Bölgələrdə
tarixi-mədəni irsin qorunması diqqət
mərkəzindədir
Xəbər verdiyimiz kimi, mədəniyyət
və turizm naziri
Əbülfəs Qarayevin vətəndaşlarla
növbəti görüşü
yanvarın 22-də Şabran şəhərində
keçirilib. Nazir Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzən
rayonlarının sakinlərini qəbul edib.
Qəbula yazılmış 40-dan çox vətəndaşın müraciətləri yerlərdə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, tarixi-mədəni irsin qorunması, xalq yaradıcılığının təbliği, mədəniyyət ocaqlarının ixtisaslı kadrlarla təmin olunması, uşaq incəsənət və musiqi məktəblərinin musiqi alətləri ilə təchizatı və digər məsələlərlə bağlı idi.
Yerli sakinlərin tarixi-mədəni irsin qorunması ilə bağlı müraciətləri xüsusilə diqqətimizi çəkdi. Bu, bölgələrdə əhalinin təşəbbüskarlığının, tariximizə, mədəniyyətimizə, folklorumuza diqqətinin göstəricisidir. Qəbula gəlmiş vətəndaşların bir neçəsi ilə söhbət zamanı buna bir daha əmin olduq.
Şabrandakı “Çıraqqala” Tarix-Memarlıq Qoruğunun baş fond mühafizi Əfruz Fərzəliyevanın xahişi memarlıq abidəsində bərpa işlərinin aparılması barədə idi. O bildirdi ki, “Çıraqqala” Azərbaycanın ən qədim tarixi mədəniyyət abidələrindən biri olmaqla yanaşı, həm də Şabranın rəmzi hesab olunur: “Çıraqqala ərazinin ən hündür dağ zirvəsindəki nəhəng qaya üzərində tikilmiş müdafiə tipli qaladır. Rayon mərkəzindən 20-25 kilometrlikdə yerləşir. “Çıraqqala” Tarix-Memarlıq Qoruğu 2006-cı il sentyabrın 27-də Prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb. Qalanın V-VI əsrlərdə tikildiyi və XVIII əsrədək istifadə edildiyi ehtimal olunur. Bu möhtəşəm qalanın indi bərpaya ehtiyacı var. Bəzi yerləri uçub. Cənab nazir də bu məsələdə köməkliyin göstəriləcəyini bildirdi”.
Xaçmaz rayon sakini Fərhad Qafarovun müraciəti isə qədim milli oyunumuz olan çövkənin regionda inkişafı ilə bağlı idi: “Tarixi keçmişimizi özündə əks etdirən milli oyunlarımızı yaşadıb gələcək nəsillərə ötürməliyik. Çövkən oyunu Azərbaycan xalqına məxsus döyüş ruhu, qədim ənənələrlə zəngindir. Bu oyunların bizim rayonda da keçirilməsinə şəraitin yaradılmasını səbirsizliklə gözləyirik”.
Nazir qəbuldan sonra jurnalistlərə müsahibəsində bildirdi ki, ölkə başçısının müvafiq göstərişinə əsasən yerlərdə mütəmadi olaraq vətəndaşlarla keçirilən görüşlər mövcud problemlərin öyrənilməsi və həlli baxımdan mühüm önəm daşıyır: “Vətəndaşlar tərəfindən tarixi abidələrin qorunması, onların bərpası, yerlərdə turizmin inkişafı kimi məsələlərin qaldırılmasını müsbət hal hesab edirəm. Qaldırılan məsələlərin həllini tapması üçün çalışırıq. Ötən ilin sonunda cənab Prezidentin sərəncamı ilə Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradıldı. Bu, tarixi abidələrin qorunması, bərpası və istismarı ilə bağlı bilavasitə məşğul olacaq dövlət xidmətidir. Hesab edirəm ki, bu tipli məsələlər də bu çərçivədə baxılaraq öz müsbət həllini tapacaq”.
Qəbuldan sonra nazir Əbülfəs Qarayev “Şabran şəhəri” tarixi qoruğuna da baş çəkdi. Qoruqda mövcud vəziyyətlə maraqlanan nazir qədim Şabran şəhərinin qalıqlarının qorunub saxlanılması üçün müvafiq tapşırıq və tövsiyələrini verdi. Bildirdi ki, bu cür tarixi abidələrin qorunması, öyrənilməsi və gələcək nəsillərə ötürülməsi çox vacibdir. Bu məsələdə yerli əhali də öz köməkliyini göstərməlidir. Çünki bu bizim hər birimizin - bir azərbaycanlı, bir vətəndaş olaraq mənəvi və müqəddəs borcumuzdur.
Qeyd edək ki, “Şabran şəhəri” tarixi qoruğu 2003-cü ildə yaradılıb. Bu məkan Azərbaycanın XI-XIV əsrlər tarixini öyrənmək üçün dəyərli mənbə hesab olunur. Aparılan qazıntılar nəticəsində XI-XIV əsrlərə aid küçələr, sənətkarlıq məhəllələri, çörəkçilər məhəlləsi, su xətti, onların yaşayış binaları aşkarlanıb. “Şabran şəhəri” tarixi qoruğu ərazisində inzibati binanın tikilməsi və qoruğun açılmış sahəsinin qorunması məqsədi ilə üstünün bağlanması istiqamətində tədbirlər görüləcək.
F.Hüseynov
Mədəniyyət.- 2015.- 28
yanvar.- S. 6.