Səmimiyyətin
qələbəsi və ya ötənlərin
nostaljisi
Dəqiqə yenə
60 saniyədir, saat yenə 60 dəqiqə,
sutka da əvvəlkitək
24 saat. Kimyəvi tərkibindəki dəyişikliklər
barədə laboratoriya yoxlamalarını
nəzərə almasaq, elə hava da, dəniz də həmənkidir.
Amma nədənsə,
bugünkü dünya
əvvəlki deyil, adamlar
da o vaxtkı.
Axtardığımız səmimiyyətdir, hər kəndin,
hər bölgənin özünəməxsusluğu, böyük meqapolisdə qəribsədiyimiz doğma üzlərdir,
qulağımızın eşitmədiyi ifadələr, unutduğumuz həyat tərzidir. Elə bilirsiniz, bu hiss təkcə şəhərdən uzaqda doğulmuş,
uşaqlığını, vərdişlərini qoyub gəldiyi yurd üçün darıxanlara xasdır? Yox... Bu hiss
təməlli, əsilli-köklü şəhər sakinlərində
də var. Axı, şəhərlər də
böyüdükcə, sakinləri artdıqca onların
görkəmi dəyişir, ovqatı başqalaşır.
Bütün bu irili-xırdalı nisgilləri iki saatlığa unutmaq üçün yolunuzu Musiqili Teatrdan sala bilərsiniz. Söhbət teatrsevərlərə təqdim edilmiş yeni tamaşadan - Xalq yazıçısı Elçinin hekayələri əsasında səhnələşdirilmiş «Baladadaşın toy hamamı» ikihissəli lirik komediyadan gedir.
Elçin müasir Azərbaycan oxucusunun, teatralının yaradıcılığına kifayət qədər yaxşı bələd olduğu yazıçı-dramaturqdur. Hələ ötən əsrin yetmişinci illərində yazıçının hekayəsi əsasında çəkilmiş «Baladadaşın ilk məhəbbəti» qısametrajlı filmi onun sonradan silsilə hekayə və povestlərinin qəhrəmanına çevriləcək aerodrom kepkalı oğlanın qəlbindəki səmimiyyəti, təbiətindəki saflığı ilə bütün Azərbaycana sevdirdi. Bu qəhrəman indi də Musiqili Teatrın səhnəsindədir.
«Baladadaşın toy hamamı» tamaşası müəllifin iki hekayəsi əsasında Əməkdar artist Nofəl Vəliyev tərəfindən səhnələşdirilib. Tamaşanın quruluşçu rejissoru isə Xalq artisti Cənnət Səlimovadır. Musiqini illərdən bəri Cənnət xanımla yaradıcılıq tandemində çalışan bəstəkar Firudin Allahverdi yazıb. Mahnıların mətninin müəllifi meyxanaçı kimi tanıdığımız Vüqar Əbdülov, səhnə tərtibatçısı Xalq rəssamı Tahir Tahirov, dirijoru Fəxrəddin Atayevdir.
İfaçılara keçmədən onu deyək ki, tamaşa Azərbaycan teatrında son illərdə tətbiq edilməyə başlayan texnoloji yeniliklərdən bəhrələnməyə maraqlı nümunədir. İlk səhnədə kənd əhli klubun açıq yay ekranında məşhur «Avara» hind filminə baxır. Elə salondakı tamaşaçılar da əsərin qəhrəmanları ilə birlikdə filmin son səhnələrini izləyirlər. Necə? Çox sadəcə. Dekorasiya əvəzinə asılan iri ekran bizə məşhur filmin kadrlarını göstərir. Kino bitəndən sonra isə hadisələr Xəzər sahilində, ya da sahilin göründüyü məkanlarda cərəyan edərkən həmin ekran sakit dalğalı dənizi bizə göstərir, yalnız ev və çayxana səhnələrində kənd mənzərəsi təsvir edilən pərdə asılır. Canlı dəniz mənzərəsi də təsadüfi deyil. Stanislavskinin sözü olmasın, əgər səhnədən tüfəng asılıbsa, o, mütləq açılmalıdır.
İfaçılara gəlincə, əsərin baş qəhrəmanları gənclərdir. Əgər Baladadaş rolunun ifaçısı Əmrah Dadaşov səmimi ifası, ötəri ilk məhəbbətinin və əbədi sevgisinin ünvanları - Sevil (Əməkdar artist Səidə Şərifəliyeva) və Bikə (Mehriban Zalıyeva) ilə görüşlərində təbii və inandırıcı oyunu ilə yadda qalırsa, Sevil və Bikə obrazlarının ifaçıları bu tamaşanın ən güclü vokal səsləri kimi alqışa layiqdirlər. Düzdür, S.Şərifəliyevanın Sevili sadə kənd uşağı Baladadaşa niyə meyl etməsini şıltaqlıq kimi çatdırsa da, aktrisanın bəzən həddən artıq çox gülməsi yersiz görünür. Hərçənd, bu, rejissor ilə ifaçının qəsdən seçdiyi xarakterik cizgi də ola bilər. Əslində, Sevilin ondan yaşca xeyli böyük, imkanlı və səxavətli nişanlısı Murad - Əliməmməd Novruzovun bu obraza qatdığı ştrixlər tamaşaçıya nişanlı qızın gözünün dağınıqlığını tam izah edir. Hazırın naziri tipli, vəzifəyə göydəndüşmə yiyələndiyi aydın görünən Muradı da yüngülməcaz Sevildən daha çox qayınanası Şəfiqənin qayğısı cəlb edir. Əməkdar artist Nahidə Orucova da Şəfiqədə xoşbəxtliyi maddi rahatlıqda görən anaların ümumiləşdirilmiş obrazını yaratmağa müvəffəq olub.
Təbii ki, bu teatrda öz xarizması ilə seçilən Əməkdar artist Çingiz Əhmədovun Gümüş Maliki də «Baladadaşın toy hamamı»na xüsusi rəng qatır. Bununla belə, sevimli aktyorun hər iki çayxana səhnəsindəki çıxışının bir qədər uzadılması, mətnlərdəki təkrarlar tamaşanın şirinliyinin artmasına, komizminin qatılaşmasına hesablansa da, bir qədər yorucu təsir bağışlayır. Olsun ki, tamaşa daimi repertuarda möhkəmləndikcə bu «duruluq» bir qədər yığışdırılacaq. Çünki Malik öz evində arvadı Umxanım (Gülçöhrə Abdullayeva) ilə dialoqunda, eləcə də onun böyüründən ayrılmayan, Baladadaş üçün el hamamını açmayacağına söz vermiş bacanağı, hamam müdiri Ələkbər (Fərid Rzayev) və baldızı Anaxanım (Gülcahan Salamova) ilə səhnələrində daha lakonik, daha çevik, daha maraqlıdır.
Böyük ailənin üzvləri kimi bir-birinin dərdinə şərik olub, uğuruna sevinən, həm də işinə qarışan kənd əhli hər kəsin sevimlisi Baladadaşın toyunda qan düşəcəyindən narahatdır. Ələkbər hamamı bağlayaraq, çayxanadakı haqq-hesabın acığını çıxmaqda qərarlıdır. Ağsaqqal, ağbirçək minnəti onu fikrindən daşındıra bilmir. Hər kəs isə beyni qanlı təzə bəyin toy hamamı adətini necə yerinə yetirəcəyindən narahatdır. Əvvəldən səhnədə dalğalanan dəniz yadınızdadır? Bax, elə tamaşanın finalında hər kəs qəfil yoxa çıxan Baladadaşı axtarırkən həmin dəniz mənzərəsi dəyişir, tamaşaçı bəydadaş Baladadaşı dalğaların qoynunda görür. O, hətta dalğaların qoynundan Ələkbərə mesaj da yollayır. Camaat rahat nəfəs alınca saçının suyu süzülən Baladadaş səhnəyə çıxır. Bir anlığa inanırsan ki, aktyor doğrudan da arxa planda dalğalanan dənizdən çıxıb.
Tamaşa barədə təəssüratları yekunlaşdırarkən bir məqama diqqət yetirmək istərdim. Sirr deyil ki, bu gün Azərbaycanda yumor, satira dialekt, ləhcə, şivə üstündə qurulub. Yəni bizi güldürmək istəyirlərsə, mütləq gülməli olanı hər hansı bölgənin ləhcəsində təqdim edirlər! «Baladadaşın toy hamamı» tamaşasında da sırf Bakı, daha da dəqiqləşdirsək, əhvalatın baş verdiyi Buzovna kəndinin ləhcəsi var. Amma... Hər şeydən əvvəl müəllif Elçinin, sonra quruluşçu rejissorun və bütün yaradıcı heyətin «Baladadaşın toy hamamı»ndakılara səmimi münasibəti ləhcəni əsas gülüş obyekti olmaqdan çıxarıb xoşagələn ştrixə çevirir.
Əgər neçə illər öncəsi Bakı kəndinin aurasına düşmək, onun ovqatını yaşamaq istəyirsinizsə, bu tamaşaya baxın. Düzdür, hava da həmənkidir, dəniz də. Amma bugünkü dünya əvvəlki deyil, adamlar da o vaxtkı. Onları isə görməyə dəyər.
G.Mirməmməd
Mədəniyyət.- 2016.- 1 aprel.-
S. 7.