Minskdə MDB ölkələri ekspert qrupunun iclası keçirilib

 

13-14 yanvar tarixində Belarusun paytaxtı Minsk şəhərindəki MDB İcraiyyə Komitəsində birlik dövlətlərinin Hökumət Başçıları Şurasının ekspert qrupunun iclası keçirilib. İclasda ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin məsləhətçisi Tamerlan Axundov təmsil edib.

Toplantıda bir neçə mövzu ətrafında müzakirələr aparılıb, o cümlədən 2016-2020-ci illər üçün MDB dövlətlərinin mədəniyyət sahəsində əməkdaşlıq üzrə əsas Tədbirlər Planının layihəsinə baxılıb. Tədbirlərin layihəsinə dair irad və təkliflər təqdim olunub. İclas iştirakçıları “İnformasiya fəaliyyəti sahəsində əməkdaşlıq” bölməsinə “Müstəqil Dövlətlər Birliyinin 25 illiyinə həsr edilmiş tədbirlər” adlı bənd əlavə olunmasını təklif ediblər.

Ekspertlər MDB Xarici İşlər Nazirləri Şurasının və Hökumət Başçıları Şurasının bu məsələyə dair qərarlarının layihələrini tamamlayıb və razılaşdırıblar. Sənədin ekspertlər tərəfindən razılaşdırılmış layihəsi tarixi-mədəni irs abidələrinin qorunub saxlanması və istifadə edilməsi, qeyri-maddi tarixi-mədəni irsin qorunması, xalq yaradıcılığı, muzey işi, təsviri sənət, kino, kitab nəşri, informasiya fəaliyyəti, elm, təhsil və kadr hazırlığı, habelə kitabxana işimusiqi, teatr-konsert fəaliyyəti ilə bağlı 120-yə yaxın tədbiri əhatə edir.

 

Mədəniyyət.- 2015.- 16 yanvar.- S. 4.