Yerli cizgi filmlərinə harada baxmalı?
Kinoteatrlar onların nümayişində
niyə maraqlı deyillər?
Son illər ölkəmizdə
kinonun digər sahələri ilə yanaşı, milli cizgi filmlərinin istehsalında da yeniləşmə, inkişaf
özünü göstərir. 80-ci illərin sonu - 90-cı illərin əvvəlindəki
fasilədən sonra cizgi filmlərinin çəkilişləri bərpa
olunmuş, Mədəniyyət
və Turizm Nazirliyinin sifarişi ilə “Azanfilm” studiyasında 20-dən artıq
ekran əsəri istehsal edilmişdir.
Bu sırada “Köhnə
bina”, “Tıq-tıq xanım”, “Cəsur təyyarə”, “Tırtılın
arzuları” və başqalarını qeyd etmək olar.
“Azanfilm” studiyasının direktoru Fariz Əhmədov bildirir ki, ötən il Mədəniyyət
və Turizm Nazirliyinin sifarişi ilə “Ən güclü kimdir?”, “Köhnə mismar” və “Gəlin, birgə öyrənək”
adlı cizgi filmləri çəkilib.
“Gəlin, birgə
öyrənək” layihəsinə
“Rənglər” və
iki seriyadan ibarət “Mən saymağı öyrənirəm”
animasiya filmləri daxildir. Layihənin "Rənglər" musiqili animasiya filmi artıq tamaşaçıların ixtiyarına
verilib, ikinci hissənin çəkilişləri
isə davam edir. Bu sahədə kadr çatışmazlığına
diqqət çəkən
direktorun sözlərinə
görə, səbəb
təhsil müəssisələrində
müvafiq ixtisasın
tədris olunmaması
ilə bağlıdır:
“Ümidverici haldır
ki, Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
animasiya sahəsi üzrə təhsil almaq üçün gənclər xaricə göndərilir. Bəllidir ki, cizgi filmi böyük əmək tələb edən sahədir.
Film eskizlər, kompüter
qrafikası və s. mərhələlərdən keçərək bəzən
bir ilə başa gəlir. Hazırda “Azanfilm”də müasir cizgi filmlərini ekranlaşdırmaq üçün
lazımi texniki imkanlar mövcuddur. Bu səbəbdən də son dövrdə istehsal edilən cizgi filmləri həm balacaların zövqünü oxşayır,
həm də böyüklər tərəfindən
qiymətləndirilir”.
Yeni cizgi filmlərinin nümayişi məsələsinə
aydınlıq gətirən
direktor qeyd etdi ki, ekran
əsərləri 10-15 dəqiqəlik
olduğu üçün
kinoteatrlar onların nümayişində maraqlı
deyillər: “Amma istehsal olunan filmləri göstərməyə
telekanalların marağı
var. Kanallar hər nümayiş üçün
az da olsa
vəsait ödəyirlər.
Cizgi filmləri paralel olaraq müxtəlif kanallarda nümayiş olunarsa, təbii ki, daha çox
gəlir əldə edilə bilər”.
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri
Qapalı Səhmdar Cəmiyyətinin proqram direktorluğundan bildirdilər
ki, onlar milli cizgi filmlərinin
nümayişində maraqlıdırlar. AzTV-də mütəmadi
olaraq “Azanfilm”də istehsal edilən cizgi filmləri göstərilir.
İctimai Televiziya və Radio Yayımları Şirkəti
də ölkə istehsalı olan cizgi filmlərinin nümayişinə yer verir. Telekanalın proqram direktorluğundan
bildirdilər ki, ana dilimizdə olan və müasir
mövzularda çəkilmiş,
eyni zamanda uşaqların zövqünü
və maraqlarını
ödəyə bilən
yerli cizgi filmlərinin nümayişi
mütəmadi olaraq həyata keçirilir.
Bəli, hər gün kiçikyaşlı uşaqlarımız
ekran qarşısında
əyləşərək sevdikləri cizgi filmi qəhrəmanlarının
gəlişini gözləyirlər. Əminik ki,
bizdə də bu sahədə yetərincə kadrlar yetişəcək və xarici cizgi filmi
qəhrəmanlarını öz personajlarımız
əvəz edəcək.
Lalə Azəri
Mədəniyyət.- 2015.- 28
yanvar.- S. 7.