Muğamşünaslığın aktual problemlərinə
dair elmi seminar
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetində muğamşünaslıqla
bağlı elmi seminarlara start verilib. “Muğamşünaslığın
aktual problemləri” adlı ilk seminarı universitetin rektoru, professor Fərəh Əliyeva açaraq tədbirin əhəmiyyətindən danışıb.
Rektor bu il Heydər
Əliyev Fondunun dəstəyi ilə keçiriləcək IV Beynəlxalq
Muğam Simpoziumuna qədər universitetdə
belə seminarların
keçirilməsini təqdirəlayiq
hesab etdiyini vurğulayıb.
Sonra
ADMİU-nun Musiqişünaslıq kafedrasının müdiri,
sənətşünaslıq üzrə fəlsəfə
doktoru Kamilə Dadaşzadə “Azərbaycan
ənənəvi musiqisində
“Şah Xətai” termininin tətbiqinə dair”, sənətşünaslıq
üzrə elmlər doktoru, dosent İradə Köçərli
“Aşıq musiqisinin
səs sistemi Ü.Hacıbəylinin məqam
nəzəriyyəsi kontekstində”
mövzusunda çıxış
edib. AMEA-nın
Memarlıq və İncəsənət İnstitutunun
muğamşünaslıq şöbəsinin
müdiri, sənətşünaslıq
üzrə elmlər doktoru Sevil Fərhadovanın
“Muğamşünaslığın konseptual əsasları”, sənətşünaslıq üzrə
fəlsəfə doktoru,
dosent Aydın Talıbzadənin “Muğamın
sillabik qəliblərinə
dair bəzi mülahizələr”, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru Güllü İsmayılovanın “Azərbaycan
bəstəkarlarının yaradıcılığında milli semantikanın təcəssümü” adlı
məruzələri də
dinlənilib. AMEA-nın nümayəndələri,
universitetin professor-müəllimlərinin,
magistr və doktorantlarının iştirak
etdiyi seminar maraqlı
fikir mübadiləsi,
diskussiya şəklində
keçib.
Mədəniyyət.- 2015.- 28 yanvar.- S. 6.