O, sənətin məqsədini gözəl əsərlərin təbliğində görürdü...

 

Əməkdar incəsənət xadimi, dirijor Faiq Mustafayev zəngin musiqi irsi ilə yaddaşlarda yaşayacaq

 

Klassikmüasir Azərbaycan bəstəkarlarının əsərlərinin təbliğində Əməkdar incəsənət xadimi, istedadlı dirijor Faiq Mustafayevin önəmli xidmətləri var. Bu il fevralın 24-də 85 yaşında dünyasını dəyişən sənətkar ömrünün böyük bir hissəsini musiqi mədəniyyətimizin inkişafına həsr edib.

 

Faiq Mustafayev 1930-cu il oktyabrın 23-də şamaxılı maarifpərvər, alicənab insan kimi tanınan Hacı Naim Mustafayevin ailəsində dünyaya gəlib. Hələ yeniyetmə dövründə incəsənətə və xüsusən teatr sənətinə maraq göstərir, təhsil aldığı 172 nömrəli məktəbin dram dərnəyinə üzv yazılır. Burada Faiqin aktyorluq qabiliyyətini görən aktrisa Rəhilə Məlikova onun Gənc Tamaşaçılar Teatrına aktyor kimi qəbuluna kömək edir. Sonra səhnə yaradıcılığına məhəbbət Faiq Mustafayevi Teatr İnstitutuna gətirir. Aktyorluq şöbəsinin tələbəsi olaraq o, eyni zamanda Akademik Dram Teatrında əmək fəaliyyətinə başlayır.

Bununla yanaşı, hərtərəfli istedadı onu hələ uşaqlıq illərində musiqi sənətinə də meylləndirmişdi. Yaddaşında da uşaqlıq illərində evlərində səslənən musiqixalq mahnıları canlanırdı. Faiqin bacıları Güllü (Azərbaycanın Xalq rəssamı) və Tutu, qardaşı Ramiz (Xalq artisti, bəstəkar) pianinoda xalq mahnıları, muğamları ifa edər, oxuyardılar.

Faiqin püxtələşməsində, gələcək həyat yolunun seçimində təbii olaraq qardaşı Ramizin çox böyük təsiri vardı. Dünyasını dəyişən tanınmış bəstəkarımız Ramiz Mustafayev də sənətə Gənc Tamaşaçılar Teatrının və Akademik Dram Teatrının aktyoru olaraq başlamış, lakin daxilindəki musiqi potensialı üstün gələrək onu bəstəkarlığa, dirijorluğa sövq etmişdi. İçərişəhərdəki evlərinə tez-tez Ramizin bəstəkar və aktyor dostları gələrdilər, musiqiteatr sənəti haqqında söhbətlər aparar, yeni musiqi əsərlərini ifa edərdilər.

Bu görüşlər zamanı Faiq gələcəyin görkəmli musiqiçiləri Xəyyam Mirzəzadə, Vasif Adıgözəlov, Tofiq Bakıxanov, Musa Mirzəyev, Arif Məlikovla ünsiyyət qurur və onların əsərlərinin bəlkə də ilk dinləyicisi olurdu.

Təbii olaraq bu musiqi mühiti, Azərbaycan ziyalıları, aktyor və ifaçılarla tanışlıq onun musiqiçi kimi formalaşmasına böyük təsir göstərib. Onu da deyək ki, məktəb illərində tez-tez filarmoniyanın simfonik konsertlərinin bütün məşqlərini dinləməsi F.Mustafayevin musiqi marağını artırıb, onda dirijor sənətinə böyük həvəs oyadıb. Filarmoniyanın zalında P.İ.Çaykovskinin VI və L.V.Bethovenin V simfoniyalarını dinləyəndə Faiqin dərin həyəcan hissləri və dirijorluq təqlidləri hafizəsində silinməz təəssürat olaraq qalırdı. O günlərdə ağlına da gətirə bilməzdi ki, bir neçə ildən sonra musiqiyə olan həvəsi onu dirijor vəzifəsinə gətirəcək və böyük ustad Niyazi ilə birlikdə çalışma imkanı verəcək...

Musiqi sənətinə dərin meyli Teatr İnstitutunda oxuyan F.Mustafayevi Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun qaboy sinfinə gətirir. Texnikumda ona dərs verən müəllimlərdən (B.Sadıxbəyov və V.Knyazkov) peşəkar musiqinin sirlərini öyrənir. Çalğı alətinə olan maraq onun vokal istedadını kölgədə qoymur və 1952-ci ildə bəstəkar-dirijor C.Cahangirovun rəhbərliyi altında Azərbaycan Radiosunun xor kollektivinə xorist kimi qəbul olunur.

Beləliklə, F.Mustafayev teatr sənətindən musiqi dünyasına keçir. Musiqi texnikumunda nəzəri hazırlıq, qaboy alətində bacarıqlı ifaçılığı, xorda olan fəaliyyəti onun gələcək musiqiçi kimi hərtərəfli inkişafında müstəsna rol oynamışdı. Lakin onu uşaqlıq illərindən ən çox maraqlandıran dirijorluq sənəti idi.

Bu maraq F.Mustafayevi 1956-cı ildə Dövlət Konservatoriyasına gətirir və burada professor C.Cahangirovun xor-dirijorluq sinfinə daxil olur. Konservatoriyanı 1962-ci ildə müvəffəqiyyətlə bitirəndən sonra görkəmli dirijor Niyazinin köməyi ilə Dövlət Filarmoniyasının orkestrinə dirijor kimi işə qəbul olunur. Onu da deyək ki, F.Mustafayevin sənət taleyində Niyazinin çox böyük əməyi və rolu olub. Məşq prosesində görkəmli maestronun ifaçılıq qabiliyyətini diqqətlə izləyən gənc musiqiçi bir çox şeyləri ondan öyrənir və böyük sənətkarın ustalığı ilə bir çox klassik, müasir dünya və Azərbaycan bəstəkarlarının əsərlərini dərindən mənimsəyirdi.

F.Mustafayev sevdiyi sənətində öz peşəkarlığını artırmaq üçün 1969-1971-ci illərdə Moskvada görkəmli musiqiçi-dirijor Q.Rojdestvenskinin rəhbərliyi altında dirijorluq təcrübəsi keçir, təcrübəsini dərinləşdirir. Sənətkar bu barədə belə deyirdi: “Moskvada oxumaq mənə çox şey verdi, mən sanki yeni bir konservatoriya bitirdim. Moskvanın zəngin musiqi həyatı və görkəmli dirijor Q.Rojdestvenski ilə kontaktda olmağım mənim üçün çox böyük xoşbəxtlik oldu”.

Bakıya döndükdən sonra o, yenə də filarmoniyada işini davam etdirir.

Onu bir dirijor kimi fərqləndirən əsas cəhət musiqiyə olan böyük sevgisi, zəhmətkeşlik və məsuliyyəti, eləcə də öz sənətini daima inkişaf etdirmək cəhdi idi. Gənc dirijor müxtəlif bəstəkarların yaradıcılığına müraciət edərək fərqli janrların interpretatoru kimi çıxış edirdi. Kamera əsərlərindən tutmuş böyük simfonik partituralaradək onun repertuarında yer alırdı.

F.Mustafayevin uğurlu ifaçılıq premyeraları sırasında Bethovenin 1,3 ¹ konsertlərini, eləcə də Listin, Qriqin əsərlərini xüsusi qeyd etmək olar. Listin “Prelüdlər”ində qəhrəmanın cəsarətini o, parlaq şəkildə açıqlaya bilmişdi.

S.ProkofyevinPetyaQurdsimfonik əsərində isə “teatrallıq” spesifikasını dirijor xüsusi olaraq nəzərə çarpdırmışdı.

Sənətkar 1962-1998-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasında çalışdığı müddətdə bir çox yerlixarici ifaçılara dirijorluq edib. Tanınmış musiqiçilər öz premyera ifalarını F.Mustafayevin rəhbərliyi altında gerçəkləşdiriblər. O, A.Əliyev, S.Qəniyev, R.Atakişiyev, L.İmanov, F.Bədəlbəyli, Z.Adıgözəlzadə, M.Bədirov, S.Aslanova (Azərbaycan), V.Pletnev, N.Petrov, A.Skavronskiy, E.Qilels, S.Brumberq, S.Kazalupova, N.Ştarkman, O.Jukova, İ.Qavrilin (Rusiya) və bir çox başqa istedadlı ifaçıların dirijoru olub.

Onu da deyək ki, bəzən Niyazi səhhəti ilə bağlı pult arxasına çıxa bilmirdi, o zaman F.Mustafayev böyük maestronu bacarıqla əvəz edirdi. Sənətkar Azərbaycan bəstəkarlarının əsərlərinin əsl təbliğatçısı kimi də çıxış edirdi. Ü.Hacıbəylinin, Q.Qarayev, S.Hacıbəyov, F.Əmirov, C.Cahangirov, A.Rzayev, R.Hacıyev, H.Xanməmmədov, R.Mustafayev, Ş.Axundovabaşqa bəstəkarların əsərlərini böyük ilhamla ifa edib. O, dirijor traktovkasında Azərbaycan musiqisinin spesifik xüsusiyyətlərini çox yaxşı duyub və dinləyicilərə çatdıra bilib.

İstedadlı dirijor bəzi opera tamaşalarına da dirijorluq edib. Məsələn, 70-ci illərin sonunda R.MustafayevinVaqif”, Ş.Axundovanın “Gəlin qayası” operalarının dirijoru olub.

Doğrudan da, F.Mustafayevin ifaçılıq repertuarı çox genişliyi ilə diqqəti cəlb edib. O, bir çox konsert mövsümləri keçirib və hər bir konsertdə yeni əsərlərlə repertuarını zənginləşdirib. Müəllif ideyasını dərindən duyan dirijor hər bir partituranı düzgün tərzdə açıqlamağa nail ola bilib.

Sənətkarın dirijorluq fəaliyyətinin ən dəyərli sahəsi uşaqlarla tərtib etdiyi konsertlərlə əlaqədardır. O, uzun illər yeniyetmələrlə işləyib, onları orkestrlə çıxış etməyə hazırlayıb. Çox sadə, yumşaq xasiyyətli insan olaraq uşaqlara sevgi ilə yanaşıb, onları sənətdə uğur əldə etməyə ruhlandırıb. Məlumdur ki, uşaqlarla işləməyin müəyyən çətinlikləri də var. Çünki onları dinləmək, həm də orkestrlə həmahəng işləmələri üçün səbir nümayiş etdirmək lazımdır. F.Mustafayev bu çətin işin öhdəsindən bacarıqla gəlib. Elə bu gözəl insani keyfiyyətlərinə görə musiqi məktəblərinin müəllimlərinin, eləcə də tələbələrin böyük hörmətini qazanmışdı. Uzun illər Bakı musiqi məktəblərinin bütün hesabat konsertləri də onun orkestr rəhbərliyi altında keçərdi.

Dahi rus yazıçısı Lev Tolstoy yazırdı: “Sənət əsərinin insanların xoşuna gəlməsi üçün bu əsər xeyirxah hisslər ilə dolu olmalıdır, bu əsərdə müəllifin ürək çırpıntısı hiss olunmalıdır”. Faiq Mustafayev isə deyirdi: “Mən dirijorluq işimin əsas məqsədini musiqi sənətinin gözəl əsərlərinin təbliğində görürəm”.

Düzdür, sənətkar səhhəti ilə əlaqədar ömrünün sonlarında sevimli sənətindən ayrı düşmüşdü. Faiq Mustafayev bu gün aramızda olmasa da, onun musiqi irsi həmişə bizimlə olacaq. Təsəllimiz ondadır ki, Azərbaycan Televiziyası və Radiosunun fondunda dirijorun Azərbaycan və dünya klassiklərindən ifa etdiyi əsərlərin çoxlu lent yazıları qalır. O, eyni zamanda gözəl şəxsi keyfiyyətləri ilə də musiqi ictimaiyyətinin yaddaşında əbədi yaşayacaq.

Allah rəhmət eləsin.

 

Zemfira Qafarova

Musiqişünas

 

Mədəniyyət.- 2016.- 6 aprel.- S. 11.