“Bütün
telekanallarda yetirmələrim var”
“On tələbəmdən ikisi öz sənətinə yaxşı yiyələnəndə, yetişəndə bu məndə böyük fəxr doğurur”
“Quruluşçu
rejissoru Məhərrəm Bədirzadədir”.
Yəqin bu qeyd
çoxlarına tanışdır.
Tamaşaçıların sevə-sevə baxdığı televiziya tamaşalarının, maraqlı
teleproqramların müəllifi olan rejissor 50 ilə yaxındır ki,
bu sahədə çalışır.
Əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə 1945-ci ilin yanvarında Bakıda dünyaya göz açıb. 190 saylı orta məktəbi bitirdikdən sonra indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə qəbul olunub. Onun quruluş verdiyi bir çox tamaşalar Azərbaycan televiziyasının “qızıl fondu”nda qorunub saxlanılır. Azərbaycan televiziyası tarixində ilk rejissordur ki, Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl dərviş” mükafatına layiq görülüb. Quruluş verdiyi “Sarı gəlin” televiziya filminə görə “Qızıl qılınc” mükafatı ilə təltif edilib. “Gürzə” teleserialı isə 2009-cu ilin “ən yaxşı teleserialı” adını qazanıb.
Məhərrəm müəllim Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissorluq kafedrasının dosentidir. Onu da qeyd edək ki, Qarabağ savaşının ən ağır illərində öz sənət dostları ilə cəbhə xəttinə gedərək hər kəsi “Ocaq başı”na yığıb ürəklərə Vətən, torpaq sevgisi, qələbə əzmi axıdan bu yorulmaz insan dəfələrlə ölüm təhlükəsi ilə rastlaşıb. Son illər “Gəzdim Azərbaycanı”, “Tamam ciddi”, “Yumor, yumor” kimi kütləvi əyləncəli proqramlarla evlərə müsafir olan Məhərrəm Bədirzadə həm də teletamaşaçı məhəbbətini qazanan “Qayınana əməliyyatı”, “Gəlinlər” komediyalarına quruluş verib.
Bugünlərdə 70 yaşını tamamlayan rejissorla həmsöhbət olduq. Ötən illəri xatırlayan həmsöhbətim vaxtilə aktyorluq sevdası ilə yaşadığını, lakin rejissorluğun onun alın yazısı olduğunu deyir.
“Arzum teatr aktyoru
olmaq idi”
Orta məktəbdə
oxuyanda Azərbaycan televiziyasında uşaq rollarını oynayardım. Arzum teatr
aktyoru olmaq idi. Evdən aktyor olmağımı
istəmədilər, elə
bu səbəbdən də sənədlərimi
rejissorluq fakültəsinə
verdim. 1967-ci ildə radioda rejissor kimi fəaliyyətə
başladım. Bir sıra
tamaşalarda rejissor assistenti kimi işlədim. O dövrdə
teatra gəlmək çətin idi. Orada Adil İsgəndərov, Tofiq Kazımov, Mehdi Məmmədov, Məhərrəm Haşımov,
Əşrəf Quliyev
kimi sənətkarlar vardı. 1971-ci ildən televiziyaya keçdim. Teatr rejissoru ola
bilməsəm də,
1972-ci ildə ilk dəfə
M.F.Axundzadənin “Lənkəran
xanının vəziri”
tamaşasını hazırlamışam.
İkisaatlıq tamaşa efirdə
canlı yayımlandı.
Baş rolda Əliağa Ağayev, Ağahüseyn Cavadov, Kamal Xudaverdiyev oynayırdılar.
Səhnəni elə qurmuşdum
ki, hər dəfə pərdə qalxanda başqa bir məkan olurdu. Hətta bu tamaşada
rəqs də vardı, sonda hamı “Yallı” gedirdi. Mehdi Məmmədov, Tofiq Kazımov kimi qüdrətli rejissorlara bir neçə tamaşada assistentlik etmişəm.
Düşərli “Səhər görüşləri”
Azərbaycan Televiziyasında “Səhər
görüşləri” verilişi
ilk dəfə 1976-cı il aprelin 4-də yayımlandı. Bu verilişin həyatımda
önəmli yeri var. Verilişin mənə tapşırılması böyük
məsuliyyət idi və mənə uğur gətirdi. Bir çox tanınmış aktyorlar
bu proqramda iştirak etmək üçün can atırdılar.
“Səhər görüşləri”
mənə böyük
stimul verdi.
Həyatın “Dalğa”ları
“Dalğa” proqramı
efirə getdiyi ilk gündən geniş əks-səda doğurdu. Bu proqramda müxtəlif sahələri əks etdirəm məsələlər
öz əksini tapırdı. Tamaşaçıların
marağı da böyük idi. Bu layihədə İlqar
Əlfioğlu ilə
birlikdə çalışdım.
Onun aparıcılıq qabiliyyəti,
peşəkarlığı bizim verilişi daha da populyar
etdi. Bütün rayonlarda, cəbhə
bölgələrində olurduq.
“Dalğa” yaradıcılığıma
həm də publisistikanı gətirdi.
İncə yumorlu teletamaşalar
O vaxtlar tamaşa hazırlamağa çox da imkan yox
idi. Çox istəyirdim tamaşalar
hazırlayım. Həyatımın ən məhsuldar dövrü 1990-cı ildən
bu günə qədər olan mərhələdir. Bu illər
ərzində bir çox tamaşaların çəkilişinə nail oldum.
Xronoloji ardıcıllığa
nəzər salanda AzTV-nin 25 il
müddətində ən
məhsuldar rejissoru sayılıram və mənə daha çox şöhrət qazandıran çəkdiyim
televiziya tamaşaları,
eləcə də televiziya filmləridir. Elçinin “Mən sənin dayınam”, Mirzəağa
Atəşin “Gəlinlər”,
Əhməd Orucoğlunun
“Qayınana əməliyyatı”,
İsi Məlikzadənin
“Gəl qohum olaq” və s. əsərlər əsasında
hazırladığım teletamaşalar
incə yumoru, gözlənilməz məqamları
ilə yadda qalıb. “Sonuncu
şahid”, “Gürzə”,
“Ünvansız eşq”
teleserialları milli televiziyada bu istiqamətdə ilk nümunələrdir.
“Yetirmələrimlə fəxr
edirəm”
Düzü, dərs demək, tələbələr yetişdirmək
fikrim yox idi. Amma hərdən
hiss edirdim ki, mütləq bildiklərimi
gələcək nəslə
ötürməliyəm. Televiziya teatrı
fərqli sahədir.
Teatr rejissoru təkcə öz truppasından istifadə edə bilirsə, televiziya rejissorunun imkanı daha genişdir. Biz istənilən teatrdan aktyor dəvət edə bilərdik. Teatrlarda bu dəvətlər
son illərdə həyata
keçməyə başlayıb.
Amma televiziya tamaşalarında
həmişə aktyorlar
bir buket şəklində yığılıb.
Artıq 10 ildir ki, Mədəniyyət
və İncəsənət
Universitetində dərs
deyirəm. On tələbəmdən
ikisi öz sənətinə yaxşı
yiyələnəndə, yetişəndə
bu məndə böyük fəxr doğurur. Biz mərhum
Tariyel Vəliyevlə
Yeni il
çəkilişləri zamanı
günlərlə evə
getmədən işləmişik.
Bütün telekanallarda yetişdirmələrim
var. Bəzən zəng
edib mənimlə məsləhətləşirlər. Bu zaman çox
sevinirəm. Məni yaşadan
da budur. Onların sayəsində bu yaşımda özüm də yeni axtarışlara
başlayıram. Bəzən elə
suallarla müraciət
edirlər ki, bütün gecəni işləyirəm, internet və
kitablar, bu günə qədər etdiyim eksperimentləri yenidən nəzərdən
keçirib onların
suallarını cavablandırmağa
çalışıram. Bütün bunlar məni gəncləşdirir.
Ailə
də, sənət də müqəddəsdir
Ailə mənim üçün birinci kadrdır. Yubileyimlə bağlı dövlət televiziyası veriliş hazırladı. Orada çıxış
edən dostlarımın
hər birinin “Məhərrəmin gözəl
ailəsi var” söyləməsi mənim
üçün böyük
sevinc hissi idi. Ailəcanlı olmağımla hər
zaman fəxr etmişəm. Ona görə
ki, biz sənətə
gələn vaxtlarda rejissorlara, aktyorlara qız vermirdilər.
Buna imkan yaradanlar
var idi ki,
haqqımızda belə
düşünürdülər. Amma bu sahədə çalışan mənim
kimilər sübut etdi ki, ailə
də, sənət də hər ikisi müqəddəsdir.
Həmişə ailəmi birinci
düşünmüşəm. Yaradıcılığımda da həmişə
ilk tənqidçim ailəm
olub. İki qızım, 4 nəvəm
həyatda qazandığım
ən dəyərli, ən qiymətli varlıqlardır.
Dostluğa sədaqət
Dostlarım çoxdur və onlara sadiqəm. Düzdür, bəzən deyirlər, insanın çoxlu dostu olmamalıdır.
Amma məndə əksinədir.
Son dövrdə çəkdiyim televiziya tamaşalarını müxtəlif
istirahət mərkəzlərində
və təşkilatlarda
lentə almışıq.
Bunların heç biri
üçün cüzi
də olsa pul ödəməmişəm.
Bunlar dostlarımın sayəsində
mümkün olub.
Unutqan dostları yad etmək məqsədilə
bir hadisəni xatırladıram. Bəlkə də
bəzən soyuqqanlı
olmaq, çox da ifrata varmaq
lazım deyil. Həyatımda unutmadığım
bir dostum da var. Bir vaxtlar
onun yerinə düz 4 il
işləyib ayın
axırı da qol çəkib pul aldım. Həmin pulu da Sankt-Peterburqda təhsil alan
həmin dostuma göndərirdim. Kasıb, amma
istedadlı idi. Bir gündə iki nəfərin yerinə işlədiyimi ailəm də bilmirdi. Amma dostum qayıtdı
və heç elə bil mən
adda adam
tanımır. Bəzən
dost seçimində də
yanılmamaq gərək.
Bu gün ətrafımda
yaxşı dostlar çoxdur. Xalq artisti Azər
Paşa Nemətov ən yaxın dostlarımdan biridir.
Bölgələrdə də
yaxşı dostlarım
var. Allah bütün dostlara
cansağlığı versin!
“Tələbələrimlə müzakirələr
edir, axtarışlar aparıram”
Bu gün işləməyə,
yaratmağa bütün
imkanlar var. Televiziyada vaxtaşırı verilişlər,
tamaşalar hazırlayıram. Həm universitetdə,
həm də televiziyada tələbələrimlə
müzakirələr edir,
axtarışlar aparıram.
Onlar məndən öyrənir,
mən onlardan. Gənclərə tövsiyəm budur
ki, mütaliə etsinlər, dünya televiziyalarının təcrübələrindən
yararlansınlar. Sənəti sevsinlər. Özlərini sənətdə yox, sənəti özlərində
tapa bilsinlər.
Televiziya
həm məsuliyyət,
həm də sehrli bir aləmdir.
Lalə Azəri
Mədəniyyət.- 2015.- 23
yanvar.- S. 7.