Azərbaycan və
Türkiyənin turizm əməkdaşlığı
Əlaqələrin inkişafı üçün dövlət qurumları ilə yanaşı ictimai təşkilatların da birgə fəaliyyəti vacibdir
Xəbər verdiyimiz kimi, yanvarın
22-dən 25-dək İstanbulda
keçirilən «EMİTT-2015» beynəlxalq turizm
sərgisində Azərbaycan geniş tərkibli
nümayəndə heyəti ilə təmsil olunub.
Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərlik etdiyi heyətdə şöbənin Regionlarda turizmin inkişafı sektorunun məsləhətçisi Cəmil Kəlbəliyev, Bakı Turizm İnformasiya Mərkəzinin turizm işi üzrə mütəxəssisi Elin Abasov, habelə 8 turizm şirkəti ("Greenwich travel", "Millennium Tourism and Congress", "Gilan tourism", "Regea travel", "Geo travel", "Proxy travel", "Meridian travel", "Vector travel") və 3 mehmanxananın ("Rixos Quba Azerbaijan", "Chinar Hotel and Spa Naftalan", "Duzdağ hotel") nümayəndələri yer alıb.
2003-cü ildən başlayaraq Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq on üçüncü dəfə "EMİTT" beynəlxalq turizm sərgisində təmsil olunublar. Budəfəki sərgidə Azərbaycanın turizm potensialı 72 kvadratmetrlik sahədə nümayiş etdirilib. Milli stendimizdə qonaqlara ingilis və türk dillərində 15 adda reklam-çap məhsulları paylanıb, ölkəmizin turizm imkanları, bu ilin iyununda Bakıda keçiriləcək I Avropa Oyunları barədə məlumat verilib.
Sərgi çərçivəsində yanvarın 22-də Mədəniyyət və Turizm Nazirliyi və TÜRSAB-ın birgə təşkilatçılığı ilə Azərbaycan və Türkiyə turizm sənayesinin nümayəndələrinin görüşü keçirilib. İki ölkənin turizm şirkətləri və mehmanxana təmsilçilərinin qatıldığı görüşdə TÜRSAB-ın rəhbəri Başaran Ulusoy, Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev, Azərbaycan Turizm Assosiasiyası idarə heyətinin sədri Nahid Bağırov və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev iştirak ediblər.
Tədbirdə çıxış edən Aydın İsmiyev Türkiyə və Azərbaycanın turizm sənayesi arasında turizm sahəsində ilk toplantının keçirildiyini vurğulayıb və turizm sahəsində ikitərəfli əməkdaşlığın inkişafına verdiyi dəstəyə görə TÜRSAB-ın rəhbəri Başaran Ulusoya minnətdarlığını bildirib. Azərbaycanın turizm imkanlarını əks etdirən videoçarx nümayiş olunub. Daha sonra Türkiyə və Azərbaycanın turizm şirkətləri və mehmanxana nümayəndələri arasında işgüzar görüşlər keçirilib. TÜRSAB və Azərbaycan Turizm Assosiasiyası arasında əməkdaşlığa dair protokol imzalanıb.
Sərgi və görüşlə bağlı təəssüratlarını qəzetimizlə bölüşən Aydın İsmiyev bildirdi ki, «EMİTT-2015» turizm sərgisində həm iştirakçıların, həm də ziyarətçilərin Azərbaycana böyük marağı müşahidə olunub. Xüsusilə Naftalan nefti, oradakı müalicəvi-istirahət mərkəzlərinə dair Azərbaycan təmsilçilərinə çoxsaylı müraciətlər olub: «Ziyarətçilərə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış buklet və broşürlər, CD-lər təqdim olunur, nümayəndə heyətinin üzvləri tərəfindən əlavə məlumatlar verilirdi».
Tədbir çərçivəsində bir sıra görüşlərin keçirildiyini deyən şöbə müdiri TÜRSAB-la görüşü xüsusi
qeyd etdi: «TURSAB
Türkiyədə fəaliyyət göstərən turizm şirkətlərinin birləşdiyi ən
böyük təşkilatdır. Qurumun bu sahədə çoxillik təcrübəsi var. Ölkəmizdə turizm
yeni inkişaf edən
sahədir, Azərbaycan Turizm Assosiasiyası
beş ildir fəaliyyət
göstərir. TURSAB kimi nüfuzlu
bir təşkilatla AZTA-nın əməkdaşlıq
etməsi ölkəmizdə turizmin
inkişafına böyük töhfə
verəcək. Ölkəyə turist gətirən
də turizm şirkətidir, digər ölkələrə turist
aparan da. Bu baxımdan turizm
şirkətlərinin fəaliyyətini
daha da canlandırmaq
üçün bu görüşün və
TÜRSAB-la Azərbaycan Turizm
Assosiasiyası arasında
imzalanan əməkdaşlıq
protokolunun əhəmiyyəti
böyükdür.
Azərbaycanın turizm şirkətlərinin
Türkiyədəki həmkarları
ilə əvvəl də müəyyən əməkdaşlıq əlaqələri
vardı. Amma bu görüşdən
sonra hesab edirəm ki, bu əlaqələr daha da genişlənəcək.
Türkiyə tərəfdən görüşdə 100-ə yaxın,
Azərbaycan tərəfdən
isə 22 şirkətin
nümayəndəsi iştirak
edirdi. Sərgidə təmsil olunan
şirkət və hotellərdən əlavə,
11 şirkət də
məhz bu görüşdə iştirak
etmək üçün
öz nümayəndəsini
Türkiyəyə göndərmişdi.
Bu baxımdan gələcəkdə iştirak
edəcəyimiz turizm
sərgilərində də
bu tipli görüşlərin keçirilməsini
vacib hesab edirəm».
Aydın İsmiyev bildirdi ki, turizmin inkişaf
etməsi üçün
dövlət qurumları
ilə özəl sektoru təmsil edən təşkilatların
birgə əməkdaşlığı
vacibdir. Mədəniyyət
və Turizm Nazirliyi hər zaman turizm sahəsində
fəaliyyət göstərən
qurumların işini dəstəkləyir, onlara
hər baxımdan köməklik edir: «Bu dəstəyimizi gələcəkdə
də davam etdirəcəyik».
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2015.- 28
yanvar.- S. 9.