Milliliyin tərənnümçüsü
Aprelin 2-də Azərbaycanın Xalq rəssamı Altay
Hacıyevin 85 yaşı tamam olur. Onun təsviri sənət
tariximizdə özünəməxsus yeri
var. Ad günü
ərəfəsində rəssamın evində qonaq oldum. Sənətkar və
ömür-gün yoldaşı Tamilla xanım məni gülərüzlə
qarşıladılar.
Göz dəyməsin, Altay
müəllim yaşının bu
çağında da yeni
əsərlər yaradır. Son əsərlərindən
biri həyat yoldaşının portretidir. Tamilla xanım deyir ki, indiyə kimi rəssam onun çoxlu portretlərini yaradıb. Ən uğurlusunu cavanlığında çəkib.
Həmin əsər evdə otağın gözəgəlimli
yerində asılıb. Altay müəllimdən
həmin əsəri dəfələrlə almaq
istəyiblər, ancaq satmayıb.
Altay Hacıyev 1931-ci ildə Bakıda tanınmış rəssam, Əməkdar incəsənət xadimi Əmir Hacıyevin ailəsində dünyaya gəlib. Göz açandan ailədə rənglər dünyasının sehrinə düşüb. Üstəlik, əmisi Həsən, dayısı Arif Ağamalov, xalası Bədurə Əfqanlı kimi tanınmış rəssamların çevrəsində böyüyüb, yetişib. Amma onu Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinə həvəsləndirən mərhum Xalq rəssamı Böyükağa Mirzəzadə olub: “Böyükağa Mirzəzadə qonşumuz idi. Bir gün atama dedi ki, Əmir əmi, qoy Altay rəssamlıq məktəbinə imtahan versin. Onda o həmin məktəbdə müəllim işləyirdi. Mənimlə bir vaxtda Tahir Salahov, Elbəy Rzaquliyev, Toğrul Nərimanbəyov da imtahan verirdilər. Yadımdadır, imtahanda T.Salahov sulu boya ilə yaxşı işləyə bilmədi, möhürlü vərəq korlandı. Böyükağa müəllim ona ikinci möhürlü kağız verdi və o yenidən çəkdi. Bu hadisə 1942-ci ildə olub”.
İkinci Dünya müharibəsi gedişində sovet qoşunlarının İrana girməsi ilə əlaqədar olaraq Altay müəllimin atası Əmir Hacıyev ailəsi ilə birgə Təbrizə göndərilir. Ona görə də Altay təhsildən ayrılmalı olur, iki il Təbrizdə yaşayır, oradakı rus məktəbində oxuyur. Atası isə oradakı Dostluq sarayında baş rəssam işləyir.
“İki ildən sonra Bakıya qayıtdım, 1951-ci ildə təhsilimi başa çatdırdım. Həmin il V.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutuna imtahan verdim, qəbul oluna bilmədim. Növbəti il İ.Repin adına Leninqrad Rəssamlıq Akademiyasına sənəd verdim, yenə də qəbul olunmadım. Səbəbi o idi ki, cəbhədən çoxlu qayıdanlar vardı, birinci növbədə onları qəbul edirdilər. Üçüncü il Kiyev Rəssamlıq İnstitutuna sənəd verdim, bu dəfə də məni götürmədilər. Belə olan halda orada qaldım, tələbələrlə birlikdə çalışmağa başladım. İl yarı olmuşdu, baxdılar ki, yaxşı işləyirəm, məni instituta qəbul etdilər. 1959-cu ildə təhsilimi başa çatdırdım”.
* * *
A.Hacıyev ali rəssamlıq təhsilini bitirdikdən sonra Bakıya qayıdır, fəaliyyətini bir sıra nəşriyyatlarda davam etdirməklə yanaşı, ciddi yaradıcılığa başlayır. 1960-cı ildə Azərbaycan və SSRİ rəssamlar ittifaqlarına üzv qəbul olunur. Rəssamın çoxlu sayda kitablara çəkdiyi illüstrasiyalar onu daha da məşhurlaşdırır. Qeyd edək ki, onun daha çox gənclik illərində linoqravüra texnikası ilə yaratdığı əsərlər ayrıca dəyərə malikdir. “Yeni Bakıda”, “Doğma təranələr”, “Azərbaycan tarixindən səhifələr”, “Xəzər”, “Xalq yaradıcılığı” silsilələri bu sıradandır. Eləcə də onun İ.Nəsimi, M.P.Vaqif, S.Ə.Şirvani, A.Səhhət, M.Müşfiqin şeirlərinə, özəlliklə “Aşıq Qərib” və “Koroğlu” dastanlarına çəkdiyi illüstrasiyalar qrafika sənətimizin sanballı örnəkləridir. İndi həmin əsərlər müxtəlif muzeylərdə və özəl kolleksiyalarda qorunur.
Rəssam ədəbiyyata sıx bağlıdır. Bu baxımdan onun şairə Xurşudbanu Natəvana həsr etdiyi silsilə əsərlər diqqəti çəkir. Rəssam bu mövzuda 60-dan çox rəngkarlıq və qrafika əsəri yaradıb: “Natəvan və Şuşa mövzusu mənim yaradıcılığımda ayrıca yer tutur. “Şuşaya su kəmərinin çəkilməsi”, “Natəvan və Aleksandr Düma”, “Məclisi-üns”, “Xarı bülbül”, “Quşlarla söhbət”, “Ailə” və s. əsərlərim bu mövzudadır. 1991-ci ildə V.Səmədova adına sərgi salonunda “Natəvan - Şuşa” adlı fərdi sərgimi keçirmişdim. Onda Şuşa əlimizdən getməmişdi”.
Beş il öncə Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqının xəttiylə sənətkarın 80 illiyi münasibətilə “Azərbaycanın Xalq rəssamı Altay Hacıyev” adlı kitab nəşr olunub. Təsadüfi deyil ki, kitabın üz qabığında rəssamın “Natəvan” əsəri yer alır. Əsər ilk olaraq rənglərilə diqqəti çəkir. Şairənin başındakı ağ tirmə şal, əynindəki kofta kimi üzü və əlləri də ağ rəngdə işlənib. Rəssamın rəng ustalığına heyran olmaya bilmirsən.
Yeri gəlmişkən, rəssamla söhbətimiz boyu o, adıçəkilən kitabı əlindən qırağa qoymadı. Oradakı əsərləri bir-bir göstərməklə yanaşı, onları mənim üçün izah elədi, yaranma tarixlərindən danışdı.
* * *
Qocaman sənətkarımızla dünya rəssamlığı, milli rəssamlığımızın dünəni və bugünü, sənətin mahiyyəti və s. mövzularda geniş söhbət etdik. Onun yaradıcılıq haqqında düşüncələri maraq doğurur: “Yaradıcılıq - sənət ideallarını həyata keçirmək uğrunda mübarizədir. İdeal nə keçmişdədir, nə gələcəkdədir, o, əbədidir. Gözəllik bizi cəlb edir, çünki onu hər dəfə yenidən kəşf edirik. Sənətkarda bilik, zəhmətsevərlik, sənətə bağlılıq və təmiz qəlbin olması vacibdir”.
Altay müəllim realizm ənənələrinə dərindən yiyələnib, onun prinsiplərinə həmişə sadiq qalıb. Ona görə deyir ki, rəssamlıqda mütləq klassik realizm məktəbinin ənənələrini qorumaq gərəkdir. Çünki o, yüksək peşəkarlıq məktəbidir. Müasir texnokratizm mədəniyyətə üstün gələrək bizi yavaş-yavaş mənəvi çöküşə aparır.
Rəssamın ən qabarıq özəlliklərindən biri onun milliliyi tərənnüm etməsidir. Bu yön onun bütün əsərlərində görünür, yaşadılır. O, sənətdə milli dəyərlərin, tarixiliyin təbliğini önəmli sayır. Bu baxımdan rəssamın böyük ustalıqla tarixi mövzularda yaratdığı əsərlər diqqəti çəkir.
Azərbaycan rəssamlarının çoxu Dədə Qorqudun obrazını yaradıblar. Onların içərisində bir neçəsi daha uğurludur. Həmin işlərdən biri də A.Hacıyevin böyük ustalıqla çəkdiyi “Dədə Qorqud” əsəridir. Onun bu əsəri ölkəmizdə Dədə Qorqudun obrazı kimi çox yayğın və seviləndir.
Rəssamın “Eldəniz Atabəy”, “Mömünə xatun”, “Aşıq Pəri”, “Fətəli xan”, “Şairə Qonçabəyim”, “Tutibikə”, “Ağabəyim ağa”, “Tomris”, “Məhsəti Gəncəvi”, “Həmidə Cavanşir və Cəlil Məmmədquluzadə”, “İzzət Orucova” kimi tarixi mövzulu əsərləri rəssamlıq sənətimizin ən sanballı nümunələri sırasındadır. Demək olar ki, rəssam adları çəkilən əsərlərdə həmin tarixi şəxsiyyətlərin çoxunun obrazını ilk dəfə olaraq yaradıb.
Eləcə də onun “Nəsillərin dialoqu” adlı əsəri iki böyük teatr və kino aktyoru - Ələsgər Ələkbərov və Fuad Poladova həsr olunub. Əsərdə rəssam realizm və kubizm üslublarından ustalıqla yararlana bilib. “Bakılı qızlar”, “Narlar”, “Yuxu” əsərləri isti, ürəyəyatımlı rəngləriylə insanda dərin, xoş ovqat yaradır. “Zara pəncərə önündə” əsəri isə başdan-başa romantikadır.
Rəssamın monumental sənət sahəsindəki fəaliyyəti ayrıca qeyd olunmalıdır. O, paytaxtımızda, eləcə də xaricdə bir sıra uğurlu mozaik lövhələr, divar rəsmləri yaradıb. Onun “Lukoyl” neft şirkətinin Bakı ofisinin binasını bəzəyən vitrajları monumental sənət əsəridir.
* * *
Altay müəllim ömrünü yaradıcılıq üstə yaşayıb, ondan ayrılmayıb. Bu müddətdə nə qədər sənət adamları ilə dostluq, yoldaşlıq edib. Onların hər birilə bağlı xatirələri var. Ən yaxın dostlarından biri Xalq rəssamı Səttar Bəhlulzadə olub. Səttarla birgə Mərkəzi Komitənin xəttiylə bölgələrə çox səfərləri olub. Demə, belə işlərə cəlb olunan müxtəlif sahələrin sənət adamları sonradan MK-ya hesabat da verirlərmiş: “Bir gün həmin xətlə Şamaxıya getdik ki, rayondakı vəziyyətlə tanış olaq. Şamaxıda Leninin heykəli vardı, yan-yörəsi zibillik idi. Biz birinci katiblə görüşə getdik. İçəri girən kimi katib durub hörmətlə bizi qarşıladı, “ay Səttar müəllim” deyib irəli gəldi. Səttar da birdən katibə dedi ki, “Nə Səttar müəllim? Leninin heykəli zibil içindədir”. Katib danmaq istədi. Səttar dedi ki, ay dılğır, gördüyümü mənə dandırırsan? Katib özünü itirdi, pərtlik yarandı, mən birtəhər Səttarı sakitləşdirdim. Səttar kimsədən qorxmurdu”.
Bu gün Hacıyevlər ailəsində rəssamlıq sənəti ləyaqətlə davam etdirilir. Oğlu Addis Hacıyev Rusiyada yaşayır və tanınmış kino rəssamıdır. Onlar ata-oğul bu yaxında Moskvada keçirilən sərgidə ölkəmizi təmsil ediblər.
Bəs Altay müəllim 85 yaşı ilə bağlı sənətsevərlərə sərgi təqdim edəcəkmi? Rəssam deyir: “Belə qərara gəlmişik ki, bu münasibətlə atam Əmir Hacıyev, mənim və oğlum Addisin əsərlərindən ibarət sərgi təşkil edək”.
Sonda onu da bildirim ki, mənim A.Hacıyevlə tanışlığımın 15 illik tarixi var. Rəssamlar İttifaqına üzv qəbul olunanda mənə üç rəy gərək idi, onlardan birini Altay müəllim verdi, haqqımda xoş sözlər yazdı. Beləcə onunla səmimi, doğma münasibətlərimiz yarandı. Sayğılı Altay müəllim, 85 yaşınız qutlu olsun!
S.Soltanlı
Mədəniyyət.- 2016.- 1 aprel.-
S. 10.