Avropa Oyunlarının qonaqlarına mədəniyyətimizi
layiqincə təqdim edəcəyik
Bu il ölkəmizin həyatında ən
mühüm hadisə, sözsüz
ki, I Avropa Oyunları olacaq. İlk dəfə təşkil
edilən Avropa Oyunlarına ölkəmizin
ev sahibliyi etməsi mühüm nailiyyət, ölkəmizin böyük uğuru olmaqla bərabər, həm də ciddi məsuliyyətdir.
Böyük idman bayramına gerisayım davam edir. Oyunlara hazırlıqla bağlı
müvafiq dövlət
qurumları tərəfindən
zəruri tədbirlər
həyata keçirilir.
I Avropa Oyunlarının
zəngin mədəni
proqramı da olacaq. Oyunlarla bağlı ölkəmizə
səfər edəcək
xarici qonaqlara Azərbaycan mədəniyyəti
və incəsənətini
tanıtmaq məqsədilə
bir sıra layihələr nəzərdə
tutulub. Mədəni proqramlarda Bakıdakı
uşaq incəsənət
və musiqi məktəblərinin kollektivləri
də yaxından iştirak edəcək.
Aparılan hazırlıq işləri
barədə məlumat
almaq üçün
Mədəniyyət və
Turizm Nazirliyi Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri
Yaşar Əliyevlə
həmsöhbət olduq.
Şöbə müdiri
bildirdi ki, ilk Avropa Oyunlarının paytaxtımızda keçirilməsi
kimi tarixi bir qərarın qəbul edilməsində,
əlbəttə ki, ölkəmizin beynəlxalq
nüfuzu həlledici rol oynayıb: “Çünki zaman göstərdi ki, bizim artıq beynəlxalq tədbirlərin
keçirilməsində böyük
təcrübəmiz var. Azərbaycanda
bu günə kimi bir sıra
dünya və Avropa çempionatları keçirilmişdir. Bundan
əlavə, bütün
dünyaya səs salan “Eurovision” mahnı yarışmasının, Dünya
Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi şəhərimizin
qonaqlarına Azərbaycan
xalqının qonaqpərvərliyini
hiss etdirmiş və ölkəmizdə gedən
inkişaf prosesini izləmələrinə şərait
yaratmışdır”.
Avropa Oyunlarına incəsənət
töhfəsi
Şöbə müdiri Avropa Oyunlarının mədəni
proqramı ilə bağlı uşaq musiqi və incəsənət məktəblərinin
hazırlıq işlərinin
davam etdirildiyini bildirdi: “Tədbirlər sırasında məktəblərin
ayrı-ayrı kollektivlərinin,
orkestr, xor, instrumental üzrə ansamblların çıxışları nəzərdə
tutulub. Təkcə konsert salonlarında deyil, həmçinin açıq havada - Milli Parkda, Fəvvarələr
meydanında, Qız qalasının qarşısında,
həmçinin paytaxtın
mərkəzində məktəblərin
qarşısında, Sahil
bağında konsert proqramları təqdim ediləcək. Bütün bunlar təklif
şəklində baxılmaq
üçün “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinə
təqdim edilib. Biz bu mədəni
proqramın həyata keçirilməsinə tam hazırıq.
Bakıdakı uşaq incəsənət
və musiqi məktəblərinin kollektivləri
ilə görüşüb
bu istiqamətdə müəyyən tapşırıqlar
vermişik. Bu işdə Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsi də bizimlə birgə səylərini əsirgəmir.
Onu da qeyd
edim ki, xor təmayüllü C.Hacıyev adına
3 nömrəli 11 illik
musiqi məktəbi bizə hazır proqram şəklində bir disk təqdim edib. Azərbaycan xalq və estrada mahnıları,
klassik əsərlər
3-4 yaş dərəcəsinə
görə yazılaraq
bu diskdə əksini tapıb. Bundan əlavə, Bakı Xoreoqrafiya Akademiyasının nəzdində
fəaliyyət göstərən
Bakı Xoreoqrafiya Məktəbinin 86 nəfər
yuxarı kurs tələbəsi də Avropa Oyunlarının həm açılış,
həm də bağlanış mərasimində
iştirak edəcək.
Milli xalq rəqsləri və klassik baletin nömrələrinin
də nümayiş etdirilməsində Gimnastika
Mərkəzi ilə yanaşı, Xoreoqrafiya Akademiyasının da iştirakı nəzərdə
tutulub. Hazırda məşqlər davam etdirilir. Bir sözlə, məqsədimiz
Azərbaycana gələn
qonaqların asudə vaxtını səmərəli
təşkil etmək,
paytaxtımızı, ölkəmizin
görməli yerlərini,
mədəniyyətimizi, milli
dəyərlərimizi, mədəni
irsimizi təbliğ etməkdir. Qoy bütün dünya
görsün ki, Azərbaycan sivil, tolerant, sülhsevər dövlətdir”.
Yaradıcı gənclərlə iş
2 Fevral - Gənclər Günü ilə əlaqədar hər il Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
müxtəlif tədbirlərin
keçirildiyini deyən
şöbə müdiri
bu il də
çeşidli proqramların
təşkil ediləcəyini
qeyd etdi: “Nazirliyin İncəsənət
şöbəsinin nəzdində
fəaliyyət göstərən
Gənclərlə iş
sektoru artıq bu ildən yeni
struktura - Elm və təhsil şöbəsinə
daxil edilib. Bu günə qədər
uşaq və yeniyetmələrin istedadı
və inkişafı ilə məşğul idiksə, hazırda gənclərlə işləmək
məsuliyyətimizi daha
da artırır.
Düşünürəm ki, işimizi
yaradıcı gənclərlə
düzgün qurmaqda çətinliyimiz olmayacaq.
Həmişə olduğu kimi,
daim onlarla təmasda olacağıq.
Bu günə qədər Azərbaycan Turizm və Menecment Universiteti və Mingəçevir Turizm Kollecinin tələbələri ilə
maraqlı layihələrdə
iştirak etmişik.
Musiqi, rəssamlıq,
kino, teatr və s. sahələrdə
fəaliyyət göstərən
gənclərlə iş
aparmaq üçün
isə, təbii ki, İncəsənət
şöbəsinin təcrübəsindən
yararlanacağıq.
Azərbaycan gəncliyi ümidverici gənclikdir. Geniş dünyagörüşünə,
təfəkkürə, parlaq
zəkaya, malik gənclərimiz çoxdur.
Bu da ümumilikdə
respublikanın gənclər
siyasətinin prioritet istiqamətinin nəticəsidir.
Bu günlərdə Prezident
İlham Əliyev gənclərin intellektual,
fiziki və mənəvi inkişafını,
ölkənin sosial-iqtisadi,
ictimai-siyasi və mədəni həyatında
fəal iştirakını
təmin etmək məqsədilə “2015-2025-ci illərdə
Azərbaycan gənclərinin
İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzaladı.
Düşünürəm ki, bundan sonra biz gənclərlə
işimizi məhz həmin strategiyanın bəndlərinə uyğun
qurmalıyıq. Bu sənəd
həm də bizim gələcək 10 il üçün
fəaliyyət planımızdır.
Bunun nəticəsində də
işimizi səmərəli
qurmağa borcluyuq.
Bir daha qeyd etmək istərdim ki, ölkəmizdə beynəlxalq
səviyyəli tədbirlər
hər zaman uğurla keçirilmişdir. Əminəm ki, Avropa Oyunları
da yüksək səviyyədə keçiriləcək,
nazirliyimizin strukturları
onlara həvalə edilən işin öhdəsindən bacarıqla
gələcəklər”.
L.Azəri
Mədəniyyət.- 2015.- 30
yanvar.- S. 7.