25 illik ağrının səhnə yolu
Didərginlik həyatı yaşayan teatrların 20 Yanvarla bağlı tamaşaları
Xalqımızın
qəhrəmanlığı, milli birliyi və mübarizliyinin
təntənəsi olan 20 Yanvar
faciəsinin növbəti ildönümünə teatrlar da xüsusi
hazırlaşmışdı. Demək olar
ki, bütün teatrlarda vətənpərvərliyi əks
etdirən tamaşalar nümayiş
olundu, 20 Yanvar hadisələrinə müxtəlif yanaşmalar səhnə təcəssümünü
tapdı. Bu ağrılı anları
taleyinə qaçqınlıq yazılan, məhdud imkanlar şəraitində amalları ilə
yaşayıb-yaradan teatrların necə keçirdiyi
ilə maraqlandıq.
Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov bizimlə söhbətində həmin hadisələri belə xatırladı: “Qanlı Yanvar hadisələri zamanı Bakıya səfərim var idi. Elə oldu ki, bir həftə ləngidim və 19-dan 20-nə keçən gecə Bakıda dəhşətli faciənin baş verdiyini eşitdim. Şuşaya bu qanlı hadisə haqqında qeyri-dəqiq məlumatlar çatdırırdılar. Bütün şuşalılar Mədəniyyət evinin qarşısında cəmlənmişdi. Deyirdilər ki, rus qoşunları Azərbaycanı işğal edib. O hadisə Azərbaycanın tarixinə yazılan qanlı bir hadisədir. Heç bir Azərbaycan vətəndaşı o günü unutmamalıdır”.
Y.Muradov teatr kollektivinin Qanlı Yanvarla bağlı səyyar tamaşalarının artıq ənənə halını aldığını dedi: “20 Yanvar hadisələri ilə bağlı silsilə tədbirlərimiz oldu. Yanvarın 17-dən başlayaraq Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə məcburi köçkünlərin məskunlaşdığı paytaxtın Ramana qəsəbəsində tədbir keçirdik. Tamaşalarımız nümayiş olundu”.
C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev xalqımızın qəhrəmanlıq tarixinin önəmli səhifəsi olan bu günün daim teatr səhnəsində anıldığını qeyd etdi: “Yaxın zamanda müəllifi olduğum qəhrəmanlıq, vətən sevgisi təlqin edən “Qalx ayağa, Azərbaycan” tamaşasını nümayiş etdirəcəyik. Yanvarın 19-da isə Rus Dram Teatrında şair-dramaturq Hidayətin pyesi əsasında hazırlanmış “Burdan min atlı keçdi” tamaşası növbəti səhnə həyatını yaşadı. Vətənpərvərlik mövzusunda tamaşa Xətai Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə bu rayonun sakinlərinə təqdim olundu”.
Direktor vətənpərvərlik və azərbaycançılıq hislərinin İrəvan teatrının kollektivi üçün önəmli xüsusiyyət olduğunu və repertuarda hər zaman bu ruhlu əsərlərə üstünlük verdiklərini bildirdi: “Bu mövzuda əsərlərin hazırlanmasına daha çox səy göstəririk. Xalqımıza vətənpərvərlik hisləri aşılamaq teatrımız üçün bir meyardır”.
Ağdam Dövlət Dram Teatrının direktoru Məhəmməd Hüseynovun bildirdiyinə görə, rayonda şəhidlərin şərəfinə ucaldılmış abidənin qarşısında Vətən uğrunda canlarından keçən igid oğulların xatirəsi yad olunub, teatrın kollektivi vətənpərvərlik ruhunda kompozisiya nümayiş etdirib.
Füzuli Dövlət Dram Teatrının kollektivi 1993-cü il hadisələrindən sonra Sumqayıtda məskunlamış və 2004-cü ilədək burada fəaliyyət göstərmişdi. Bu gün isə kollektiv sənət yolunu Horadiz şəhərində davam etdirir. Teatrın direktoru Vaqif Vəliyevin sözlərinə görə, kollektiv yanvarın 18-20-də “Bu nifaq qiyamətə qalmaz” adlı tamaşa ilə teatrsevərlər qarşısında çıxış edib. Teatr fəaliyyəti dövründə Cəlil Məmmədquluzadənin “Kamança”, Hüseynbala Mirələmovun “Taleyin hökmü”, Elnurə Abdullayevanın “Ağ qayıq” və Qarabağ hadisələrindən bəhs edən digər əsərlərə müraciət edib. Tamaşalar mütəmadi olaraq hərbi hissələrdə də təqdim olunur.
Həmidə
Mədəniyyət.- 2015.- 21
yanvar.- S. 11.