“Qız qalası
“Mükəmməllik sertifikatı”na layiq
görülüb
Dünyanın ən nüfuzlu turistik portalı olan “TripAdvisor”un apardığı tədqiqatlara görə Azərbaycanın paytaxtı Bakı 2014-cü ilin nəticələrinə əsasən ən yaxşı turizm məkanlarından biri hesab edilərək, “Yüksələn turizm məkanları” kateqoriyasına daxil edilib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən bildirilib ki, on milyonlarla auditoriyası olan “TripAdvisor” şəbəkəsinin istifadəçiləri tərəfindən Bakıda ziyarət olunması tövsiyə edilən görməli yerlər sırasında İçərişəhər ən çox ziyarətçi rəyi alan məkandır.
İçərişəhər ərazisində yerləşən dünya əhəmiyyətli abidələrdən olan Qız qalası isə bu il həm də “TripAdvisor”un “Mükəmməllik Sertifikatı 2014” (“Certificate of Excellence 2014”) mükafatına layiq görülüb.
2002-ci ildən təqdim olunmağa başlanan və hər il dünyanın müxtəlif ölkələrindən milyonlarla “TripAdvisor” istifadəçisinin rəy və münasibətləri əsasında verilən “Certificate of Excellence” internet portalının təqdim etdiyi ali mükafatdır. Milyonlarla insanın dünyanın müxtəlif şəhərləri, gəzməli yerlər, tarixi məkanlar, keyfiyyət, xidmət və digər sahələrdəki məmnuniyyəti əsasında “TripAdvisor” ildə bir dəfə “yaxşıların yaxşısını” seçir və dünyaya təqdim edir.
Bakı şəhərinin
“Yüksələn turizm məkanları”
kateqoriyasına daxil edilməsi və konservasiya işlərindən sonra
yenilənmiş muzey ekspozisiyası ilə
qapılarını açan Qız
qalasının “Certificate of
Excellence 2014” mükafatına layiq görülməsi Azərbaycanın zəngin
tarixi-memarlıq irsinin beynəlxalq
ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin
daha bir göstəricisidir.
Mədəniyyət.- 2015.- 14
yanvar.- S. 8.