Prezidentin sərəncamı dövlət idarəçiliyində islahatların davamıdır

 

Xəbər verdiyimiz kimi, martın 29-da Prezident İlham Əliyev Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncama əsasən, nazirliyin Sumqayıt, Xaçmaz, İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Gəncə, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Biləsuvar, Masallı və Lənkəran regional idarələri yaradılacaq. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin və nazirliyin regional idarələrinin abidə mühafizəçiləri ştatları Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə veriləcək.

Martın 30-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Salyan rayonunda vətəndaşları qəbul etdikdən sonra jurnalistlərə müsahibə verib. Əbülfəs Qarayev müsahibədə bir sıra məsələlərlə yanaşı, Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında ölkə Prezidentnin sərəncamına da toxunub.

Nazir bildirib ki, bu gün ölkəmizdə dövlət idarəçiliyinin çevikliyinin yüksəldilməsi, idarəçiliyin təkmilləşdirilməsi, eyni zamanda şəffaflığın artırılması məqsədi ilə, digər sahələrdə olduğu kimi, mədəniyyət və turizm sahəsində də islahatlar davam etdirilir:Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Mədəniyyət və Turizm Nazirliyində də bir sıra struktur dəyişiklikləri baş vermişdir. Sərəncama əsasən, nazirliyin strukturunda indiyədək mövcud olan 60 rayon mədəniyyət və turizm şöbəsi 15 regional idarədə birləşdirilir. Eyni zamanda Mədəniyyət və Turizm Nazirliyinin Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin bazasında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi yaradılır. 2017-ci il yanvarın 1-nə qədər yeni sistemə keçiləcək və həmin tarixdən mədəniyyət sahəsinin mərkəzləşdirilmiş maliyyələşməsi təmin ediləcək”.

Nazir vurğulayıb ki, dövlət başçısının 2014-cü il 14 fevral tarixli 273 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”na uyğun olaraq qəbul edilən bu qərar mədəniyyət sahəsində şəffaf və səmərəli idarəetmə sisteminin formalaşdırılmasına əlavə zəmin olacaq.

Əbülfəs Qarayev onu da diqqətə çatdırıb ki, islahatların həyata keçirilməsi işçilərin ixtisar olunmasına gətirib çıxarmayacaq.

 

Mədəniyyət.- 2016.-  1 aprel.- S. 3.