Xalq şairi ilə
vidalaşdı
“Həyatda ən
gözəl şey odur ki, insan özü üçün bir
nağıl uydura bilsin. Əfsanə, ya həqiqət, dəxli
yoxdur. Əsas budur ki, uydurduğu nağıla inana bilsin”
demişdi. Həyata, ölümə, elə
ölümsüzlüyə də nağıl kimi
baxırdı. Daxilən azad, bütün kənar təsirlərdən
uzaq, sözündə və özündə böyük
şair, insan idi.
Bir
zamanlar
“Salam, ata, salam.
Bilirəm,
arxamdasan.
Məzarından
cəmi əlli-altmış
addım
bu yanda dayanıb
trolleybus
gözləyirəm.
Trolleybusa
minib,
sənin
yanına
gələnə qədər
yaşamağa gedəcəyəm.
Ömür bu imiş, ata?
Gəldi...
Salam
trolleybus,
əlvida
ata...”
- deyən Vaqif Səmədoğlunu çox
sevdiyi Vətən torpağına əmanət etməyə hər
kəs göz yaşları ilə gəlmişdi.
Yanvarın 29-da Akademik Milli Dram Teatrında müasir Azərbaycan
ədəbiyyatının görkəmli nümayəndəsi,
Xalq şairi, dramaturq, publisist Vaqif Səmədoğlu ilə
vida mərasimi keçirildi. Mərasimdə
dövlət və hökumət rəsmiləri, millət vəkilləri,
elm və mədəniyyət xadimləri, ictimaiyyət
nümayəndələri iştirak edirdi.
Salonda həzin matəm musiqisi səslənir, kədərli
baxışlar səhnə dolusu şair əzəmətini
seyr edirdi. Sənətkarın tabutu önünə Azərbaycan
Respublikasının Prezidenti adından əklil qoyulmuş, ətrafına
hökumət təşkilatları və müxtəlif
kollektivlər adından əklillər
düzülmüşdü. Vaqif Səmədoğlunun
həmkarları, dost-tanışları, tanınmış
elm və mədəniyyət xadimləri axın-axın
teatrın binasına gəlir, görkəmli şairə və
gözəl insana son borclarını verirdilər.
Ədəbiyyata gəldiyi gündən şeirlərinin
fəlsəfi dərinliyi, orijinal deyim tərzi ilə diqqəti
cəlb edən Vaqif Səmədoğlu bütün yaradıcılığı
boyu ideologiyalardan uzaq olduğundan xalq onu ayrı cür sevirdi. Ötən əsrin
60-cı illərində yazdığı şeirləri ilə
XXI əsrin əvvəllərində yazdığı
şeirləri əqidə, məslək baxımından fərqlənmədiyindən
oxucularının da münasibəti dəyişməz
qalmışdı...
Vida mərasimi şairin həyat, sevgi, ölümlə
bağlı düşüncələrini əks etdirən səs
yazısının səsləndirilməsi ilə
başladı.
Vaqif Səmədoğlunun öz dilindən və
digər qiraətçinin ifasında şeirlərindən
nümunələr təqdim olundu.
Azərbaycan
Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anar çıxış edərək
dost itkisinin dözülməz olduğunu dedi: “Bu gün Azərbaycan
xalqı böyük şair və dramaturqu ilə
vidalaşır. Böyük Səməd
Vurğun ailəsi sonbeşiyini itirdi. Mən
ən yaxın dostumu itirdim. Vaqif Səmədoğlu
ömür boyu ölümdən yazsa da, həyatı sevən
bir şair idi. Ölümlə
zarafatlaşa bilən nadir insanlardan idi.
Ömrümüzün 60 ili
qarşılıqlı dostluq, mehribanlıqla keçib. Mənim üçün dünya dünən
boşaldı”.
Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm və
dini məsələlər üzrə dövlət müşaviri,
akademik Kamal Abdullayev şairin ədəbiyyatımızdakı
əvəzsiz yerindən söz açdı: “Vaqif öz
şeirinin, misrasının içində olan şair idi və
o, son gedişi ilə də bunu bir daha sübut etdi və bu
gün “Bir axşam taksidən” öz payızına
düşdü, bir başqa dünyaya düşdü. Daxilən
onun qədər sərbəst, onun qədər səmimi və
azad adam tapmaq çox çətindir. O,
bütünlükdə belə təkrarsız insan idi”.
Milli Məclisin
Mədəniyyət komitəsinin sədri, AMEA-nın
müxbir üzvü, professor Nizami Cəfərov ötən
il bu zalda 75 illik yubileyi münasibətilə düzənlənən
tədbirdə çıxış edən şairi öz
sözləri ilə xatırladı, onun ədəbiyyatımızdakı
məxsusi yerindən danışdı: “Vaqif Səmədoğlu
bütün xarakteri ilə - istedadı,
yaşadığı tarixi dövrü ilə
özünü azad şəkildə göstərdi və bir
daha sübut elədi ki, o, Azərbaycan poeziyasının, Azərbaycan
insanının ən nəhəng simalarından biridir. O, hər
şeydən əvvəl şair idi. Dünya ilə
savaşdı, həm də onu sevdi və böyük, gözəl
bir ədəbiyyat yaratdı. Beləcə,
azadlığının bariz nümayişində Səməd
Vurğun şeriyyətindən mayalanan, lakin ona bənzəməyən
əzəmətli bir poeziya yaratdı və
düşünürəm ki, bu poeziyanın qüdrəti ilə
o, əbədi yaşayacaq”.
Mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyev Vaqif Səmədoğlunun
özünəməxsus yaradıcılıq
axtarışlarından, bənzərsiz poetik nümunələrindən
söz açdı: “Səməd Vurğun ocağı Azərbaycan
xalqı qarşısında özünün son itkisini verdi. Bu, Azərbaycan mədəniyyətinin,
ədəbiyyatının böyük itkisidir. Çox mənalı və son dərəcə
özünəməxsus ömür yolu keçmiş
şair artıq əbədiyyətlə üz-üzədir.
Onun cismi bizlərdən ayrılacaq və onun əbədiyyətə
qovuşan ömrü başlayacaq. Bundan
sonrakı müddətsiz zaman böyük ədəbiyyatın
böyük yaradıcıları sırasında layiq
olduğu yeri tutacaq və bu xalq yaşadıqca o da qurduğu,
yaratdığı böyük söz xəzinəsi ilə
yaşayacaq”.
Xalq
şairi Nəriman Həsənzadə şeir yuvasında
doğulub böyüyən şairin bənzərsiz bir ədəbi
irs yaratdığını dedi: “Vaqif
doğulduğu məmləkətin, mənsub olduğu millətin
müstəqilliyi, azadlığı uğrunda mübarizə
aparan şair idi. O öz üslubu, yolu olan bir söz adamı
kimi Azərbaycanın böyük şairi Səməd
Vurğundan fərqli ədəbiyyat yarada bildi”.
Mərhumun ailəsi adından çıxış edən
kürəkəni Aqşin Ziyadov şairin daim dövlətin
diqqət və qayğısı ilə əhatə
olunmasına görə ölkə başçısına
minnətdarlığını bildirdi, vida mərasimində
iştirak edən hər kəsə təşəkkür
etdi.
Sonra “Ölümdən qətiyyən qorxmuram, inanın
səmimiyyətimə. O dünyadan da qətiyyən qorxmuram. Bilmirəm orada
neçə dil var, məsafə necə
ölçülür, çəki vahidi nədir, məhəbbət
varmı?.. Hər halda məhəbbət
olsa, pis olmaz. Ancaq bir şərtlə ki, mən öləndən
əlli il sonra Nüşabə xanım da gəlsin, ona təzədən
aşiq olum və deyim ki, mən səni sevirəm”, - deyən
şairin cənazəsi sevdiyi qadının və yüzlərlə
Vaqifsevərin göz yaşlarının müşayiəti
ilə son mənzilə yola salındı.
Ağrı yaddaşımızın poetik tərcümanı
olan şair böyük sevgi ilə I Fəxri xiyabanda sevdiyi
torpağa tapşırıldı.
O,
ölümsüzlüyünü dərk edən insan idi...
O öz
şeirinin, misralarının içində olan,
doğulduğu məmləkətin, mənsub olduğu millətin
müstəqilliyi, azadlığı uğrunda mübarizə
aparan şair idi. Öz üslubu, yolu olan bir
söz sərrafı idi. Xalqın şairi
kimi ilk şeirlərindən səmimi oldu, ürəyinin səsi
ilə yazdı. Bu onun qələm
dostları tərəfindən bir daha vurğulandı.
Xalq
şairi Söhrab Tahir: “Hamımıza dərin kədər
üz verib. Böyük şairimiz Səməd
Vurğunun yadigarı, Azərbaycan milli ədəbiyyatına,
onun xəzinəsinə çoxlu töhfələr bəxş
edən Vaqif Səmədoğlu dünyasını dəyişib.
Onun yaradıcılığı da, poeziyası
da, dramaturgiyası da, ədəbi fəaliyyəti də
xalqımıza həsr olunub. Vaqifdə
poetik cəsarət o qədər idi ki, atasının yolu ilə
getmədi, özünə yeni bir cığır, yeni bir yol
seçdi. Və Azərbaycan ədəbiyyatına
yeni bədii, poetik nəbz, lirik fəlsəfə, cəsur
poetik aforizmlər gətirdi. Ədəbiyyatımızın
milli xəzinəsinə zənginliklər bəxş edib.
O elə bir şəxsiyyət, şair, dramaturq oldu ki, əbədi
olaraq Azərbaycan xalqının xatirəsində qalacaq,
gözəl sözlərlə anılacaq”.
Xalq şairi
Sabir Rüstəmxanlı: “Bir şairin evində doğulub,
böyüyüb şair olmaq çətin işdir. Allah Vaqifə və böyük qardaşı Yusif Səmədoğluna
bu istedadı vermişdi. Yusif Səmədoğlu
nəsrimizdə bənzərsiz yer tutur, Vaqif Səmədoğlu
da şeirimizdə bənzərsiz bir yer qazandı. Sakitcə,
təvazökarlıqla, özünü reklam etmədən,
bir az da yumorla, zarafatla, amma
addım-addım öz zirvəsinə - Vaqif Səmədoğlu
zirvəsinə yüksəldi. Vaqif Səmədoğlu həyat
sevgisi ilə dolu bir adam idi, amma
ölüm haqqında çox danışırdı. Həyatda hamının görmədiyini, sezmədiyini
duymağı bacarırdı. Ömrünün
sonuna yaxın daha çox ölüm haqqında şeirlər
yazırdı. O, ölümsüzlüyünü
hamıdan çox dərk edən insanlardan idi. Azərbaycan
şeiri yaşadıqca Vaqif Səmədoğlunun poetik, ədəbi,
mənəvi həyatı var olacaq”.
Xalq artisti
Afaq Bəşirqızı: “Mənim tanınmağımda,
sevilməyində Anar müəllimin və Vaqif müəllimin
çox böyük rolu var. Həmişə demişəm
ki, Anar məni “Evləri köndələn yar”la
tanıtdı, Vaqif isə “Bəxt üzüyü” ilə
sevdirdi. Tez-tez ünsiyyətdə olurduq,
telefonla danışırdıq. Dünən
mən xoşbəxtliyin qafiyəsini tapa bilməyən dostumu
itirdim. Önəmli dostlarımdan birini
itirdim. Vaqif çox ağıllı, fəlsəfi bir adam idi. Deyimləri, duyumları,
şeirləri qeyri-adi”.
Xalq
artisti Valeh Kərimov: “Çox böyük şairimiz,
dramaturqumuz idi. Mənim şəxsən taleyimdə,
xalqımıza tanınmağımda, sevilməyimdə Vaqif
müəllimin çox böyük əməyi var. Onun
yazdığı “Bəxt üzüyü” sanki bizim bəxtimizə
yazılmışdı. Qəlbimizdə
gözəl, sadə bir insan kimi qalacaq”.
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2015.- 30
yanvar.- S. 4.