İstanbulda “Azərbaycan gecəsi”

 

Azərbaycan və Türkiyə skalçılarının təşkil etdiyi toplantıda ölkəmizin turizm imkanları təqdim edilib

 

Yanvarın 23-də İstanbulun «Green Park Bostancı» hotelində Səyahət və Turizm Peşəkarları Beynəlxalq Assosiasiyası - «Skal İnternational»ın Mərmərə və Bakı klublarının təşkilatçılığı ilə «Azərbaycan gecəsi» adlı tədbir keçirilib.

 

Tədbirə TUROB rəhbəri Timur Bayandır, Azərbaycanda fəaliyyət göstərən «Gilan turizm» şirkətinin baş koordinatoru Xəlil Duru, SKAL Çanaqqala klubunun prezidenti Vildan Kaya və Türkiyə SKAL Federasiyasının rəhbəri Canan İnanç da qatılıb.

Toplantıda çıxış edən SKAL Mərmərə klubunun prezidenti Zeynəb Yılmaz Azərbaycandan gələn qonaqlara təşəkkürünü bildirib. O, Türkiyə ilə Azərbaycan SKAL klublarının səmərəli əməkdaşlığından söz açıb. Sonra SKAL Mərmərə klubunun üzvləri qonaqlara təqdim edilib.

SKAL Bakı klubunun yaradıcısı və fəxri prezidenti Ruslan Quliyev də qonaqları salamlayaraq tədbirdə iştirakından məmnunluğunu bildirib. O, Azərbaycanın turizm imkanları barədə geniş təqdimat edib.

Gecəyə telekonfrans vasitəsilə qoşulan «SKAL İnternational»ın prezidenti Salih Çənə Azərbaycanın turizm nümayəndələrinə salamlarını çatdırıb. O, Azərbaycanda daha bir SKAL klubunun yaranmasının vacibliyini deyibbunun məhz onun prezidentliyi dövründə reallaşmasını xahiş edib.

Daha sonra SKAL Bakı klubunun vitse-prezidenti Ceyhun Aşurov çıxış edərək klubun tarixi, fəaliyyəti və həyata keçirdiyi layihələr barədə iştirakçıları məlumatlandırıb.

Tədbirdə Azərbaycanın SKAL nümayəndələri türkiyəli həmkarlarına hədiyyələr təqdim ediblər. Gecə Azərbaycan musiqisi və rəqsləri ilə başa çatıb.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 30 yanvar.- S. 9.