İki sonsuzluq...
Hər ikisi bir taledə:
biri bio-genealoji, o biri...
Yox, o birini qısa ifadə edə bilmədim. Çünki haqqında
bəhs etdiyim bu böyük Azərbaycan simasının
ədəbi sonsuzluğa
işləyən işlərini,
xidmətlərini, milli-mənəvi
kredosunun, fədakarlıq
fəlsəfəsini kulturoloji,
sosioloji, maarif-metodoloji
kimi terminlər tam ehtiva etmir. Bu sima - elə onun yaşadığı
dövrdəki xalq taleli, millət görəvli, çox sahədə görkəmli,
milli gələnəklərimizlə
ilgili bir məsələdə isə
olduqca əzəmətli
Firudin bəy Köçərli!
Bəs, qədir-qiymət
həllini hələ
də qədərincə
tapmamış həmin
məsələ nədən
ibarət? Bütün şüurlu ömrünü
maarif, pedaqogika, ədəbiyyat, ədəbiyyatşünaslıq,
publisistika və s. bu kimi universal-ümumxəlqi irs sahibi olan bu
milli azmanın ümummaarif və mədəniyyət taleyimizdə
müstəsna rol oynamış məşhur
Zaqafqaziya Müəllimlər
Seminariyasının Azərbaycan
şöbəsini Gürcüstandan
Vətənimizə gətirməsi!..
Bəli,
evində qəlbə
fərəhlər saçan
uşaq səsindən,
“ata!” çağrısından
məhrum bir sonsuzluq yaşayan bu insan, məmləkətinin
say-seçmə övladlarına
maarifçilik Dədəliyi
etməklə, əbədi
bir milli dəyər sonsuzluğuna
bünövrə atmış
oldu...
O belə-belə müqəddəs
işlər görməkdə,
qatı daşnaklığını
gizlədib XI Qızıl
ordu sıralarına soxularaq “ən vəfalı bolşevik” donuna girmiş erməni Liberman(lar)a qoşulan H.Sultanov(lar) isə Gəncədən kilometrlərlə uzaqda maarifçiliklə məşğul
olan Qazax Müəllimlər Seminariyasının
direktoru işləyən
bu mələkmisal kişini yuxarılara “Gəncə üsyanının
əsas təşkilatçısı”
kimi protokollaşdırmaqda...
1920-ci il iyunun
4-də tərtib olunan
(və o dövrlərdə
sayı-hesabı bilinməyən)
həmin protokolda bu xalqın qatı yadelli yağısı ilə yerli lakeyi birləşərək
-
Yazırdılar:
“Mən, iyirminci
diviziyanın Xüsusi
şöbəsinin hərbi
müstəntiqi bu gün Firudin bəy Köçərlinskinin
əksinqilabçı kimi
ittihamnaməsi üzrə
işinə baxaraq və Qazax İnqilab
Komitəsinin ona verdiyi xasiyyətnaməni nəzərə alaraq bildirirəm ki, müttəhim Köçərlinski
özünün hakimiyyətindən
(!? - red.) və
böyük səlahiyyətindən
istifadə edərək
zəhmətkeş xalqa
zorakılıq göstərmişdir.
Köçərlinski Qazaxda millətçilik
ehtiraslarını qızışdırmış,
nəticədə qonşu
millətlər arasında
toqquşmalar baş vermişdir. Onun verdiyi izahat heç də inandırıcı deyildir...
Müttəhim Köçərlinskinin şahidlərin dindirilməsi
haqqında ərizəsini
nəticəsiz qoymaq
(rədd etmək) lazımdır. Onun gələcəkdə azadlıqda
qalması Qazax qəzasında əksinqilabi
hərəkatın baş
verməsinə, fəhlə
və kəndlilərin
günahsız olaraq qanlarının tökülməsinə
səbəb ola
bilər.
Qərara
alınır: müttəhim
Köçərlinski güllələnsin.
Təsdiq
edirəm: 7 №li Xüsusi bölmənin rəisi Liberman.
Təsdiq
edirəm: Fövqəladə
komissar H.Sultanov”.
Həmin
tarixçəni təkrar
qeyd edək: “4 iyun 1920-ci il,
Gəncə...”
Deməli, bolşeviklər (hər yerdə olduğu kimi) bu xalqın
daha fəal düşünən beyinlərini,
bəyandar dillərini,
ziyalı ordusu yetişdirən aydınlarını
öz hakimiyyətlərinin
siyasi “izdivac gərdəyi”ndəcə boğurmuşlar
ki, yaxın gələcəkdəki total repressiya
maşınları maneəsiz
hərəkət etsin.
O maneələrdən biri də - milli taleyimizə azman maarif xadimi, universal mədəniyyət mücahidi
timsalında doğulmuş
Firudin bəy Köçərliydi ki, bir neçə abzas da -
Bioloji doğuluş-oluşundan...
1863-cü
ildə Şuşada doğulmuş, oradakı beş-on erməni-rus uşağının “benefis”inə
açılmış “rus
şkolası”nda oxumuş,
1878-ci ildə məşhur
“tələbəaxtaran” Aleksey Çernyayevskinin bu şəhərə gəlib
onu da seçməsilə
Qori Müəllimlər
Seminariyasına yollanmış
və qısa sürəli ayrılıqları,
habelə bəzi “xırda-para” təcridolunmaları
istisna edilməklə,
bütün ömrünü
bu məktəbin qəriblikdəki və doğma yurdumuzdakı dönəm-dövranına həsr
və fəda etmişdir. Həmin istisnalar isə onun 1885-ci ildə (22 yaşında) qədim yurdumuz İrəvana gəlməsi, növbəti
il “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasının - bütün
şəhərdə hadisəyə
çevrilən tamaşasını
təşkil etməsi,
daha sonra “Vətən dili” dərsliyinin birinci hissəsinin yenidən işlənməsində əvəzsiz
xidmətləri kimi məsələlərdən ibarət.
1910-cu ildəsə o, Qori müəllimlər seminariyasında Azərbaycan
şöbəsinin təlimatçısı
təyin edilir, burada qəriblik və qəribəliklərə
alışmaqda çətinliklər
çəkən azərbaycanlı
müdavimlərə psixoloji,
maddi-mənəvi cəhətdən
həyan olur.
Və nəhayət, yazının
girişində toxunduğum
kimi, 1918-ci ilin yazında... milli alnımıza yazılan bir işə qol qoyur: həmin
seminariyanın mükəlləfiyyətini
bir vaqona yükləyərək Azərbaycana
doğru tarixi yol başlayır...
...Bu böyük yolda o özü fizikən ikicə il
olsa da, mənən hələ də səfərdədir...
...O vaxtların böyük ürək sahibi, millət düşüncəlisi,
xalq səxavətlisi
- qazaxlı Məşədi
İbrahimin on yeddi otaqlı mülkündə
bünövrə edilən
o seminariyanı bitirənlər
onun arzu və əməllərini,
amal və duyğularını bu gün də yaşadır və biri-birinə ötürülən
bu mənəvi miras əbədi olaraq da yaşayacaq.
Nədən ki, belə yollar heç bir mənzil-məsafədə
kəsilmir, bitmir.
Nə olsun ki, o yolun bazisi
olan o məktəb bütün əşyaları
və zəngin kitabxanası ilə birgə Qazax rayon NKVD-si Xoren Qriqoryan
yoldaşın “erqu-eres”
kəlməsi ilə yandırılıb kül
edilmişdir?!
Bir-iki kəlmə də özümüzünkülərdən:
“Seminariya yüklü” qatarın qabağını
(Poylu stansiyasına çata-çatda) kəsən
gürcü atlılarının
qəzəbli qara-qışqırığını,
yüksək çinli
zabitin “bu saat vaqonu açın
və Gürcüstana
qaytarın!” əmrini
eşidən stansiya rəisi onları sakitləşdirdikdən sonra,
çıxılmaz vəziyyətdə
qalmış F.Köçərlinin
qulağına əyilib
deyir: “Firudin bəy, heç narahat olmayın. Mən özüm hər şeyi həll edəjəm. Siz məni tanımasanız da, mən cənabınızın
necə böyük millət xadimi olduğunuzu bilerəm...”
Böyük şairimiz S.Vurğunun
nənəsi Aşa arvad balaca Səmədin
seminariyaya qəbulundan
sonra deyir: “Ay Firuddin qağa, indiyəcən elə bilerdim bu anadan
yetimi bir tərəfə çıxara
bilmiyəjəyik. Səni
ki gördüm, sən ki bu
tifili sorğu-suval eliyif belə qiymətdəndirdin, day dərdim
başımnan da düşdü, huşumnan
da...”
Həmin
seminariyanı bitirmiş
şair Osman Sarıvəlli: “Firudin bəy bizə yuxarı siniflərdə dərs deyəcəkdi. Təəssüf ki, qismət
olmadı, 20-ci ildə
güllələndi. Onun
seminariyası bizə
təkcə bilik, məlumat yox, əsl həyat dərsi, tükənməz
yaradıcılıq eşqi
verdi”.
On yeddi otaqlı mülkünü seminariyaya
verib, böyük ailəsilə Kosalar kəndindəki sadə evə köçən Məşədi İbrahimdən
soruşanda ki, bu nə “əliaçıqlıq”dı
etdin, cavabında deyir: “Mən Firudin bəyin məktəbinə bina verdim, bu məktəb
isə bu millətin binəsini qoyacaq!”
Görkəmli yazıçı və
alim Mir Cəlal Firudin bəy haqqında genişhəcmli,
dərin məzmunlu bir yazısını aşağıdakı sözlərlə
bitirib: “Bir institutun görə bilmədiyi işi Firudin bəy Köçərli təkbaşına
görmüşdür”.
...Bir neçə kəlmə də öz dilindən
1910-cu il. Axşamçağı.
Qorinin soyuq-sazaqlı qış axşamlarından biri.
Dərsdən evə qayıdan
Firudin bəy xanımını əliqoynunda
görür. Hər
gəlişində, görüş-qonuşunda
məşhur Vəkilovlardan
olan bu əsilli-nəsilli
xanımla yüksək
əyarlı zarafatlar
edən Firudin bəy təşvişlə
soruşur:
- Noolub, Badisəba, bu nə qəm?
Olmaya Şuşadan, ya Qazaxdan bəd xəbər var?
Badisəba xanım kədərlə
bir köks ötürür:
- Eh, ay Firudin... Xəbər uzaqlardan deyil, budu burdandı, - deyib, ürəyini nişan verir.
- Bu qədər ömür
sürdük, Tanrı
bizə bir övlad da vermədi
ki, nişanəmiz qalsın...
Firudin bəy də öncə bir ürəkdolusu köks ötürür, amma dərhal da gülümsünüb, xanımını
bu təbii hisslər sıxıntısından
çıxarmağa çalışır:
- Fikir eləmə, Badim! Bu seminariyada
oxumuş, oxuyan və oxuyası azərbaycanlı balalar bizim də balalarımızdır.
Bizi kim
unutsa da, onlar yaddan çıxarmazlar.
Bu, mənim yəqinimdir.
Necə ki indi görüb-eşidirik,
gələcəkdə isə
ruhumuzla duyarıq...
Tahir Əhmədalılar
Mədəniyyət.- 2015.- 28
yanvar.- S. 13.