İsmayıl bəy Qutqaşınlı xatirələrdə

 

Yanvarın 27-də Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində görkəmli ədib, mütəfəkkir İsmayıl bəy Qutqaşınlının (1806-1869) xatirəsinə həsr olunmuş mərasim keçirilib. Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Xalis Məmmədov görkəmli ədib haqqında danışıb. Muzeyin böyük elmi işçisi Nəsibə Məmmədova İsmayıl bəy Qutqaşınlının həyat və yaradıcılığı haqqında məlumatları diqqətə çatdırıb, hərbi xadim kimi fəaliyyətindən bəhs edib. Qeyd edək ki, Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində ədibin daimi ekspozisiyada sərgilənən xüsusi guşəsi var. İsmayıl bəy Qutqaşınlının fransız dilində yazdığı "Rəşid bəy və Səadət xanım" povesti ilk Azərbaycan nəsr əsəri sayılır.

 

Ürəkdən qələmə, qələmdən kağıza...

 

Yanvarın 26-da Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində XVIII-XIX əsrlərdə bu bölgədə yaşamış şairlərə həsr olunmuş “Ürəkdən qələmə, qələmdən kağıza” adlı tədbir keçirilib.

Əvvəlcə muzeyin direktoru Xalis Məmmədov tədbir iştirakçılarını muzeyin ekspozisiyası ilə tanış edib. Ekspozisiyada XVIII-XIX əsrlər Qəbələ şairlərinin əlyazmalarının fotosurəti nümayiş olunur.

Muzeyin kiçik elmi işçisi İlhamə Seyidova çıxış edərək Molla Güli Zalami Vəsfi, Abdulla Qutqaşınlı kimi Qəbələ şairləri haqqında məlumat verib. Qeyd edilib ki, 1972-1995-ci illərdə AMEA-nın Əlyazmalar İnstitutunun direktoru işləmiş əslən Qəbələdən olan alim, filologiya elmləri doktoru, professor Cahangir Qəhrəmanov hər iki şairin həyat və yaradıcılığını araşdırıb. Onların yaradıcılığı klassik Azərbaycan poeziyasında özünəməxsus yer turur.

 

Mədəniyyət.- 2015.- 30 yanvar.- S. 12.