Londonda 20 Yanvar faciəsinin
qurbanları anılıb
Azərbaycanın
Böyük Britaniyadakı səfirliyi və
“Buta” İncəsənət Mərkəzinin
birgə təşkilatçılığı ilə Londonda 20 Yanvar faciəsinin
25-ci ildönümü ilə əlaqədar
anım tədbiri keçirilib.
“Buta” İncəsənət Mərkəzinin direktoru Nəsib Piriyev çıxış edərək faciənin tarixi haqqında məlumat verib, 20 Yanvarı xalqımızın azadlıq mübarizəsinin nümunəsi kimi qiymətləndirib.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə 20 Yanvar faciəsinin kədərli olduğu qədər tariximizin şanlı səhifəsi olduğunu qeyd edib: “Həmin gün Azərbaycan xalqı azadlıq əzmini göstərdi. Bu hadisə ölkəmizin müstəqilliyinin bərpası üçün böyük təkan oldu. Sovet hərb maşınının Azərbaycanda törətdiyi qanlı qırğın mahiyyətinə görə dövlətin öz vətəndaşlarına qarşı misli görünməmiş təcavüzü idi”.
Səfir vurğulayıb ki, 20 Yanvar faciəsi həmin dövrdə “Human Right Watch” hüquq müdafiəsi təşkilatı, ABŞ-ın bir sıra nüfuzlu mətbuat qurumları və s. daxil olmaqla dünya ictimaiyyətinin də diqqət mərkəzində olub. Bu hadisəni törədənlərin layiqli cəzalarını tapacaqlarına əminlik ifadə olunub.
Tədbir iştirakçıları məşhur
rejissor Andrey Konçalovskinin Qanlı Yanvar
hadisələrini siyasi və ictimai nöqteyi-nəzərdən ətraflı
təhlil edən sənədli filminə baxıblar. Sonra rejissor A.Konçalovski strateji məsələlər
üzrə mütəxəssis Susanna Simons ilə birlikdə filmin
və 20 Yanvar faciəsinin müzakirəsini
aparıblar, iştirakçıların sualları
cavablandırılıb.
Mədəniyyət.- 2015.- 23
yanvar.- S. 6.