Birləşmiş Ərəb Əmirlikləri ilə turizm əməkdaşlığı müzakirə olunub

 

Azərbaycanın viza rejimini sadələşdirməsi müsbət qarşılanıb

 

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov Ras Əl-Xeymə Əmirliyinə işgüzar səfər edib.

Səfirlikdən bildiriblər ki, Daşqın Şikarov Əmir Şeyx Səud bin Saqr Əl-Qasimi ilə görüşüb. Diplomat Azərbaycan-BƏƏ əlaqələrinin inkişafı kontekstində turizminvestisiya sahələrində qarşılıqlı əməkdaşlıq üçün yaxşı imkanların mövcudluğunu əsas tutaraq, ölkəmizin bu işbirliyi üçün hazır olduğunu diqqətə çatdırıb. Daşqın Şikarov ötən ilin noyabrından etibarən BƏƏ vətəndaşlarının Azərbaycana vizanı ölkəmizin istənilən hava limanında almaq hüququ əldə etməsi barədə qərarın münasibətlərimizin inkişafına mühüm təkan verəcəyini bildirib.

Səfir Azərbaycanda gedən iqtisadi tərəqqi, xüsusilə qeyri-neft sektorunun inkişafı, ölkəmizdə biznes fəaliyyəti üçün yaradılan münbit şərait barədə ətraflı məlumat verib, Ras Əl-Xeymə Əmirliyinin adamlarını ölkəmizə investisiya yatırmağa dəvət edib.

Əmir Şeyx Səud Əl-Qasimi Azərbaycanla turizm, investisiya, kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlığa hazır olduqlarını deyib. O, Azərbaycana səfər edəcəyini vəd edib.

Görüşdən sonra Azərbaycan səfəri üçün Ras Əl-Xeymə Azad Ticarət Zonasında yerləşən turizminvestisiya qurumlarında hər iki sektor üzrə mövcud imkanlara və perspektivlərə dair müvafiq təqdimatlar təşkil edilib, birgə əməkdaşlığın mümkün yolları ətrafında fikir mübadiləsi aparılıb.

 

Mədəniyyət.- 2016.- 1 aprel.- S. 9.