizm şirkəti məşğul
olur. Gələcəkdə vizanın alınması
müddətini 5 gündən
3 günə endirməyi
planlaşdırırıq».
Nazir Azərbaycanda
turizmin mövsümiliyinin
aradan qaldırılması
istiqamətində də
işlər görüldüyünü
diqqətə çatdırıb. Bu baxımdan «Şahdağ» Turizm Kompleksinin fəaliyyətinə toxunan
Əbülfəs Qarayev
bildirib ki, burada turistlərə qış mövsümündə
istirahət üçün
hər cür şərait yaradılıb.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2015.- 9
yanvar.- S. 9.