Nəfis xətlə
yazılan tarix
Cəfər Təbrizinin üzünü köçürdüyü nüsxələr Parisdən Sankt-Peterburqadək məşhur kitabxana və muzeylərdə saxlanılır
Xəttatlıq qədim
sənət növüdür. Orta əsrlərdə bir çox Azərbaycan xəttatı bu sənətin bənzərsiz örnəklərini
yaradıblar. Onlardan biri
də Cəfər Təbrizi olub.
1415-ci ildə anadan olan Cəfər Təbrizi erkən çağlardan sənətə böyük maraq göstərib. Valideynləri onu görkəmli xəttat Zərrinqələm Təbrizinin yanına aparıblar. Ustad sənətkar əvvəlcə Cəfərin əl işləri ilə maraqlanır, bəzi tapşırıqlar verir və qabiliyyətini görərək yanında saxlayır. O, burada xəttatlıq sənətinin sirlərini dərindən öyrənir. İllər bir-birini əvəz etdikcə Cəfərin təcrübəsi də artır, nəstəliq, təliq və süls xətlərinin bilicisi kimi tanınır. Sənətinin şöhrəti gedib saraya çatır. Əmir Teymurun o zaman Azərbaycanda hökmdarlıq edən oğlu Miranşah onu saraya dəvət edir. Cəfər sarayda özünü ustad sənətkar kimi sübut edir. Bir müddət sonra onu digər xəttatlarla bərabər Herata - Əmir Teymurun digər oğlu Şahruxun sarayına aparırlar. Cəfərin xüsusi istedada malik olduğu bildirilir. Ona görə də o, sarayda kiçik bir kitabxana-emalatxanaya rəhbər təyin edilir. Şahruxun oğlu Baysunqur Cəfərlə çox maraqlanır, onu himayə edir. Bu nəzarət Cəfərin ürəyincə olmasa da, hər çətinliyə qatlaşır. Qırx xəttatla səhərdən axşamacan kitab üzü köçürür.
Cəfər Təbrizi tez-tez kitabxanada görülmüş işlər haqqında Baysunqur Mirzəyə hesabat verir. Araşdırmalardan oxuyuruq ki, həmin hesabatlardan biri (1427) bu gün də İstanbuldakı Topqapı sarayının muzeyində saxlanılır. Hesabatda kitabxananın fəaliyyətinin təsviri ilə birlikdə 18 miniatürçü, xəttat, cildçi, tərcüməçi və qızıl suyu ilə işləyən usta və digərləri haqqında məlumatlar yer alıb.
Cəfər Təbrizi fitri istedadı və böyük təcrübəsi sayəsində iki məşhur xətt növünü - “nəsx” və “təliq” xətlərini sintez edərək nəstəliq xəttini yaradır. Bu xətt növü sonralar “İslam xətt növlərinin gəlini” adlandırılır. Beləliklə, Cəfər Təbrizi ustad xəttat kimi Xorasan və Türküstanda böyük şöhrət qazanır...
A.Qazıyev araşdırmasında yazır: “O zaman təzə ortaya çıxan nəstəliq xəttinin formalaşması üçün o, böyük iş görür. Şagirdlərindən biri - Əzhər Təbrizi onu həmin xəttin ikinci yaradıcısı (“müxtəre üs-sani”) adlandırır. Çünki Cəfər bir çox məsələlərdə öz ustadından da irəli getmişdi”.
Cəfər Təbrizi nəstəliq xəttinin gələcək inkişafı üçün daim çalışır. O, bu xəttin ikinci ustadı adlandırılır. Sənətinin ən kamillik çağında yazı üsullarının yaşadılması naminə xalq arasından istedadlı gəncləri bu sənətə cəlb edir, sirlərini öyrədir.
Digər tədqiqatlarda qeyd olunur ki, Cəfər Təbrizi 1413-1452-ci illərdə yaradıcılıqla daha fəal məşğul olub. Nəstəliq ustası kimi tanınmasına baxmayaraq, klassik xətlərlə də ciddi məşğul olub. O dövrdə nəstəliq yazısının həm iri, həm də xırda növləri varmış. İri nəstəliq adətən qitə üzərində yazılıb. Bu, üzərində üç dünyəvi məzmunlu nəzm nümunələri yazılan və naxışlarla bəzədilən kağız vərəqinin karton üzərinə yapışdırılması yolu ilə düzəldilir. Kiçik və orta nəstəliqlə bir qayda olaraq poetik əsərlərin əlyazma nüsxələri yazılıb. Kiçik nəstəliq yazısı XV əsrin ikinci yarısında Heratda özünün daha mükəmməl formasını alıb.
Herat xəttatları bunun sonralar “Herati” adlanan xüsusi növünü yaradırlar. Həmin xətt növünün yaradıcısının da məhz Cəfər Təbrizi olduğu qeyd edilir. Şərqdə məşhur xəttat kimi tanınmış Əzhər Təbrizi və Şah Mahmud Zərrinqələm Hafinəs nəstəliq xəttini ondan öyrəniblər.
Cəfər Təbrizi Baysunqurun sarayında çalışdığı dövrdə bir sıra kitabların - S.Şirazinin “Gülüstan”, Ə.Firdovsinin “Şahnamə” və N.Gəncəvinin “Xəmsə”sinin üzünü köçürüb. Bu nüsxələr Paris, Dublin, Tehran, İstanbul və Sankt-Peterburqun məşhur kitabxana və muzeylərində saxlanılır.
Görkəmli xəttat həm də şair kimi tanınıb. Söz yox ki, onun şairlik təbi və istedadı xəttatlıq əsərlərinə də öz təsirini göstərmişdir. C.Təbrizinin Baysunqurun ölümünə yazdığı mərsiyə, Şahrux və onun oğlu şahzadə Əla əd-Dövlənin saraylarında çalışdığı zaman yazdığı şeirləri qalıb.
Cəfər Təbrizi 1480-ci ildə Herat şəhərində dünyasını dəyişib.
Savalan Fərəcov
Mədəniyyət.- 2016.- 1 aprel.-
S. 12.