“Türk
dünyasını əhatə edən layihələr həyata
keçiririk”
“Tariximizdə
problem bir olsa belə, ortaq nöqtələrimiz mindir. Məqsədimiz ümumtürk tariximizi şagirdlərə
daha rahat, anlaşıqlı formada çatdırmaqdır”
Tarixən geniş
coğrafiyaya yayılmış türklər zəngin mədəniyyətə
sahibdir. Dünya mədəniyyətinə
böyük töhfələr verən türk
xalqlarının hazırda bu istiqamətdə əlbir fəaliyyətləri
üçün daha geniş imkanlar var. Bu işdə
mühüm rol oynaya biləcək qurumlardan biri də Beynəlxalq
Türk Akademiyasıdır. Akademiyanın
yaradılması ideyası 2009-cu ilin oktyabrında türkdilli
ölkə başçılarının Naxçıvanda
keçirilən sammitində Qazaxıstan Prezidenti Nursultan
Nazarbayev tərəfindən irəli sürülüb. 2010-cu ilin 25 mayında Astanada Türk
Akademiyasının açılış mərasimi
keçirilib. Akademiyanın təsisçiləri 4
dövlət - Azərbaycan, Qazaxıstan,
Qırğızıstan və Türkiyədir. 2013-cü ildən qurum Beynəlxalq Türk
Akademiyası (BTA) adını daşıyır.
Akademiyanın
yeni təyin olunmuş prezidenti, professor Darhan
Kıdırali bu günlərdə Bakıda olarkən qurumun
fəaliyyəti, türkdilli ölkələrin ortaq layihələri
ilə bağlı suallarımızı cavablandırdı. Həmsöhbətimin türk dilində səlis
danışması ilk andan diqqətimi cəlb etdi. O,
bunu Türkiyədə təhsil alması ilə əlaqələndirdi.
- Mərmərə
Universitetində bakalavr, Ege Universitetində magistr, İstanbul
Universitetində tarix üzrə fəlsəfə doktoru, Lev
Qumilyov adına Avrasiya Milli Universitetində isə elmlər
doktoru dərəcəsinə yiyələnmişəm.
Hazırda Lev Qumilyov adına Avrasiya Milli
Universitetinin, İstanbul Memar Sinan Universitetinin professoru,
Çingiz Aytmatov Akademiyasının akademikiyəm. Müxtəlif
illərdə Ahmet Yesevi Universitetində kafedra müdiri və
baş katib, Astanada Prezident Mədəniyyət Mərkəzinin
direktor müavini, Qazaxıstan təhsil və elm nazirinin
müşaviri, Qazaxıstan Prezidentinin mətbuat katibinin
müavini, Prezident Administrasiyasında sektor müdiri,
Türkdilli Ölkələrin Əməkdaşlıq
Şurası katibinin müavini vəzifələrində
çalışmışam. 2014-cü ilin
aprelindən Beynəlxalq Türk Akademiyasının prezidenti
kimi fəaliyyət göstərirəm.
- Darhan bəy,
Türk Akademiyasının beynəlxalq status alması onun fəaliyyətinə
hansı yenilikləri gətirdi?
- Biz
bütün türk dünyasını əhatə edən
layihələr və tədbirlər keçiririk. Məsələn, ötən ilin sentyabrında
Astanada böyük mütəfəkkir İsmayıl
Qaspralıya həsr olunmuş beynəlxalq konfrans təşkil
etdik. Tədbirdə Azərbaycan, Özbəkistan,
Qırğızıstan, Monqolustan, Çin, Rusiya -
ümumilikdə 13 ölkədən alimlər iştirak
edirdi. Bu tədbirin özəlliyi onda idi ki, eyni zamanda türk
dünyasının dörd böyük şəxsiyyətinin
xatirəsini andıq: İsmayıl Qaspralını vəfatının
100, Əli bəy Hüseynzadəni doğumunun 150, Məhəmməd
Əmin Rəsulzadənin 130, Turar Rıskulovun 120 illiyini bir
yerdə qeyd etdik və nəticədə çox gözəl
bir konfrans reallaşdı.
Qurum hazırda Astanada bütün türk
dünyasını təmsil etməkdədir. Yəni
Astanada Azərbaycanın səfirliyindən başqa sizlərin
daha bir təmsilçiniz var - bu da Beynəlxalq Türk
Akademiyasıdır. Layihələrimizi də
bu istiqamətdə tərtib edərik. Məsələn,
Azərbaycanla bağlı tədbirlər keçirir,
Bakıdakı konfranslara qatılırıq. Təkcə 2014-cü ildə Azərbaycana 4 dəfə
səfər etmişəm və bu müddətdə
faydalı işbirliyinə nail olmuşuq. Sonuncu
səfərimdə Bakı İqtisad Universitetində
mühazirə oxudum və hazırda ortaq layihələr
hazırlayırıq. Eləcə də
Azərbaycan Milli Elmlər Akademiyasından alimlər bizim tədbirlərimizdə
iştirak edirlər. Türk
dünyasının ortaq tarix, ortaq ədəbiyyat
kitablarını hazırlamaq üçün Azərbaycandan
da alimləri dəvət edirik. Beləliklə,
akademiyanın beynəlxalq status qazanması ilə birlikdə
türk dünyasındakı sosial elmlər istiqamətində
- tarix, ədəbiyyat, mədəniyyət, türkologiya kimi
sahələrdə fəaliyyətləri genişləndirdik.
Eyni zamanda, BTA milli akademiklərin işlərini
koordinasiya edən bir qurum oldu. 2013-cü
ildə Qəbələdə Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının III zirvə
toplantısında Türk Dünyası Akademiklər Birliyi
(TDAB) təsis edildi və hazırda onu qurmaqla məşğuluq.
BTA sadəcə dörd ölkənin deyil, eyni
zamanda Tatarıstan, Başqırdıstan kimi türk topluluqlarının
dillərini, mədəniyyətlərini, tarixini, ədəbiyyatını,
hətta lüğətlərini araşdıran bir qurumdur.
Bizim sadəcə türk dünyası ilə
deyil, Monqolustan, Macarıstan kimi ölkələrlə də əlaqələrimiz
var. Məsələn, Monqolustan Elmlər Akademiyası ilə
birlikdə bu ölkədə arxeoloji qazıntı aparmaq
haqqında bir memorandum imzalamışıq.
- Belə
çıxır ki, əvvəlki illərdən fərqli
olaraq artıq praktik fəaliyyətə keçibsiniz?
- Bəli,
bu layihələr akademiyanın beynəlxalq status almasından
sonra həyata keçirilməyə başlanıb. Hazırda vaxtilə türklərin
yaşadıqları bir neçə yerdə qazıntı
işləri aparırıq. Altayda VII-VIII əsrə
aid ozanların qəbrini tapdıq. Orada
musiqi alətləri də var. Orta Asiyada Balasaqun şəhərində
qazıntı işləri apardıq. Balasqun
VII əsrdə türk dünyasının önəmli mərkəzi
olub. Bununla yanaşı oğuzların ata
yurdu olan Sır-Dərya hövzəsindəki Cəndiyangi kəndi
(Yenikənd) ərazisində də arxeoloji axtarışlar
aparıldı. Cənd vaxtilə
oğuzların paytaxtı olub. Bu, Sultan Səlcuqun
dövrünə təsadüf edir, daha sonra Sultan Səncər
oraları ziyarət edib. Bunlarla
bağlı arxeoloji tədqiqatlar həyata keçirilir.
Qazaxıstanda alimlərimiz İslam dinini ilk qəbul
edən Qaraxanilər dövrünə aid qazıntılar
aparırlar, o dövrə dair yüzlərlə material ortaya
çıxıb. Ötən il
Balkandan Baykala qədər ekspedisiya aparmaq haqqında memorandum
imzaladıq. Yəni ekspedisiya qrupunun biri
Monqolustandan, digəri Macarıstandan başlayaraq
qazıntılara başlayacaqlar. Bu ərazilərdə
vaxtilə qədim türk xalqları olan hunlar, göytürklər
yaşayıb. Ekspedisiya zamanı qədim
türklərlə bağlı, eyni zamanda Çingiz xan
dövrünə aid əldə etdiyimiz əşyaların,
materialların sərgisini təşkil etməyi də
planlaşdırırıq. Onu da qeyd edim
ki, biz ortaq türk tarixinin proqramını da
hazırlamışıq və o, türkdilli ölkələrin
nazirləri tərəfindən təsdiqlənib.
- Arxeoloji
ekspedisiyaları hansı türkdilli ölkələrlə
birlikdə aparırsınız?
- Bu
istiqamətdə işlərə yeni başlamışıq
və Sibirdəki qazıntıları Qazaxıstan və
Qırğızıstanın alimləri ilə birlikdə
apardıq. Amma bu il “Balkandan Baykala qədər”
böyük ekspedisiyaya Azərbaycan, Türkiyə daxil olmaqla
digər ölkələrin təmsilçilərini -
arxeoloq-alimlərini də dəvət edəcəyik. Yəni bu layihələrimiz tədricən genişlənəcək.
Bundan başqa, böyük kitabxana qurduq və
onu zənginləşdirmək məqsədilə
Macarıstandan 16 min kitab gətirdik. Bildiyiniz
kimi, Macarıstan türkologiya sahəsində ən önəmli
mərkəzlərdən biridir və orada böyük
türkoloqlar yetişib. Eyni zamanda
Macarıstan Elmlər Akademiyası ilə işbirliyimiz var.
-
BTA-nın layihələrindən biri də
etnoqrafik-türkoloji tarix muzeyi ilə bağlıdır...
- Hələlik
muzeyi qurmaq üçün fərdi olaraq müraciətlər
edirik və türk tarixi ilə bağlı kimdəsə bir əşya
varsa, muzeyə bağışlamalarını xahiş edirik. Bunun ardınca akademiyanın qurucuları olan dörd
türkdilli dövlətə rəsmi şəkildə məktub
yazaraq kömək istəyəcəyik və əldə
etdiyimiz materiallarla muzeyi zənginləşdirəcəyik.
- Ortaq
tarixlə bağlı proqramın təsdiqləndiyini dediniz. Amma bu bir qədər həssas məsələdir.
Nəzərə alaq ki, bu sahədə türk
dünyasında hələ də mübahisəli məqamlar
mövcuddur...
- Hər
bir xalqın, dövlətin içərisində də
problemlər olur. Bildiyiniz kimi, Avropa ötən əsrdə
iki böyük müharibə yaşayıb. Bundan başqa, tarix boyu öz aralarında da
müharibələr baş verib. Avropa
Birliyi bunların hamısını həll edərək arxada
qoydu. Nəzərə almaq lazımdır
ki, Avropada yaşayan bu xalqların dili, tarixləri fərqlidir.
Amma bizim tariximizdə problem bir olsa belə, ortaq
nöqtələrimiz mindir. Yəni bizim
ortaq dəyərlərimiz, birlikdə keçirdiyimiz gözəl
günlər, Dədə Qorqud, Balasaqun, Yasəvi kimi ortaq
şəxsiyyətlərimiz olub. Bir
növ hesablama aparsaq, birliyimizin 99 faiz olduğunu görərik.
Ona görə elə bu rəqəmlə də
yola çıxmaq lazımdır. Ortaq
tarix kitabını XV əsrə qədər bitirdik. Tarixdəki mübahisəli məqamları kitabda
yazmırıq. Daha ciddi, arxeoloji
qazıntılara, rəsmi sənədlərə əsaslanan
materiallardan istifadə edirik. Bu günə
qədər tarix çox yazılıb və biz sadəcə
onu birləşdirdik. Yəni qədim
türk tayfaları, xalqları kimlərdir, türklər
harada yaşayıb və hansı istiqamətdə
köç ediblər, böyük dövlətlər kimi
tarix səhnəsinə necə çıxıblar -
bütün bunlar maraq dairəmizdədir. Burada
isə heç bir mübahisə yoxdur. Biz
hun tayfalarından əvvəlki, türk olmaları təsdiqlənən
türk tayfaları ilə kanqular, saklarla bağlı tədqiqat
aparırıq. Bunları rəsmlər, arxeoloji
qazıntılardan əldə edilən materialların təsviri
və xəritələrlə veririk. Məqsədimiz
ümumtürk tariximizi şagirdlərə daha rahat,
anlaşıqlı formada çatdırmaqdır. İstəyirik ki, şagirdlər kitabı oxuyarkən,
“Gültəkin və Bilgə xan bizim də əcdadımız
olub” qənaətinə gəlsinlər. Bir
sözlə, sistemli şəkildə ortaq nöqtələrimizə
diqqət yetirməyə çalışırıq. Azərbaycan, türk, qazax, qırğız dillərində
yazılan ortaq türk tarixi kitablarının məzmunu eyni
olacaq.
Mehparə Sultanova
Mədəniyyət.- 2015.- 21
yanvar.- S. 10.