“O gecə şəhidlik
zirvəsinə səsləyirdi”
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş “O gecə şəhidlik zirvəsinə səsləyirdi” adlı dəyirmi masa keçirilib.
Tədbiri kitabxananın direktoru T.Sadıqov açaraq qeyd edib ki, 1990-cı ilin 20 yanvarında sovet dövlətinin hərbi maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qırğın insanlıq əleyhinə ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. Milli azadlıq, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya nümayiş etdirdi.
“Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə, “Qadın Hüquqlarının Müdafiəsi” ictimai birliyinin sədri Mehriban Abdullayeva, Respublika Ağsaqqallar və Veteranlar Şurasının üzvü Sevil İsrafilova, şair-həkim Şahlar Baba və digər çıxış edənlər bildiriblər ki, 20 Yanvar milli hüzn günü olmaqla yanaşı, tariximizin şanlı səhifəsidir. Həmin gecə xalqımız yenilməzliyini, azadlıq uğrunda mübarizə əzmini nümayiş etdirdi və sonda azadlığına qovuşdu. Nəsillər dəyişəcək, lakin vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır. Bugünkü azadlığımız, suverenliyimizə görə şəhidlərimizə borcluyuq.
Tədbirdə faciə ilə bağlı slaydlar və bəstəkar Sevinc
Tofiqqızının 20 Yanvara həsr etdiyi musiqi kompozisiyası nümayiş olunub. Sonda “Qanlı Yanvar,
Qanlı Gün” adlı kitab
sərgisinə baxış keçirilib.
Mədəniyyət.- 2015.- 23
yanvar.- S. 6.