Nadir ola
bilməyən şahın
faciəsi
Tarixi yazmaq, yoxsa onu yaratmaq? Əslində
hər ikisi müşkül, şərəfli
və məsuliyyətlidir.
Əgər hər ikisinin
- yaradanla yazanın əsas qayəsi xalq olsa, tarixi
yazan tarixi yaradan simaya nə yuxarıdan, nə da itaətkarcasına
baxar. Çünki
hər kəsin - cahil və ya
alim, qəhrəman və qorxaq kimi min halətə düşmək, etdiyi səhvin cəzasını
çəkmək məqamı
var...
Dekabrın 24-də Akademik Milli Dram Teatrında yazıçı-publisist
Yunus Oğuzun eyniadlı əsəri əsasında hazırlanmış
“Nadir şah” tamaşasının
premyerası keçirildi. Tamaşada Əfşarların
dünya tarixinə verdiyi Nadir şah tam başqa məziyyətləri
ilə, bir insanın dramatizmində açılır. Daha doğrusu,
onun daim içində boğuşub
sonunda məğlub olduğu insanla dueli özünün mücərrəd səhnə
həllində təsirini
göstərə bildi.
Mövzuya yanaşmadan rejissor
yozumundakı təzadlı
məqamlaradək yeni
bir Nadir şah görə bildik.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşanın
quruluşçu rejissoru
Gümrah Ömər,
rejissoru Əməkdar
artist Vidadi Həsənov,
quruluşçu rəssamı
İlham Elxanoğlu, bəstəkarı Əməkdar
incəsənət xadimi
Sərdar Fərəcov,
işıq üzrə
rəssamı Rafael Həsənov,
rejissor assistenti Ceyran Həsənovadır.
Döyüş səhnələrinə Əməkdar artist Pərviz
Məmmədrzayev, rəqslərə
Lalə Hacıyeva quruluş verib.
Tamaşada tarixi simaya yanaşma bir az fərqli
olsa da, mahiyyət eyni idi - Nadir şahın şəxsindəki detalları
açmaq və beləcə onun qüsurlarına tarixin süzgəcindən keçməklə
haqq qazandırmaq. Deməli, tarixin bağışlamadığı Nadir şahı, onun bir çox məqamları ilə müzakirə və mühakimə olunan hökmranlıq dövrünə
daha bir vizual yanaşmanı gördük: Nadir şah personaj olaraq maraqlı və daim diri görünəcək
qədər həyəcanvericidir.
Fikrimcə, Yunus Oğuzun
“Nadir şah”ı daha
səmimidir, anlaşılandır
və həm də ittiham olunacaq tipajdır. İkihissəli dramatik xronika vasitəsilə biz bu həqiqətlə bir daha tanış olduq.
Rejissorun
dramatik xronika kimi müəyyənləşdirdiyi
və buna rəğmən ağır
vurğulardan uzaq tuta bilmədiyi tamaşada qəhrəmanın
keçmişi, yaşamı,
münasibətləri, tarixi
proseslər fonunda məsələlərə münasibətindəki
uyarsızlıq öz
əksini tapsa da, Nadirin şahlıq
dövrü əsas başlanğıc nöqtəsi
kimi götürüldüyündən
tamaşaçı şəxsiyyətin
fonunda dəyişən
tarixi prosesləri izləmiş oldu. Rejissor bir qədər tarixi-xronoloji, bir qədər də tərənnümçüsü olduğu psixosof poetikasından çıxış
edərək özünəməxsus
şəkildə obrazların
daha çox daxili aləminə varmaqla tamaşaçıya
onların psixologizmini
və ruh halını göstərməyə
çalışmışdı. Bu
mənada onun istəyinə tam nail olduğunu demək çətin olsa da, hər halda
müəyyən ştamplaşmış
aktyor oyunundan qaçışlar maraq doğurur.
Bir qədər
də rejissorun Nadir şahı fərqli təqdimat cəhdinə yönələk. O daha çox şahın nəhəngliyi, qüdrəti
fonunda onun əxlaqi dəyərlərini,
səmimiyyətini, həssaslığını,
verdiyi qərarlara münasibətdə özünə
qarşı daxili mühakiməsini də unutmamış, onu bizə məhz bu kontekstdə təqdim etməyə çalışmışdı. Bu nüans aktyorların,
Nadirin tərəf-müqabillərinin
də oyununa sirayət etdiyindən ümumilikdə səmimi ab-hava yaratmışdı.
Buna müsbət təsir
edən məqamlardan biri - aktyorların səhnə maneralarını
asanlaşdıran tərtibat
və mizanlar da xüsusi qeyd olunmalıdır. Məsələn,
səhnədə qurulmuş
konstruksiya (quruluşçu
rəssam İlham Elxanoğlu) bir neçə funksiyanı yerinə yetirdiyindən tamaşaçı tarixi proseslər fonunda əslində müəyyən
detalların dəyişkənliyi
ilə dövrün sarayları, onların əyanları, geyim tərzi və ümumi komponentləri ilə tanış
olurdusa, aktyor da əlavə səhnə yükündən
azad olmaq imkanı qazanırdı. Bu, təqdirəlayiq haldır. Çünki detalçılıq və ümumi fonu ağırlaşdıran
elementlər tamaşaçının
diqqətini dağıtmaqdan
başqa işə yaramır. Rəssamın verdiyi tərtibat
rejissorun qəhrəmanında
göstərməyə çalışdığı
qayəyə - onun taxta gedən yolundan tərki-dünyalıq
ştrixlərinədək (Nadirin özünü mühakimə və xəyal aləminə səyahətinə irəli
sıçrayışlarındakı pilləli konstruksiya baxımlı idi) harmoniyaya nail olunmuşdu.
Aktyor oyununa gəlincə, Xalq artisti Ramiz
Novruzun Nadir şahı
təmkinli, soyuqqanlı
görsənməyə çalışsa
da, daxilən fırtınalarla didişən,
hakimiyyət yükünün
ağırlığını hiss edən və bunların fonunda həm də emosiyaları ilə çarpışan şahdır.
Onun ifasında biz taxta çıxmağa məcbur
edilmiş və taxt-tacın təsiri ilə dəyişməyə
məhkum bir insanı görürük.
Yəni, əslində
döyüşçü ruhundakı sadə cəngavər siyasət meydanına atıldıqda
belə onun çirkabından, qonşu
dövlətlərin məkrli
əyanlarının təkliflərindən,
eləcə də ətrafındakı, oğlu
da daxil olmaqla taxtına göz dikən “məlun” dediyi kəslərin fitnə-fəsadından
arınmaq üçün
özünü mübarizəyə
həsr edən acınacaqlı bir hökmdardır. Buna görə də o, daim iztirablar içindədir. Verdiyi qərarlar,
atdığı addımlar
artıq yanlış-doğru
mühakiməsindədir. Oğlu Rzaqulunun və hətta sui-qəsdçinin
gözlərini çıxartdırarkən
aktyorun gözlərindəki
iztirab, çıxardığı
hökmə görə
sonradan faciəsinə
yol açacaq ətrafına münasibəti
oyunun səmimiyyətini
və inandırıcılığını
gözlər önünə
sərdi. Ramiz Novruzun
aktyor portretində heç bir zaman gizlənə bilməyən çılğın
səmimiyyət, belə
demək mümkünsə,
dəliqanlılığı onu Nadir şahın sadəliyinə daha da yaxınlaşdırır,
həmçinin quldurluqdan
taxta ucalan insanın dünənindən
qopma mümkünsüzlüyünü
izah edirdi.
Şahzadə Rzaqulunu canlandıran Hikmət Rəhimova gəlincə, o, yenə uğurlu oyununda idi. Tipaj olaraq içinə
qapanıq, verdiyi qərarların məsuliyyətini
dərk etməyən
ambisiyasız qəhrəman
bu dəfə də aktyor oyununa yata bilmişdi.
Onun oyun üslubunda Rzaqulu hiyləgər, soyuqqanlı, ovunu tələyə salmağa
tələsən və
həm də səhvlərinin qurbanı
olan birini görürük. O həm
də qəddardır.
Hakimiyyət üçün arvadı Fatimə Soltan bəyimi (Könül Cəfərzadə),
onun qardaşı Təhmasibi və uşaqlarını öldürən
Rzaqulu atasına -
Nadir şaha da sui-qəsddən çəkinməyəcək
qədər amansızdır.
Lakin sui-qəsdçinin ələ
keçməsi və
tanınması nəticəsində
Rzaqulu ifşa olunur və gözləri çıxarılır.
Bundan sonra isə o, yazıq bir qurbana çevrilərək
öz faciəsində
çırpınır.
Bir məqamı
vurğulamaq istərdim. Rejissor daha
çox işlədiyi,
oyununa bələd olduğu aktyorlara üstünlük versə
də (bir aktyorun bir neçə
obrazı canlandırması
buna əyani sübutdur), bu o qədər də effektli alınmayıb.
Əlbəttə, tarixi-xronoloji tamaşalarda
belə hallara təsadüf olunur. Məsələn, bəzi aktyorlar
müxtəlif rollarda
eyni səs tonu ilə danışır,
oxşar maneralar edir və hətta
eyni oyun tərzindən qaça bilmirlər. Yəni dəyişən
sanki qəhrəman-personajlar
deyil, sadəcə qrim və geyimdir.
Elə götürək
istedadına şübhə
olmayan Əməkdar
artist Vidadi Həsənovun
oynadığı obrazları. Tamaşada
I Mahmud, Moğol şahı
Məhəmməd Şahın
vəziri Səadət
xan, Əmir Teymur və Əbül Feyz rollarında çıxış
edən aktyorun ifa çətinliklərini.
O, istəsə də,
bəzən qəhrəmanları
arasındakı gəzişmələrdə
eyniyyətdən yayına
bilmirdi.
Tamaşada hakim atalıq, münəccim,
Leyli Əbdül Əfəndi və Rusiya elçisi Qolitsın rollarını
ifa edən Əməkdar artist İlham
Hüseynov isə müxtəlif xarakterlərə
daxil ola
bilməyərək sadəcə
stabil oyun tərzini saxlamağı bacardı. Nizamül-mülk, Təhmasib xan
Cəlayir və Qızlar ağanı canlandıran Əməkdar
artist Elşən Rüstəmovun
oyunu isə səmimi idi. Onun Təhmasib xanı soyuqqanlı, Nizamül-mülkü
sülh, əmin-amanlıq
yolunda çalışan
bir qəhrəmandır.
Moğol hökmdarı
Məhəmməd şahı
canlandıran Oqtay Mehdiyev isə əhli-kef qəhrəmanını
bir az
sönük, süni,
xüsusən əyyaş
hökmdar ruhuna səthi baxışla təqdim edə bildi.
Tamaşada az-az gördüyümüz
gənclərin də
ifası baxımlı
idi. Bu mənada Şamil İbrahimov (Nəsrullah), Elgün Həmidov (Dauran xan), Vüqar Hacıyev (Məhəmmədxan
Türkman, Miyanqala sərkərdəsi), Könül
Cəfərzadə (Fatimə
Soltan bəyim) tamaşaçının yadında
qala bildilər.
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2015.- 9
yanvar.- S. 6.