Özbəkistan saytında Naxçıvan kəhrizləri haqqında məqalə

 

Özbəkistanın silkway.uz portalı oxuculara “Naxçıvan kəhrizləri Azərbaycanın milli sərvətidir” adlı məqalə təqdim edib.

 

Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə yayılan məqalədə qeyd olunur ki, Azərbaycanın bir çox bölgələrində, o cümlədən Bakı, Gəncə, Naxçıvan və Qarabağda su təchizatı texnologiyası əsrlər boyu mövcud olub və arxeoloji məlumatlara əsasən antik dövrə qədər gedib çıxır.

Müəllif bildirir ki, 1938-ci ildə Gəncədəki şəhərətrafı vadidə, Şəmkirdə aparılan arxeoloji qazıntılar zamanı eramızdan əvvəl I əsrə aid edilən dağılmış kəhrizin qalıqları aşkar olunub. Azərbaycanın bəzi yerlərində, xüsusilə Naxçıvan və Ordubadda kəhrizlərdən geniş istifadə edilibbu işlə həm yerli sakinlər, həm də İrandan gələn mütəxəssislər məşğul olublar.

Məqalədə maraqlı faktlartarixi mənbələrdən sitatlar verilir. Qeyd olunur ki, XIX əsrdə Ordubadda olan tarixçi İ.Şopen burada çoxsaylı kəhriz və bulaqlardan bəhs edərək çeşmə suyunun demək olar hər evə verildiyini bildirib.

Diqqətə çatdırılır ki, 1938-ci ildə ölkədə 885-dən çox kəhriz fəaliyyət göstərib və onların sayı təbii proseslərlə əlaqədar azalıb. Müəllif yazır ki, 2004-cü ildə Naxçıvanda Kəhrizlər İdarəsi yaradılıb və nəticədə 34-dən çox kəhriz bərpa olunub, hazırda bu istiqamətdə məqsədyönlü işlər aparılır.

 

Mədəniyyət.- 2015.- 14 yanvar.- S. 15.