Teatrların texniki işçi problemi
İsrafil İsrafilov: “Bu sahədə boşluğun aradan qaldırılması üçün müasir texniki vasitələrlə işləmə çevikliyi olan kadrlar hazırlanmalıdır”
Son illər dövlətin diqqət
və qayğısı sayəsində ölkə
teatrlarının bir çoxunun
binaları yüksək səviyyədə təmir edilib və ən müasir
dünya standartlarına uyğun
texniki vasitələrlə təchiz olunub. Teatrların maddi-texniki
bazasının yaxşılaşdırılması eyni zamanda bu
yeniliklərlə ayaqlaşan, müasir texnika ilə
işləməyi bacaran ixtisaslı kadr problemini ortaya qoydu.
Bu məsələnin həlli istiqamətində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir sıra müvafiq tədbirlər həyata keçirilir, teatrların texniki işçilərinin xaricdə tətbiq olunan texniki yenilikləri mənimsəməsinə dəstək verilir. Amma bu sadəcə nazirliyin və ya bir neçə mütəxəssisin işi deyil. Bu gün ölkədə fəaliyyət göstərən 27 teatr, onların texniki personallarının iş keyfiyyəti, teatr-səhnə avadanlıqları ilə işləmə bacarıqları və ən əsası, məşğul olduqları sahə üzrə peşəkarlığı arzuolunan səviyyədə deyil.
Teatrların rəhbərləri əməkdaşlarının peşə səviyyəsinin yüksəldilməsi və ixtisaslı, müasir texniki vasitələrlə işləmə çevikliyi olan kadrları işə cəlb etməkdə maraqlı olmalıdırlar. Mövzu ilə əlaqədar teatr mütəxəssisi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilovla söhbət etdik.
Həmsöhbətim deyir ki, bu problem bütün teatrlarda özünü göstərir: “Məsələ bundadır ki, ölkəmizdə quruluş hissəsi ilə bağlı mütəxəssis hazırlığı yoxdur. Bilirsiniz ki, quruluş hissə müdiri ayrılıqda böyük bir texniki idarəetmə sistemidir. Yəni bu adamlar görüb-götürmə, mütəxəssis yanında öyrənərək qazandıqları səriştə ilə illərlə işləyə bilirlər. Amma bunların elmi-nəzəri bilgiləri, bazaları olmur. Sadəcə peşə vərdişi səviyyəsində mənimsəmədən o yana keçə bilmirlər. Çünki quruluş hissə müdirinin gərək bütün əlaqəli sahələrə dair bilgiləri olsun ki, onları istiqamətləndirə bilsin, smeta tutumundan iş bölgüsünədək hər bir detalda istiqamətverici funksiyanı yerinə yetirə bilsin. Amma gəlin görək, onlar bu zaman ərzində nə qədər səhvlər edirlər. Unutmayaq ki, teatr sənəti səhnədə başlayıb bitən oyun nümayişi yox, ayrıca bir elm sahəsidir. Bütün sahələr üzrə onun mütəxəssisləri var və o mütəxəssislər mükəmməl şəkildə yetişib hər aspektdən teatra xidmət etdiyi zaman bu sahə tam başqa müstəvidə təşəkkül tapacaq”.
Artıq dünyada teatra bir elm sahəsi kimi yanaşıldığını deyən İsrafil İsrafilov bunu teatrın cəmiyyətin bədii-estetik modeli olması ilə əsaslandırır. Onun fikrincə, teatr cəmiyyətin barometridir. Deməli, teatra yanaşmada meylləri hərtərəfli, xüsusən texniki tərəqqi müstəvisində diqqətə almaq lazımdır: “Ona görə də teatrın texniki sahələrində mütəxəssislərin hazırlanmasına mütləq diqqət yönəltməliyik. Bu baxımdan texniki-peşə məktəbi səviyyəsi də hələlik qaneedicidir. Əlbəttə, könül istər orta ixtisas, ali təhsil səviyyəsində də mütəxəssislər hazırlanıb teatr sahəsinə təqdim olunsun. Bu gün başqa ölkələrdə, qonşu Rusiyada quruluş hissə müdirliyi istiqamətləri mühəndisliyi üzrə ali təhsil müəssisələrində mütəxəssislər hazırlanmaqdadır və bu iş hazırda daha da şaxələnib”.
Nazirliyin xətti ilə bəzi texniki kadrların xaricdə ixtisasartırma, ustad dərsləri formatlı təcrübə keçməsi modeli tətbiq olunmaqdadır. Amma bu yolla bütün teatrları əhatə etmək çətindir. İsrafil müəllimin fikrincə, bu məsələdən çıxış yolu təhsildədir: “Təcrübə keçmə modelindən biz də istifadə etdik. 4 əməkdaşımız 2 həftə müddətində Moskvada Böyük Teatrda təcrübə keçdilər. Bizim avadanlıqlardan o teatrda da olduğuna görə əməkdaşlarımız sadəcə həmin texnikalarla işləmə vərdişi qazandılar. Bu yaxşıdır, amma bizim istədiyimiz deyil. Əsas odur ki, Bakı şəhərində bununla bağlı mütəxəssis hazırlığı olsun. İldə 2 nəfər mütəxəssis hazırlansa, zamanla bu boşluq doldurula bilər.
Amma problem təkcə
texniki avadanlıqlarla
bağlı deyil. Hazırda qrimçi,
teatr rəssamı sahələri üzrə
də vəziyyət ürəkaçan deyil.
Ümumən bu sahədə,
demək olar ki, mütəxəssis yoxdur. Bundan başqa, dekorator,
butafor kimi vacib sənətçilər
çox azdır.
Məsələn, bizdə butaforun
83 yaşı var və 50 ildən artıqdır ki, işləyir. Amma onu əvəz edən ikinci adam yoxdur
deyə biz bu adamı teatrda saxlamağa məcburuq. Bunların hamısı görünməyən
problemlərdir. Tamaşaçı aktyoru görür və qiyməti də ona verib
gedir. Amma unutmaq olmaz ki,
10 nəfər səhnədə
görünən aktyorun
o mərhələyə keçməsində,
səhnəyə gəlib
ifasını göstərməsində
yüzdən artıq
adam çalışır
və onların əməyi görünmür”.
Həmsöhbətim yeni nəslin teatra gəlməsinə mane olan
problemlərə də
toxundu: “İncəsənət,
yaradıcılıq sahələrinə
maraq bu gün cəmiyyətin münasibəti müstəvisində
formalaşır. Təəssüf ki, deyilən prestij bölgüsü bu tip yanaşmadan qaynaqlanır. Əgər
sabah aktyorun
maaşı dəfələrlə
artacaqsa, bu sahəyə kütləvi
axın olacaq və ya teatr
rəssamı, qrimçinin
əməkhaqqı yüksələcəksə,
bu sahələrin adamları teatra can atacaqlar. Teatrın sırf texniki
sahə üzrə mütəxəssisləri yetəri
miqdarda maddi gəlir əldə edə bilərlər.
İşıq rəssamlığını götürək. Bu ixtisasın sahibləri lap
qənimətə çevriliblər.
Hazırda ölkədə sadəcə bizdə bir işıq rəssamı var və bütün teatrlara, önəmli dövlət tədbirlərinə
onu dəvət edirlər. Görün, vəziyyət nə
həddədir. Amma bu sahə üzrə heç olmasa 5 və ya 7 nəfər
olmalıdır ki, bütün teatrlarımızın
bu sarıdan korluğu olmasın.
Buna görə də yaxşı olar ki, peşə
məktəblərində bu
vacib sahələr üzrə siniflər açılsın və seçmə mütəxəssislər
onlara bildiklərini, peşə vərdişlərini
öyrətsinlər. 5
nəfərdən 2-3-ü teatra gəlsə, bu problem müəyyən
qədər aradan qalxa bilər”.
Məsələyə nikbin yanaşan mütəxəssis
bildirdi ki, müstəqillik yaşı
az olan
ölkəmizin gələcəkdə
bu sahələr üzrə özünün
mükəmməl mütəxəssisləri
yetişəcək.
Bu məqamda teatr
sosiologiyası vacib aspekt kimi zamanla
özünün fundamental yanaşmasını
tələb edir. Qarşıdakı saylarımızda bu və ya digər
məsələlərə dair mütəxəssislərin
rəylərini öyrənməyə
çalışacağıq.
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2015.- 16
yanvar.- S. 10.