“Dünya
xalqlarının mahnıları”
Azərbaycan musiqisi Fransanın üç böyük şəhərində səsləndirilib
Fransanın
tanınmış “Utopik” ansamblı “Dünya xalqlarının mahnıları”
silsiləsindən yeni layihəni həyata
keçirib. Bu dəfə
“Utopik” öz layihəsinə
iki fransız, bir meksikalı
bəstəkarla yanaşı, Azərbaycan Bəstəkarlar
İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadəni
də cəlb edib.
Bəstəkarlar İttifaqının mətbuat xidmətindən verilən məlumata görə, Firəngiz Əlizadə “Bu dağda maral gəzər” xalq mahnısını sözügedən layihə üçün yeni aspektdə təqdim edib. Soprano və 10 nəfərlik ansambl üçün yazılan kompozisiya fortepianonun virtuoz kadensiyası və dramatik kulminasiyası ilə məşhur mahnının sətiraltı məzmununa əlavə çalarlar qatır. Layihənin solisti lüksemburqlu müğənni Laura Delkampe “Utopik”in 4 yeni mahnısı ilə yanaşı, L.Berionun silsiləsindən 3 mahnını da ifa edib.
Ansamblın konsertləri Fransanın Marsel, Lion və Nant konservatoriyalarında keçirilib. Konsertlərdən öncə bəstəkarların
tələbələrlə görüşləri, həmçinin
ustad dərsləri təşkil edilib.
“Utopik” ansamblının
yekun konserti isə Nant şəhərinin
əzəmətli “Graslin”
Opera Teatrında keçirilib.
Qeyd edək
ki, konsert salonunda Firəngiz Əlizadənin “Yapon
poeziyasından” vokal-silsilə, həmçinin
“Habilsayağı” və “Oyan!” əsərləri də
ansamblın solistlərinin ifasında səsləndirilib. Beləliklə,
“Dünya xalqlarının mahnıları” layihəsi çərçivəsində
Azərbaycan musiqisi Fransanın üç böyük şəhərində
fransız musiqisevərlərin ürəyinə yol tapıb.
Mədəniyyət.- 2015.- 30
yanvar.- S. 11.