Müasir informasiya cəmiyyəti
və teatr
Saytı
olmayan teatr tamaşaçı ilə
virtual ünsiyyət qurmaq
imkanından məhrum
olur
Bu gün
həyatımızı elektron
resurslarsız, internetsiz
təsəvvür etmək
mümkünsüzdür. Bəs internetin
imkanlarından incəsənətdə,
xüsusən ən çox təbliğata ehtiyac duyulan teatr sahəsində tətbiqi yetərli səviyyədədirmi? Ölkə
teatrları təbliğatda
ənənəvi üsullarla
yanaşı, müasir
texnologiyanın imkanlarından
yararlana bilirlərmi?
Bu qəbildən suallara teatr rəhbərlərinin
oxşar cavabları olsa da, təəssüf
ki, bu iş
hələ mütəşəkkil
hal almayıb. Bu fikri bizimlə
söhbətində sənətşünaslıq
üzrə fəlsəfə
doktoru, dosent Vidadi Qafarov da təsdiqlədi. Mütəxəssis qeyd edir ki, bu
gün dünyadakı
qloballaşma prosesinin
ən vacib göstəricilərindən biri
müasir informasiya cəmiyyətidir: “Bu gün
inkişafın əsas
daşıyıcılarından biri informasiya-kommunikasiya texnologiyalarıdır. Ölkə
Prezidentinin 2 aprel
2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına
dair 2014-2020-ci illər
üçün Milli
Strategiya” bu mənada zamanında qəbul edilmiş mühüm sənəddir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hesabatlarına nəzər salsaq, görərik ki, bu gün ölkə
əhalisinin hər
100 nəfərindən 73-ü internet istifadəçisi, hər
100 nəfərə düşən
mobil telefon nömrəsinin sayı isə 110-dan çoxdur. Ötən ilin birinci yarısının
sonunda “Azərbaycanın
milli domen zonasında qeydiyyatdan keçmiş domenlərin
sayı 22550-yə çatıb.
Deməli, istənilən halda
biz incəsənətin, teatrın
təbliğatı işində
interneti, mobil vasitələri görməzdən
gələ bilmərik.
Eləcə də dövrün
texnoloji faktorlarını
teatra cəlb etməklə audiovizuallığı
artırmaqla tamaşaçının
teatrla rabitəsinin möhkəmlənməsinə təsir edə bilərik”.
Elə isə bu işi necə
aparmalı? Həmsöhbətim
ilkin təcrübələrin
qənaətbəxş olduğunu
deyir: “Göründüyü
kimi, Azərbaycan artıq informasiya cəmiyyətinin atributları
olan geniş informasiya-kommunikasiya texnologiyaları
infrastrukturuna malikdir. Lakin bu gün teatrlarımızın,
kinoteatrlarımızın yaşadığı
müəyyən tamaşaçı
problemini, muzeylərə,
sərgi salonlarına
ziyarətin, mütaliəyə
marağın azalmasını
da bəzən informasiya-kommunikasiya texnologiyalarının,
internet şəbəkəsinin yüksək inkişafı
ilə əlaqələndirirlər.
Sözsüz ki, İKT-nin,
internetin incəsənətin
audiovizual növlərinə
marağın azalmasında
müəyyən təsiri
var. Amma o da məlumdur ki, bu problemin səbəblərini
yalnız burada axtarmaq düzgün deyil və çalışmaq
lazımdır ki, həmin mənfi təsirin özünü
müsbət istiqamətə
yönəldək. Qeyd etmək
lazımdır ki, bu yöndə müəyyən işlər
görülür. Bir sıra
teatrlarımızda hazırlanan
tamaşalarda kompüter
texnologiyaları uğurla
tətbiq edilir ki, bu da
həmin tamaşaların
daha müasir və maraqlı alınmasına imkan verir”.
Vidadi Qafarov teatrların təbliğat
işinin internet üzərindən
təşkili məsələsinə
də toxundu. Bu sahədə
işin hələ də istənilən səviyyədə olmadığını
bildirdi: “İnformasiya
cəmiyyəti milli teatrımızın dünya
teatr prosesinə inteqrasiyası üçün
də geniş imkanlar açır. Belə ki, hər hansı
teatrın saytının
yaradılması həmin
teatrın dünya informasiya məkanına daxil olmasına, onun bu məkanın
subyektinə çevrilməsinə,
eləcə də dünya teatrları ilə intensiv əlaqə qurmağa, əməkdaşlıq etməyə
imkan yaradır. Lakin təəssüf ki, teatrlarımız hələ
də bundan kifayət qədər yararlanmırlar. Düzdür,
son illərdə “Azərbaycan
teatrı: dünən,
bu gün, sabah” portalının,
Azərbaycan Dövlət
Teatr Muzeyinin, Teatr Xadimləri İttifaqının, bəzi
teatrların saytlarının
yaradılması bu yolda görülən uğurlu işlərdir. Amma ölkəmizdə fəaliyyət göstərən
teatrlardan az
qisminin saytının
olması bu sahədə görüləcək
işlərin mövcudluğundan
xəbər verir ki, bunu həm
də ciddi sosioloji problem kimi qavramaq lazımdır. Belə ki, bu gün
saytsız teatr tamaşaçı ilə
virtual ünsiyyət qurmaq,
teatrı təbliğ
etmək, tamaşaları
reklam etmək imkanından məhrum olur”.
Mütəxəssis müasir informasiya cəmiyyəti ilə klassik cəmiyyət arasındakı
fərqlərə də
aydınlıq gətirdi:
“Fərq ondan ibarətdir ki, qloballaşmanın təzahürü
olan informasiya cəmiyyətində yüksək
kommunikasiya texnologiyaları
sayəsində eyni informasiyanın eyni vaxtda hamının tanış olması baş verir. Yəni bir informasiya eyni vaxtda bütün
cəmiyyətin malına
çevrilir və nəticədə minlərlə,
milyonlarla insan bu informasiyadan eyni vaxtda istifadə
etmək - oxumaq, dinləmək, baxmaq, yükləmək, göndərmək
imkanı əldə edir. Fikrimizcə, bunu biz texnoloji
sinkretizm də adlandıra bilərik.
Bildiyimiz
kimi, sinkretizm incəsənətin bir sıra növlərinin, xüsusən də teatrın, aşıq sənətinin mahiyyət
daşıyıcı xüsusiyyətlərindəndir
və bir şəxsin eyni vaxtda oxumasını, oynamasını, rəqs etməsini və musiqi alətində çalmasını, həmçinin
tamaşaçını iştirakçıya
çevirməsini nəzərdə
tutur. Bu gün inkişaf dövrünü yaşayan
informasiya cəmiyyəti
də öz internet resursları, yüksək
texnologiyaları ilə
buna doğru irəliləyir və bu da bizə
bəzi mətləbləri
aça bilər.
Həmin
mətləblərdən biri
odur ki, müasir informasiya cəmiyyətində sinkretizmdə
olduğu kimi, passiv tamaşaçı olmaq mümkün deyil, bu cəmiyyət
istəyindən asılı
olmayaraq, hər kəsi iştirakçıya
çevirir. Bu gün saytı olmayan təşkilat ciddiyə alınmır, kompüterlə davrana bilməyən mütəxəssis
işə qəbul edilmir. Yəni cəmiyyət üzvünün
İKT-dən kənarda
qalması qəbuledilməzdir”.
Alim bir maraqlı ştrixi də önə çəkdi:
“Əslində informasiya
cəmiyyəti biz şərqlilər
üçün doğma
cəmiyyətdir. Çünki biz metafizik, qapalı çevrədə həyat
keçirdiyimizdən həmişə
informasiya cəmiyyətində
yaşamışıq. Yəni bu bizim həyat
tərzimiz olub. Karvansaralar, meyxanalar, çayxanalar, xeyir-şər məclisləri,
meydan tamaşaları
hər kəsi informasiya daşıyıcısına,
iştirakçıya çevirən
məkanlar olublar.
Burada sadəcə yüksək
texnologiyalar deyil, insan amili əsas
rol oynayıb”.
Deməli, istənilən halda biz incəsənətdə, teatrda
qapalı nümayişdən
qoparaq görülən
işi lokallıqdan çıxararaq qlobal müstəviyə qaldırmalıyıq. Özü də
hansısa teatrın tamaşasını “tənbəl”
sayt və ya sosial şəbəkədəki
hesabından səthi yanaşma ilə yox, düşündürəcək,
izləyici toplaya biləcək formada.
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2015.- 23
yanvar.- S. 13.