Azərbaycan kitabları Qahirə sərgisində

 

Beynəlxalq sərgidə ölkəmizi Azərbaycan Tərcümə Mərkəzi təmsil edir

 

Yanvarın 28-də Misirin paytaxtı Qahirədə 46-cı beynəlxalq kitab sərgisinin açılışı olub. Dünyanın ən böyük kitab bayramlarından olan Qahirə sərgisində ölkəmizi Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi təmsil edir.

 

Açılışda ölkəmizin Misir Ərəb Respublikasındakı səfiri Şahin Abdullayev, konsul Emil Rəhimov, Azərbaycan diasporunun üzvləri, Qahirə Universitetinin tələbələri və Mədəni İrsin İnkişafı üzrə “Halqa” təşkilatının nümayəndələri iştirak ediblər.

Sərgidə stendimizi Misirin baş naziri İbrahim Məhləb, vəqflər naziri Məhəmməd Muxtar Cümə, mədəniyyət naziri Cabir Usfur, sənaye və ticarət naziri Munir Fəxri və digər rəsmilər ziyarət ediblər.

Misirin baş naziri İbrahim Məhləb ölkəmiz barədə fikirlərini belə ifadə edib: “46-cı Qahirə beynəlxalq kitab sərgisində Azərbaycan ilk dəfə iştirak edir. Azərbaycan bizim üçün ən əhəmiyyətli ölkələrdəndir. Stendinizdə yer alan maraqlı nəşrlər diqqətimizi çəkdi. Sizə fəaliyyətinizdə uğurlar arzu edirik”.

Daha sonra səfir Şahin Abdullayev deyib: “Çox sevindirici haldır ki, belə möhtəşəm sərgidə Azərbaycan da iştirak edir. Bu, dünyada Frankfurt sərgisindən sonra ikinci böyük kitab sərgisi hesab olunur. Azərbaycanın belə bir sərgidə iştirakı təqdiredici haldır. Ölkələr və xalqlararası münasibətlərin qurulmasında mədəniyyətin, ədəbi-mədəni mübadilələrin rolu danılmazdır. Kitab sərgiləri mədəniyyətlərin təbliğində böyük rol oynayır. Misir tərəfi bu sərgiyə ilk dəfə qatılan Azərbaycanın iştirakına böyük önəm verir. Arzu edirik ki, Azərbaycan Tərcümə Mərkəzi növbəti illərdə də ölkəmizi bu sərgidə təmsil etsin”.

Azərbaycanın sərgidə iştirakı MisirOnTv”, “Nil” telekanallarında, “Əl-Yaum Əl-Sabi” elektron qəzetində də geniş işıqlandırılıb.

Stendimizdə Qarabağ həqiqətlərinə, dövlət və dövlətçiliyimizə aid kitablar, Azərbaycan Tərcümə Mərkəzinin nəşrləri, ölkə nəşriyyatlarında çap edilən müxtəlif kitablar nümayiş olunur. 46-cı Qahirə beynəlxalq kitab sərgisi fevralın 12-dək davam edəcək.

 

Mədəniyyət.- 2015.- 30 yanvar.- S. 5.