Misir Bakı-Qahirə birbaşa
aviareysinin açılmasını istəyir
Bu ölkənin Turizm Nazirliyi nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir
“Bakı ilə Qahirə arasında birbaşa hava reysinin açılması Misir-Azərbaycan turizm əlaqələrinin inkişafına öz töhfəsini verəcək”.
Bu barədə Misir Ərəb Respublikası Turizm Nazirliyinin Beynəlxalq turizm şöbəsinin başçısı Məhəmməd Əbd Əl-Cabbar bu ölkədə səfərdə olan azərbaycanlı jurnalistlərlə görüşü zamanı deyib.
O bildirib ki, Azərbaycandan Misirə gələnlərin sayı o qədər də çox deyil: “Biz Azərbaycanla turizm əlaqələrini inkişaf etdirmək istəyirik. Əsas problemlərdən biri birbaşa hava əlaqəsinin olmamasıdır. Biz birbaşa hava əlaqəsinin yaranması üçün çalışmalıyıq və düşünürəm ki, bununla da turizmin inkişafına yardım etmiş olacağıq”.
Azərbaycan və Misir şirkətləri arasında turizmin inkişafı ilə bağlı müzakirələrin vacibliyindən danışan Məhəmməd Əbd Əl-Cabbar qeyd edib ki, Misir Azərbaycan və Qazaxıstan kimi ölkələrlə uzun müddətdir ki, əlaqələr qurub: “Çox istərdik ki, bu ölkələrin turizm bazarları ilə maraqlanaq. Məsələn, Qazaxıstandan Şarm Əl-Şeyxə bu yaxınlarda birbaşa reys açılıb. Biz bu təcrübənin Azərbaycana münasibətdə də təkrarlanmasını istərdik”.
Misir Turizm
Nazirliyinin rəsmisi əlavə edib ki, turizm
sahəsində ikitərəfli münasibətlərin
inkişafı ilə bağlı nazirliyin
nümayəndə heyətinin Azərbaycana səfəri
gözlənilir. “Misir turizm nazirinin Azərbaycana
ötən ilin dekabrına
planlaşdırılan səfəri təxirə
salınmışdı. Lakin bu səfər baş tutacaq və nümayəndə heyətinin tərkibinə
Misir turizm və aviasiya şirkətlərinin nümayəndələri
də daxil olacaq”, -
deyə o bildirib.
Mədəniyyət.- 2016.- 1 aprel.-
S. 9.