Özbəkistan
saytında Zeynəb Xanlarova haqqında məqalə
Özbəkistanın kultura.uz saytında SSRİ Xalq artisti Zeynəb Xanlarova haqqında geniş material verilib. Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə yazılan məqalədə deyilir ki, Azərbaycanın, Özbəkistanın və keçmiş SSRİ-nin Xalq artisti Zeynəb Xanlarovanı dünyanın bir çox ölkələrində alqışlayıblar və bu Azərbaycan musiqisinin uğurudur. Onun möhtəşəm konsertləri, cazibəli səsi, səhnə mədəniyyəti Özbəkistanda hələ də yaddaşlarda qalır.
Yazıda Zeynəb Xanlarovanın gənclik illərindən, mahnı yaradıcılığından söz açılır. Vurğulanır ki, yaradıcılığında muğam və xalq mahnıları əsas yer tutan sənətkar bəstəkar mahnılarına da müraciət edərək, Tofiq Quliyev, Arif Məlikov, Fikrət Əmirov, Qara Qarayev, Emin Sabitoğlu, Ələkbər Tağıyev və digər bəstəkarların mahnılarını həvəslə ifa edib.
Müğənninin opera yaradıcılığı barədə
məlumat verən müəllif yazır ki,
o, böyük Azərbaycan
bəstəkarı Üzeyir Hacıbəylinin
“Leyli və Məcnun”, “Əsli və Kərəm”,
Müslüm Maqomayevin
“Şah İsmayıl”, Şəfiqə
Axundovanın “Gəlin qayası” və digər operalarda baş rollarda oynayıb.
Mədəniyyət.- 2015.- 9
yanvar.- S. 5.