Ovqat dolu notlar...
Öz sənətkarlıq nəşəsilə mətnləri komedik-polifonik musiqi cövhərlərilə süsləyən Süleyman Ələsgərov
O, həyatda az kədər-qəm görməmişdi, “azillik” repressiya
“era”sında xalqın milli qaymaq
qisminin üzlənməsindən az nəm çəkməmişdi.
Operettalarının birindəki “Mən bilirəm eşq nədir - kişilərin kələyi”
replikasına rəğmən desək - yaxşı bilirdi sənət nədir - bu
dünyanın, bu aləmin bəzəyi!..
Öz dövrünün seçkin dillər əzbəri, söhbət, müzakirə, tərif-təltif hədəfi olmuş bu bəstəkar bunu çox yaxşı bildiyindən, hələ iyirmi üç yaşında ikən operetta yazmağa qol qoydu, “Göz qaralır, baş fırlanır, adam solur eşqdən” kimi qocafəndi muzdialoquyla bütün dövrlərimizin şedevri olmuş və olası muzmonoloq-dialoq abidələri yaratmış korifeyimizin - Üzeyir Hacıbəylinin başçılıq etdiyi sənətkarların cərgəsinə qoşuldu...
Konservatoriya tələbəliyində belə ona “Süleyman müəllim” deyə müraciət edənlər olurmuş. Buna qısqanan erməni, rus, yəhudi müəllimlər isə əsəblərini xüsusi vurğuyla “Aleskerov!” xitabı ilə soyudurmuşlar. İlk operettasının yaratdığı professional ajiotaj zamanı isə - hələ bir ayağı auditoriyada (sonuncu kursda) olan bu “uşağın” öz yaşını gizlədib-gizlətməmə “dilemma”sı da yaranmışdı. Ancaq o təəccüb və şübhələr - onun günü-gündən çağlayan istedadına və doğulduğu təbii konservatoriyaya - şöhrətli Şuşaya rəğmən - tezliklə əriyib getdi. O qısqanclıqlar, şübhələr, ehtimallar içərisindən heç zaman səhnədən düşməyəsi “Ulduz” adlı bir sənət ulduzu parladı, gənc Süleyman Ələsgərovu dövrün ulduzuna çevirdi və o, bütün ömrünü -
Həmin əsərdəki:
“Adam gərək namusu ilə başa vura işini” fikir-kredosu ilə yaşadı. Öz şəcərə örnəkləri və milli-mənəvi-əxlaqi keyfiyyətləri Süleyman Ələsgərovun ömür və sənət yolunda heç bir neqativ nüansın müdaxilə edə bilmədiyi mayak-dayağa çevrildi. Öz qabiliyyəti, hər mənada yar-yaraşığı, bir az da “Ulduz” operettasının populyarlıq işığı ilə 1949-cu ildə - iyirmi beş yaşında Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin direktoru təyin edildi. 1965-ci ilədək çalışdığı bu adlı-sanlı tədris-mədəniyyət ocağında yeni-yeni təşəbbüslərə, “səsi sonralar çıxası” perspektiv layihələrə qol qoydu. Buraya dəvət etdiyi xalq sənətkarlarının elmi-metodiki təcrübələrə də yiyələnmələrinə nail oldu. Həmin dövrdə xalq mahnılarının toplanması, işlənməsi, nota köçürülməsi və beləliklə, pərakəndə xalq malının ümummilli sərvətə çevrilməsi işində əsas simalardan birinə çevrildi. O vaxtlar artıq üç məşhur operetta müəllifi olan (“Ulduz”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”) Süleyman Ələsgərovun Azərbaycan radiosu dalğalarında sevə-sevə dinlənilən xanəndə və müğənnilərin mahnıları, ariyaları, solo və xüsusilə hər istirahət günü səsləndirilən “Muğamat konserti”ni professional şəkildə təqdim etmələrində də “məxfi” əməyi vardı.
Artıq musiqi sənətinin hər sahəsində yetkin-yetişmiş şəxsiyyət olan Süleyman Ələsgərov - bir müəllim olaraq, Azərbaycan mədəniyyətinin bu günü və gələcəyi üçün hərtərəfli kadrlar yetişdirirdi.
S.Ələsgərov 1966-cı ildə Azərbaycan Mədəniyyət Nazirliyində incəsənət şöbəsinin müdiri təyin edilir. Bu rəsmi, respublika miqyaslı görəv öz görüş-baxışlarını həyata keçirmək istəyən sənətkarın qarşısında geniş imkanlar açır. Lakin bu istedadlı insanın milli düşüncələrindən, perspektiv görüm-görəvlərindən duyuq düşən “internasional”çılar “təşkilati məsələ”yə baxaraq, Süleyman Ələsgərovu nazirlikdən uzaqlaşdırırlar və o, məmur qələmini Dövlət Radio və Televiziyası Xalq Çalğı Alətləri Orkestrinin dirijor çubuğu ilə əvəz etməli olur. “Məsələ” bir qədər “unudulandan” sonra isə Musiqili Komediya Teatrının direktoru təyin edilir.
O çox danışmazdı, amma danışanda müsahibinin mənəvi damağına çox kolorital dad-tam verirdi! Daim milli sənət, mədəniyyət haqda fikirləşən Süleyman müəllim hərdən oları dilə də gətirirdi: “Adam gərək keçmişin yaxşılarını nə qədər xatırlayırsa, özünün də gələcəkdə o qədər xatırlanması haqda düşünsün”. “Üzeyir bəyi, Mirzə Cəlili, Sabiri, Mirzə Fətəlisi olan bir ölkəni bölgələrə bölməklik milli ölməklik kimi bir şeydir”...
“Böyük Azərbaycan bəstəkarı”, “əbədi əsərlər müəllifi”, “nəfsi özündə, həya-sayalı ictimai xadim”, “kinofilmlərdə iştirak edən və musiqilərindən istifadə edilən”, “misilsiz musiqi tərtibatçısı” və s. kimi rəsmi-informativ fikirlərlə xatırlanan Süleyman müəllimin başqa “titul”ları da vardı: “Süleyman əmi”, “Süleyman qağa”, “Qənirsiz kolleqa”, “Etibarlı dost”... Ən maraqlı adı isə “Ağsaqqal Süleyman”! Özü də lap gəncliyindən almışdı bu imtiyazı. Və o, təkcə deməklə kifayətlənmir, həm də onları əməli ilə sübuta yetirirdi.
Bu məqam onun “Hardasan, ay subaylıq” operettasının havasına özlərinəməxsus “züy” tutanlara eyhami bir yarımbaşlıq:
Hardasan, ay populyarlıq?!.
Əvvəlcə bunu deyim ki, Süleyman Ələsgərov əsər-librettoları seçərkən, məncə, tək elə onların ideya-məzmun motivlərinə yox, həm də adlarına diqqət-maraq göstərirmiş.
İndi isə keçək onun bəzi müasirlərinin xəyali “iqtibas”çılığına. Yəni, müasir “muzıka”-şou-mou əhlinin əksəriyyətinin “hardasan, ay populyarlıq?!.” devizli “yaradıcılıq” çabalarına. O vaxtlar Süleyman və süleymanların adlarını yalnız afişalarda, üzlərini ictimai nəqliyyatda, ildə-rübdə bir kərə televizorda görər, səslərini ara-sıra radioda eşidərdik. Teatrlara gedəndə, tele-tamaşalara baxanda isə batman-batman, məzə-məzə, əsər-kəsər sənət nümunələri görərdik! Bəs indi, bəs indikilər?!. Bu haqda fikirləşəndə onlardan - elə rəhmətliyin növbəti operettalarından birinin adına “bab” xəyali cavablar eşidirəm: “Özümüz bilərik”! Qoy elə biz də onlara rəhmətliyin iki əsərinin adıyla səslənək: - Ay belənçik oğlanlar, “Milyonçunun dilənçi oğlu”ndan ayıb deyilmi?! - Ay xanımlar, sizin bu əndişəxanımlığınız “Həmişəxanım”ın xətrinə dəyməzmi?!.
Və nəhayət...
Yazmaqla qurtarmayası bu kimi sənətkarlara dair nə qədər sevgilər, öygülər söyləsən, azdır! Bəs “hardasan, ay populyarlıq” devizlilərə eyhamlar necə? Əlbəttə, bu barədə də nə qədər söyləsək, azdır. Yəni tarixən ölkələrin, millətlərin gününə daha çox qüdrətli sənət adamları ağlayıb-gülüblər.
“Ağlayıb-gülüblər” dedik, - camaatı sənətimizin gününə ağladıb-güldürüblər, yox!..
Tahir Əhmədalılar
Mədəniyyət.- 2015.- 23
yanvar.- S. 12.