Novruz bayramına hazırlıq işlərinə başlanılıb

 

Xalqımızın zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə yaşadan Novruz bayramı bu il də ölkəmizdə böyük təntənə ilə qeyd ediləcək.

 

Ənənəvi olaraq hər il martın 19-da Bakıda təşkil olunan ümumxalq şənliyinə hazırlıq işlərinin yüksək səviyyədə aparılması üçün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin sədrliyi ilə geniştərkibli müşavirə keçirilib. Müşavirədə nazirliyin əlaqədar şöbə müdirləri, məsul əməldaşları, rayon və şəhər mədəniyyət və turizm şöbələrinin müdirləri, teatr-konsert, kino müəssisələrinin və digər aidiyyəti təşkilatların rəhbərləri, yaradıcı şəxslər iştirak ediblər.

Tədbirdə geniş məruzə ilə çıxış edən nazir müavini Ədalət Vəliyev Novruz bayramının bu il də əsl təntənə ilə qeyd olunması üçün nazirlikdə müvafiq əmr imzalandığını, əlaqədar təşkilatlara və şəxslərə tapşırıqların verildiyini bildirib. Qeyd olunub ki, xalqımızın ən sevimli bayramı olan Novruzun rəngarəng və yaddaqalan şəkildə qeyd olunması üçün təşkilati məsələlər həll edilib, tədbirdə iştirak edəcək yaradıcı şəxslər və kollektivlər müəyyənləşib.

İclasda bayram şənliyinə hazırlıq işlərinin davam etdirilməsi, məşqlərin yüksək səviyyədə və qrafikə uyğun aparılması üçün müvafiq tapşırıqlar verilib.

 

Mədəniyyət.- 2015.- 30 yanvar.- S. 5.