Tarixin qan
yaddaşı
Bölgələrdə Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbirlər
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr edilən rəsm sərgisi açılıb.
Muxtar respublika Rəssamlar Birliyinin sədri, Milli Məclisin deputatı, Əməkdar rəssam Ülviyyə Həmzəyeva 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində, Bakı quberniyasının müxtəlif bölgələrində, habelə Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlar barədə danışıb. Vurğulayıb ki, Azərbaycan xalqı bu tarixi heç zaman unutmayacaq. Bu faciənin bədii ədəbiyyat, kino, musiqi və rəsm əsərlərində əks olunaraq gələcək nəsillərə, eyni zamanda dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl işlər aparılır.
Sonra iştirakçılar sərgi ilə tanış olublar. Sərgidə əksəriyyəti gənc olan 12 rəssamın 20-dən çox əsəri nümayiş etdirilir.
* * *
Tərtər rayon Mərkəzi kitabxanasında “Qan yaddaşımız” adlı dəyirmi masa keçirilib. MKS-nin direktoru Ulduzə Qurbanova ermənilərin zaman-zaman xalqımıza qarşı törətdiyi cinayətlərdən söz açıb. MKS-nin şöbə müdirləri Şəlalə Əliyeva, Ətrabə Süleymanova, Sevda İsgəndərova çıxış ediblər. Tədbir iştirakçıları “31 mart - Azərbaycanlıların soyqırımı günüdür" adlı kitab sərgisi ilə tanış olublar.
* * *
Ağcabədi rayon Mərkəzi kitabxanasında keçirilən “Tarix unudulmur” adlı tədbirdə MKS-nin direktor müavini Təranə Məmmədova soyqırımının acı nəticələrindən söz açıb. Rayon İcra Hakimiyyətinin nümayəndəsi T.Hacıyev, Mədəniyyət və Turizm Şöbəsinin müdiri R.Quliyev, kitabxananın şöbə müdiri N.Məmmədova, Hindarx qəsəbə kitabxanasının müdiri V.Məmmədova, rayon Mədəniyyət mərkəzinin direktoru M.Mehdiyev və başqalarının çıxışları dinlənilib.
* * *
Qubadakı Heydər Əliyev Mərkəzində 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı konfrans keçirilib. Mərkəzin direktoru Elza Orucova çıxış edərək tariximizin bu acı səhifəsindən söz açıb, soyqırımı həqiqətlərinin dünyaya çatdırılması üçün görülən işlərdən bəhs edib. Bildirib ki, ölkə Prezidentinin 2009-cu ildə imzaladığı sərəncama əsasən Heydər Əliyev Fondu tərəfindən Qubada yaradılan Soyqırımı Memorial Kompleksi qan yaddaşımıza abidədir.
Mərkəzin elmi işçisi T.Məmmədova, dərnək rəhbəri K.Bağırova mövzu ilə bağlı çıxış ediblər. 31 mart soyqırımı haqqında film nümayiş olunub. Sonra konfrans iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
* * *
Qusar Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə mədəniyyət işçilərinin bir qrupunun Quba Soyqırımı Memorial Kompleksinə ziyarəti təşkil olunub.
Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarlığa qərənfil dəstələri düzülüb. Memorial kompleksin işçiləri qan yaddaşımızın ən ağrılı səhifələrindən olan soyqırımı və azərbaycanlıların tarixi torpaqlarından çıxarılması haqqında ətraflı məlumat veriblər.
* * *
1918-ci ildə azərbaycanlı əhaliyə qarşı qırğınlar həyata keçirilən bölgələrdən biri də Ağsudur. Bu tarix unudulmur. Ağsu rayon MKS-də 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş tədbirdə də bu barədə danışılıb. Tədbirdə rayon ictimaiyyəti nümayəndələri, yaşlı və gənc nəslin nümayəndələri çıxış edərək bu hadisələrin qan yaddaşımıza əbədi həkk olunduğunu vurğulayıblar.
* * *
Sabirabad rayonu
M.Ə.Sabir adına Mərkəzi kitabxanada təşkil olunan
tədbirdə də 31 mart
soyqırımından söz
açılıb. MKS-nin direktoru
Eldar Urufov bildirib ki, bu
tarixin qanlı-qadalı illəri daim xatırlamalı, erməni düşmənliyini
unutmamalı, düşmənə qarşı həmişə
mübariz olmalıyıq. Baş
kitabxanaçı N.Gözəlova və digər
çıxış edənlər də 1918-ci ilin mart
qırğınları barədə danışıblar. Tədbir
kitab sərgisinə baxışla sona çatıb.
Mədəniyyət.- 2016.- 1 aprel.-
S. 6.