Naxçıvan Musiqili Dram Teatrında
ilin ilk tamaşası
Yanvarın 9-da Cəlil Məmmədquluzadə
adına Naxçıvan Dövlət
Musiqili Dram Teatrında
şair-dramaturq Taleh Həmidin “Yəhya bəy Dilqəm” əsəri nümayiş
etdirilib. Teatrda 2015-ci ilin ilk tamaşası
böyük maraqla qarşılanıb.
“Yəhya bəy
Dilqəm” Taleh Həmidin dramaturq kimi səhnələşdirilən
ilk əsəridir. Əsərdə XIX əsrdə Şəmkirdə
yaşayan xalq aşığı Yəhya
bəy Dilqəmin həyatı və yaradıcılığı öz
əksini tapıb.
Şair qəlbli Yəhya bəyin saf sevgisi, lakin uğursuz ailə həyatı, ermənilərin
çar Rusiyası tərəfindən Qarabağa,
Şəmkirə və
Gəncəbasara köçürülmələri
əsərdə incə
çalarla işlənib. “Yəhya bəy Dilqəm” dastanının
motivləri əsasında
yazılan pyesin tamaşasına Azərbaycanın
Xalq artisti Kamran Quliyev quruluş verib. Musiqi tərtibatçısı Azərbaycanın
Əməkdar mədəniyyət
işçisi İmamqulu
Əhmədov, səhnə
tərtibatçısı Naxçıvan Muxtar Respublikasının Əməkdar
rəssamı Əbülfəz
Axundovdur.
Səhnə əsərində Yəhya
bəy Dilqəm rolunu Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşıyev
oynayır. Digər rolları Azərbaycanın
Xalq artisti Həsən Ağasoy, əməkdar artistlər Xəlil Hüseynov, Yusif Allahverdiyev, Əbülfəz İmanov,
Bəhruz Haqverdiyev, aktyorlar Bünyad Səttarov, Nazlı Hüseynquliyeva və başqaları ifa edirlər.
Mədəniyyət.- 2015.- 14 yanvar.- S. 6.