Lənkəranda anım tədbirləri

 

Yanvarın 15-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş bilik saatı təşkil olunub. “Azərbaycan dövlətçiliyinin inkişaf mərhələləri” mövzusunda tədbir Heydər Əliyev Mərkəzi və şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Şəhərin 1 və 2 nömrəli tam orta məktəblərin şagirdlərinin iştirak etdikləri tədbirdə Azərbaycanın çoxəsrlik tarixi, sərkərdə və dövlət xadimləri haqqında söz açılıb. Qeyd olunub ki, zaman-zaman mənfur düşmənlər tərəfindən xalqımıza qarşı soyqırımları törədilsə də, torpaqlarımız işğal olunsa da, xalqın iradə əzmini qırmaq mümkün olmayıb.

Yanvarın 19-da Lənkəran şəhər Mərkəzi kitabxanasında da 20 Yanvarla bağlı tədbir keçirilib. Əvvəlcə MKS-nin direktoru Validə Məmmədova faciənin tarixi haqqında məlumat verib. Sonra çıxış edən kitabxananın direktor müavini Nərmin Kazımova, şöbə müdiri Xədicə Məmmədova Qara Yanvarın təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı cinayət olduğunu vurğulayıblar.

 

Mədəniyyət.- 2015.- 21 yanvar.- S. 7.