Heykələ dönən nakam ömür

 

Heykəltəraşların yaratdıqları daşla yazılan tarixdir - ədəbi yaddaşın, qəhrəmanlığın, mədəniyyətin tarixi. Onlar ömür adlı əsəri daşla cilalayır, sənətlə əbədiləşdirirlər. 40 səhifəlik həyat kitabına bir-birindən maraqlı örnəklər həkk edən sənətkarlardan birinakam taleli memar-heykəltəraş Hüseyn Əhmədov olub.

 

Hüseyn Məhəmməd oğlu Əhmədov 1915-ci ilin martında Şuşada dünyaya göz açıb. Azərbaycanda sovet hakimiyyətinin qurulduğu (1920) vaxtda ailə paytaxt Bakıya köçür. Hüseyn İçərişəhərdə əsrarəngiz mühitdə böyüyür. Yeni quruluş özü ilə problemlər də gətirir. Belə ki, onun gözləri qarşısında şəhərin tarixi memarlıq abidələri dağıdılır, məhv edilir. Gördüklərini yaddaşına köçürməklə bərabər, həm də karandaşla kağız üzərinə çəkir.

O, 4 saylı şəhər məktəbində təhsil alır. Ara-sıra şəkil çəkməyə də vaxt tapır. Mömin atası onun bu marağına qarşı olsa da, oğlu bu istiqamətdə irəliləmək istəyir. Beləliklə, Hüseyn Bakı Rəssamlıq Məktəbinə daxil olur. O həmin günləri öz xatirələrində belə qeyd edib: “Rəssamlıq məktəbinə qəbul olunanda sevincimdən yerə-göyə sığmırdım ki, rəssam olacağam. Fırçamı cürbəcür rənglərə batırıb kətan üzərində şəkil çəkəcəyəm. Gördüklərimi, düşündüklərimi istədiyim kimi çəkəcəyəm. Heç kim fırçamı əlimdən ala bilməyəcək. Heç atam da...”

Hüseyn Əhmədov məktəbin boyakarlıq şöbəsində oxusa da, heykəltəraşlıq dərslərinə daha çox həvəs göstərir. Gili ovxalayaraq ondan kiçik fiqurlar düzəltmək onun xoşuna gəlir. O zaman görkəmli fars şairi Əbülqasım Firdovsinin 1000 illik yubileyinə həsr olunan silsilə tədbirlər çərçivəsində Ədəbiyyat Muzeyində rəssam Rüstəm Mustafayevin tərtibat verdiyi sərginin təntənəli açılışı olur. Sərgidə tanınmış rəssam və heykəltəraşlarla yanaşı, sənətdə ilk addımlarını atan gənclər də iştirak edir. İki gənc heykəltəraşın - Fuad Əbdürrəhmanovun “Atıcı” və Hüseyn Əhmədovun “Firdovsinin portreti” əsərləri nümayiş olunur və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.

Sonra Hüseyn təhsilini Sankt-Peterburq Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsində davam etdirir. Məşhur heykəltəraş Viktor Sinayskidən sənətin sirlərini öyrənir. Lakin hər şeyə maraq göstərmək, gecə-gündüz yorulmadan çalışmaq və günün çoxunu muzeylərdə keçirmək onun səhhətində problemlər yaradır. O, Bakıya mükəmməl bilik, zəngin təcrübə, həm də qürbətdə tapdığı xəstəliklə qayıdır...

Böyük əzmkarlıq və maraqla yaradıcılığa başlayan H.Əhmədov tanınmış heykəltəraşlarla birlikdə müxtəlif layihələr üzərində çalışır. Paytaxtın küçə və xiyabanlarında ucaldılacağı nəzərdə tutulan heykəltəraşlıq əsərlərinin eskizlərinin hazırlanmasında yaxından iştirak edir.

İkinci Dünya müharibəsi zamanı könüllü olaraq cəbhəyə gedən heykəltəraş ağır döyüşlərdə iştirak edir. Dözülməz müharibə şəraitində onun onsuz da zəif olan səhhəti daha da ağırlaşır. 1943-cü ildə Kursk şəhəri uğrunda döyüşlərdə ağır yaralanır və ordu sıralarından tərxis olunaraq Bakıya qayıdır. Rəssam və heykəltəraşlarla əlaqələr qurur, yaradıcılığını davam etdirir.

O, Azərbaycanın dahi şəxsiyyətlərinin, əmək qəhrəmanlarının, şairlərinin obrazlarını heykəllərdə canlandırıb. Böyük satira ustası Mirzə Ələkbər Sabirin vətəni Şamaxıda ucaldılan möhtəşəm heykəlinin müəllifidir. Heykəltəraş 1945-ci ildə Babəkin atlı fiqurunun eskizlərini və kiçik modelini hazırlayır. Əsər Babəkin simasında xalqımızın qəhrəmanlıq tarixini əks etdirən monumental bir abidə kimi nəzərdə tutulur. Vaxtilə onunla dostluq edən Xalq rəssamı Sadıq Şərifzadə xatirələrində yazır: “Babəkin obrazını yaratmaq üçün Hüseyn daim axtarışda idi. Bu xalq qəhrəmanının yaşadığı dövrə aid kitabları oxuyur və tarixçilərlə məsləhətləşirdi. Öyrəndiklərini mənimlə də bölüşürdü... Atın plastikasını Hüseyn qədər bilən ikinci sənətkar yox idi. O, atın hər hərəkətini heykəldə canlandıra bilirdi. Onun “Babək”i xalqımızın qəhrəmanlığını əks etdirən simvol, şəhərimizin isə ən gözəl atlı heykəli olmalı idi”.

H.Əhmədov portret yaratmaqda mahir olub. Onun əl işləri sırasında Sosialist Əməyi Qəhrəmanları Şamama Həsənova Bəsti Bağırovanın büstlərini, Nazim Hikmətin, Abdulla Şaiqin, eləcə Sovet İttifaqı Qəhrəmanları Qafur Məmmədovun, Gəray Əsədov, Xəlil Məmmədov, Məzahir Abbasovun büst-portretlərini qeyd etmək olar. Sənətkar müharibədən sonrakı yaradıcılığını əsasən Azərbaycanın igid oğullarına həsr edib.

Lakin xəstəlik döyüşlərdən bədənində qalan qəlpələr ona əzab verirdi. O, bütün həyat eşqi yaradıcılıq həvəsi ilə ağrılarını unutmağa çalışsa da, əvvəlki kimi həvəslə, ardıcıl işləyə bilmirdi. Ağrıların əlindən qurtula bilməyən tişə ustası illərlə qəlbində gəzdirdiyi bir arzunu reallaşdırmağa çalışır. “Ana” portreti 40 yaşlı heykəltəraşın sənət dünyasına bəxş etdiyi son əsəri olur...

Hüseyn Əhmədovun həyat eşqi, planları yarıda qalır, 1955-ci ildə, yaradıcılığının çiçəklənən çağında vəfat edir.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2015.- 28 yanvar.- S. 15.