Misir Mədəniyyət Mərkəzinin
rəhbəri xarici dillər
gimnaziyasında olub
Ərəb dilində inşa müsabiqələrinin, qədim Misirlə bağlı sərgilərin keçirilməsi müzakirə edilib
Bakıdakı Misir Mədəniyyət Mərkəzinin müdiri Dr. Əhməd Sami Elaydi Səttar Bəhlulzadə
adına xarici dillər gimnaziyasında olub.
Gimnaziyanın direktoru, Əməkdar müəllim Məhəmmədəli Abbasov tədris ocağının fəaliyyəti barədə qonağa məlumat verib, məktəbdə 10 ərəb dili təmayüllü sinfin olduğunu diqqətə çatdırıb. Əhməd Sami Elaydi Misir Mədəniyyət Mərkəzinin ölkəmizdə 15 illik fəaliyyətindən, qurumun fəaliyyət istiqamətlərindən, ərəb dilinin tədrisindən söz açıb.
Sonra qonaq gimnaziyada ərəb dilini tədris edən müəllimlərlə görüşüb və ərəb dili dərsində iştirak edib. Mərkəzin rəhbəri şagirdlərin ərəb dilində şeir söyləmələrini və ünsiyyət qurmalarını yüksək qiymətləndirib, bunun gimnaziyada tədrisin yüksək səviyyədə aparılmasının nəticəsi olduğunu bildirib.
Görüşdə Misir Mədəniyyət Mərkəzi ilə birgə ərəb dilində inşa müsabiqələrinin, qədim Misir sivilizasiyasından bəhs edən sərgilərin keçirilməsi, gimnaziyanın ərəb dili müəllimləri üçün Misir Mədəniyyət Mərkəzində təkmilləşdirmə kurslarının təşkil olunması müzakirə olunub.
Əhməd Sami Elaydi gimnaziyanın müəllim və şagird heyətini ölkəsinin tarixi və mədəniyyəti haqqında geniş məlumat əldə etmək üçün Misir Mədəniyyət Mərkəzinə dəvət edib.
M.Sultanova
Mədəniyyət.- 2015.- 30
yanvar.- S. 10.