Naxçıvanda “Bakı-2015” Avropa Oyunlarının tanıtım kampaniyası

 

Naxçıvan Muxtar Respublikasında bu ilin iyununda keçiriləcək “Bakı-2015” Avropa Oyunlarının təqdimat tədbirləri olub. Tanıtım kampaniyası “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin təşkilatçılığı ilə gerçəkləşib.

 

Yanvarın 26-da Naxçıvan şəhərindəki Olimpiya İdman Kompleksində yeniyetmə və gənclərlə görüş keçirilib. Əvvəlcə Avropa Oyunlarına həsr edilmiş videoçarx nümayiş etdirilib.

Sonra “Bakı-2015” Əməliyyat Komitəsinin nümayəndəsi Lalə Eyvazova Avropa Oyunları barədə məlumat verib. Vurğulayıb ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda qazandığı nüfuz ilə birbaşa bağlıdır. Siyasi, iqtisadi və mədəni əhəmiyyəti ilə də diqqəti cəlb edən bu hadisə, həm də Azərbaycanın son illərdə idman sahəsində qazandığı uğurlara dəstək xarakteri daşıyır. Qeyd olunub ki, ölkəmiz 2002-ci ildən 30-dan çox nüfuzlu beynəlxalq yarışa ev sahibliyi edib. İdmançılarımız müstəqillik illərində Olimpiya Oyunlarında, müxtəlif beynəlxalq yarışlarda ümumilikdə 2000-dək medal qazanıblar.

Lalə Eyvazova Avropa Oyunlarında iştirak edəcək ölkələr, istifadə olunacaq idman obyektləri və yarışa daxil edilən idman növləri barədə də ətraflı məlumat verib. Qeyd edilib ki, iyunun 12-dən 28-dək davam edəcək “Bakı-2015” ilk Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək. Proqrama daxil edilən idman növlərindən 16-sı Olimpiya, dördü qeyri-Olimpiya idman növüdür. Oyunlarda Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançı çıxış edəcək.

Tədbirdə Avropa Oyunlarına daxil edilən idman növləri ilə bağlı sorğu da keçirilib. Məlum olub ki, Naxçıvanda yeniyetmə və gənclər arasında boksvoleybol xüsusilə populyardır. Sonda məktəblilərə üzərində I Avropa Oyunlarının loqo və simvolları əks olunan çantapapaqlar hədiyyə edilib.

Avropa Oyunlarının tanıtım kampaniyası muxtar respublikanın rayonlarında da keçirilib.

“Bakı-2015”in Əməliyyat Komitəsinin nümayəndələri Duzdağ Fizioterapiya Mərkəzinə də baş çəkiblər. Mərkəzin baş həkimi Ruslan Süleymanov qonaqları müalicə ocağı barədə ətraflı məlumatlandırıb.

Bildirilib ki, mərkəz 1979-cu ildə Naxçıvan duz mədəni bazasında 50 çarpayılıq xəstəxana kimi fəaliyyətə başlayıb. Dəniz səviyyəsindən 1173 metr hündürlükdə olan mərkəzdə 2003-cü ildə ən müasir tələblərə uyğun olaraq yenidənqurma işləri aparılıb, təbii şəfa ocağı müasir avadanlıqlarla və ləvazimatlarla təmin olunub.

Qonaqlara məlumat verilib ki, Duzdağ Fizioterapiya Mərkəzinin müalicəvi təsiri, digər duz şaxtalarından üstünlüyü ondadır ki, şaxta horizontal yerləşdiyindən xəstələr yeraltı şöbəyə tez adaptasiya olunur və qısa zamanda şəfa tapırlar. Türkiyədən, İrandan, MDB və Avropa ölkələrindən yüzlərlə ağırlaşmış bronxial astma xəstəsi mərkəzə gələrək burada müalicə olunurlar.

 

Mədəniyyət.- 2015.- 30 yanvar.- S. 12.