O Gecə...
Bizə əbədi milli gündüzlər, aydın sabahlar qazandıran qanlı və şanlı Gecə!..
Müdhiş gülləbaran, total
tırtıl səslərinin tüğyan
etdiyi o Gecədə milli Azadlığa fədalıq sədaları
daha zildən, daha
can-dildən hayqırırdı.
Düşmənlərin
nə düşünüb-daşındıqlarını deyə
“bilmərəm”, amma o
Gecəyə ata kimi
atılanlar babalıqdan, ana kimi yeriyənlər nənəlikdən, subay-soluq yürüyənlər isə bəylik-gəlinlikdən
məhrum olacaqlarını yaxşı bilir,
əla anlayırdılar...
İyirmi beş il ötsə də, dilimizdə dünənimizə ağrı-acı, bugünümüzə-sabahımıza çağrı-çalğı sədaları, qələm-dəftərimizdə gah acı, gah fəxri nidalar!
Bu məqamda adamın ağlına nə fikirlər, dilinə nə zikrlər gəlmir? Tutalım, yuxarıda qısaca bəhs etdiyim o ağrı-acı nidalarında nə kimi sədalar, necə uyğu-duyğular? Məsələn, “Bu dünya bir pəncərədir - hər gələn baxar, gedər”. Amma şəhidlər o Gecəyə pəncərədən baxmadılar. Şimşək kimi çaxıb, ildırımtək axıb getdilər! Onlar küçələrdə al-qırmızı qanlarını axıtdılar, bizlərsə evimizdə göz yaşlarımızı...
Bəs biz bir qalı şahid olaraq, sizin qədrinizi qədərincə bilmişikmi, bilirikmi, biləcəyikmi, ey ulu şəhidlər?
Dövlətimiz sizin uğur-umularınıza dair çox işlər görüb, qərarlar, qətnamələr, fərmanlar verilib. Amma o arzu-umuların ən ucası - Qarabağ nigarançılığımız qalıb ki, bunu da inşallah...
“Eşidirsiz”?..
İlk sözüm aranızda-sıranızdakı ən yaşıl yaşlılaradır... Ay bığ yeri yenicə tərləyən oğlan, o axşam deyiklinlə son olaraq harda görüşdün, o darmacalda nə dedin, nə danışdın? Təzə-tərcə nişanlanmış cavan, üzüyün tabaqda qaldımı? Ay yenicə evlənmiş şəhid, təzəcə gətirdiyin gəlini gərdəkdə qoyub gəlmişdinmi? Gidi dünyanın badalaqlarına ilişib kamına gecikmiş gözaltılı dəliqanlı, nədən yumdun gözlərini - qəlbini yara açmamış? Vəfalı-cəfalı şahid dullar, niyə o vaxtlar ürəyinizi onlara axıracan açıb boşaltmadınız ki, illərdir dola-dola qalmayaydız?..
Ey qürur mayalı bütün sözlərimizi, fəxarət mayalı bütün duyğularımızı, hiss-həyəcanlarımızı nidalayanlar!
Ey başdaşları ən müqəddəs Vətən daşlarından olan vətəndaşlarımız, əldən çıxmış neçə-neçə tarixi bölgələrimizə qoşulmaq təhlükəli Qarabağ qada-bəlasından, “Ya Azadlıq, ya ölüm!” nidasından, hər yerdə, hər yanda sərgilənib qutlanan “20 Yanvar 1990” düzənli şərəfli tarix odasından xəbərsizmi?
...Siz o qaragözlü, o atəş dilli, ox kiprikli, “pənbeyi-daği cünun” əndamlı yar-Gecənin görüşünə hansı buta həvəsi, elçi eşqənəkliyilə getmişdiniz?!
Yormuram ki, sizi - öz ritorik-patetik suallarımla? Diksindirmirəm
ki, sizi cüda-əda nidalarımla?..
Neyləyək, siz istiqlal süfrəmizdə fəda-ölüm
şərbətini içəli,
Vətən və Azadlıq uğrunda canınızdan keçəli
- bizlər də mənəvi-tənəvi borc
altındayıq, ey hamıdan üstünlər!
“Ruhun gözü
Nuhunkundan işıqlıdır”
deyiblər. Bir baxın, görün
şahidlər, qazilər
neyləyirlər - daha
çox sizə mənsub olan o Gecənin hər ildönümündə. Misli görünməmiş
sayğılar, qələbəliklər.
Övlad-uşağı olmayan
sonsuzlar da “oğul vay!” deyib ağlamışdı
o Gecə, ey hər biri hamının
balası şəhidlər!..
Hərəniz bir yaşda, qurbanlığınızın yaşı isə eyni: iyirmi beş! Adlarınız
çeşid-çeşid, şərəf-sanlarınız isə eyni: şəhid! Beşik ünvanlarınız müxtəlif,
məzar məkanınız
isə eyni: Şəhidlər xiyabanı!
... İndi deyəcəyim sözlərə
görə məni qınamasın ruhunuz; həmin Gecə o küçələrdə, həmin
o qırğın “kampaniyasında”
siz ölümü necə qarşılayıb,
onunla necə birləşmişdiniz ki,
o cür xoşbəxt
və qalib görünürdünüz? Hamınız kürəyinizi
torpağımıza söykəyib,
qollarınızı yana açıb, üzünüzü səmamıza
tutmuşdunuz! Qolunun biri, ya ikisi
də kəsiləninizsə,
elə bil, çiynini bir az yuxarıya,
ucalığa - bir daha enməyəsi bayrağımızın asılacağı
yüksəkliyə qovzamışdı...
“Kürəyinizi torpağımıza
söykəmişdiz” dedim,
yadıma siz haqda ilk dəfə -
1990-cı il yanvarın
25-də yazdığım (“Qızıl gül əsdi...”) yazımın
“uvertüra”sı düşdü:
“Sən necə qənirsiz gözəl, necə sevgili canan, necə yaraşıqlı yarsan ki, heç kim səni bir-birinə
qısqanmır, hamı
istəyir ki, səni hamı sevsin, Vətən?!.”
Tahir Əhmədalılar
Mədəniyyət.- 2015.- 21
yanvar.- S. 11.