Fransa telekanalında Azərbaycanla bağlı veriliş

 

Fransanın “TV5Monde” kanalında Azərbaycanla bağlı veriliş yayımlanıb. Verilişin qonağı olan Fransanın Azərbaycandakı səfiri Paskal Mönye ölkəmizdəki fransız icması, iqtisadiyyat və təhsil sahələrində əlaqələr haqqında məlumat verib.

 

Səfir Azərbaycan hökuməti tərəfindən ölkədə informasiya-kommunikasiya texnologiyaları və turizm sahələrinin inkişafına böyük həcmdə sərmayə yatırıldığını bildirib.

Təhsil sahəsində əlaqələrdən bəhs edən səfir vurğulayıb ki, bununla bağlı bir sıra tədbirlər həyata keçirilir. O, Bakıda Fransız Liseyinin açıldığını, azərbaycanlı tələbələrin Fransada təhsil almalarının asanlaşdırılması üçün universitetlərarası forumların keçirildiyini diqqətə çatdırıb. Azərbaycandakı tolerantlıq mühitindən də danışan diplomat müxtəlif dinlərin nümayəndələrinin burada sülh şəraitində yaşadıqlarını vurğulayıb.

Verilişin digər qonaqları son illər Azərbaycanda həyat səviyyəsinin yüksəlməsindən, müasir infrastrukturun yaradılmasından, Bakı şəhərinin sürətlə inkişaf etməsindən və onun Dubay ilə müqayisə ediləcək gözəllikdə olmasından söhbət açıblar.

Həmçinin Azərbaycan mədəniyyətinin dünyada geniş təbliğ olunduğu, Azərbaycan xalçasının UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyi, muğamımızın dünya musiqi incilərindən biri olduğu vurğulanıb.

 

Mədəniyyət.- 2015.- 16 yanvar.- S. 3.