Yaddaşlardan silinməyən gecə ekrana çıxır
“Qanlı Yanvar” filminin çəkilişləri başa çatıb
Azərbaycanın
tarixində ən faciəli səhifələrdən biri olan 20 Yanvar
qırğınının 25 ili tamam olur. 20 Yanvar milli hüzn
və eyni zamanda milli qürur günüdür.
Həmin gün Bakı küçələrində tökülən şəhid qanları xalqımızın milli oyanışının al şəfəqinin simvolu oldu. Kinorejissor, ssenarist Vahid Mustafayevin çəkdiyi “Qanlı Yanvar” filmi də suverenliyimizə, milli heysiyyətimizə qəsd edən sovet hərb maşını qarşısında Azərbaycan xalqının övladlarının qəhrəmanlığından bəhs edir. Ekran əsəri artıq hazırdır və ilk anonsu təqdim edilib.
Tarixi əhəmiyyətli “Qanlı Yanvar” filminin əsas süjet xəttində real hadisələr lentə alınıb. Bir neçə baş rol qəhrəmanının timsalında bütöv bir xalqın susadığı müstəqillik ruhu uğrunda mübarizə canlandırılıb.
20 Yanvar hadisələrinin
25-ci ildönümünə həsr olunmuş
filmi beynəlmiləl kollektiv
ərsəyə gətirib. Filmdə Azərbaycan, Amerika, İran, rus və türk
aktyorları rol alıblar. Çəkilişlərdə
məşhur amerikalı
aktyor Leyn Devis, türk kinosunun canlı əfsanəsi Nəbahət
Çehrə, habelə
İrandan dəvət
olunmuş tanınmış kinooperator
Afşin Əlizadənin
başçılıq etdiyi
heyət iştirak edib. Filmdə belə bir beynəlmiləl kollektivin
iştirakı ekran əsərini Azərbaycan
çərçivəsindən çıxarıb, beynəlxalq
səviyyəyə qaldırır.
Ekran əsərində Bakıda
1990-cı il yanvarın 19-dan 20-ə keçən
gecə və ertəsi gün baş verən hadisələr təsvir edilib. Filmdə Azərbaycanın qəhrəman övladları
şəhərə girmiş
işğalçı qoşunlara
qarşı döyüşür,
onlardan qisas almaq üçün mübarizə aparırlar.
“Qanlı Yanvar”ın
ilk təqdimatının yanvarın
19-da keçirilməsi nəzərdə
tutulur.
Mədəniyyət.- 2015.- 14 yanvar.- S. 4.