Vətəndaşlarla
görüşlərdə bir sıra
problemlər həllini tapır
Mədəniyyət və turizm naziri Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzən rayonlarının sakinlərini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri
bölgələrdə hər ay vətəndaşlarla
görüşlər keçirirlər. Mədəniyyət
və turizm naziri
Əbülfəs Qarayev yanvarın 22-də
Şabran şəhərindəki Heydər
Əliyev Mərkəzində Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzən rayonlarının
sakinlərini qəbul edib.
Nazir qəbuldan öncə ümummilli lider Heydər Əliyevin Şabran rayonunun mərkəzində yerləşən abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub.
Mədəniyyət və Turizm Nazirliyinin mct@mct.gov.az elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt: 147) vasitəsilə, eləcə də müvafiq şəhər-rayon mədəniyyət və turizm şöbələrinə müraciət etməklə 40-dan çox vətəndaş qəbula yazılmışdı. Nazirliyin məsul işçilərinin iştirak etdikləri görüşdə vətəndaşların müxtəlif məsələlərə dair xahiş və təklifləri səsləndirilib.
Müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, tarixi-mədəni irsin qorunması, xalq yaradıcılığının təbliği, mədəniyyət ocaqlarının ixtisaslı kadrlarla təminatı, uşaq incəsənət və musiqi məktəblərinin musiqi alətləri ilə təchizatı və digər məsələlərlə bağlı olub.
Şabran rayonunda "Çıraqqala" Tarix-Memarlıq Qoruğunda bərpa işlərinin aparılması, rayondakı Pirəbədil Tarix Muzeyinin adının dəyişdirilməsi ilə əlaqədar muzey ekspozisiyanın yenidən qurulması, Xaçmaz rayonunun turizm potensialı nəzərə alınaraq tarix və mədəniyyət abidələrinin bərpa olunması barədə təkliflər səslənib.
Siyəzəndə uşaq incəsənət məktəbi üçün rəqs zalının tikilməsi, Siyəzən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə uşaq ədəbiyyatının verilməsi, Qusar şəhərində uşaq incəsənət məktəbinin musiqi alətləri ilə, Quba rayonundakı Bəşir Səfəroğlu adına Mədəniyyət evinin milli geyimlər və aksesuarlarla təmin olunmasında köməklik göstərilməsi xahiş edilib.
Nazir qəbuldan sonra jurnalistlərə
müsahibəsində bildirib ki, ölkə başçısının
göstərişinə əsasən yerlərdə mütəmadi
olaraq vətəndaşlarla keçirilən
görüşlər mövcud problemlərin
öyrənilməsi və həlli baxımdan mühüm
önəm daşıyır. Nazir bütün müraciətlərin nəzərdən
keçiriləcəyini, qaldırılan məsələlərin
həlli ilə bağlı tədbirlərin görüləcəyini
bildirib. Qeyd edilib ki, bəzi vətəndaşların
sosial məsələlərə dair xahişləri də diqqətdə
saxlanılacaq.
Mədəniyyət.- 2015.- 23
yanvar.- S. 3.